Wednesday, 14 May 2025 09:26

Şahin Bağırov Milli Biznesin İnkişafı Forumunun üçüncü sessiyasında iştirak edib

 Bakıda “Biz islahatlara hazırıq” şüarı altında “Sərhəddə ticarət və idxal - ixrac proseslərinin asanlaşdırılması” mövzusuna həsr olunmuş Milli Biznesin İnkişafı Forumunun üçüncü xüsusi sessiyası keçirilib. Forum Dövlət Gömrük Komitəsinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupu çərçivəsində təşkil edilib.

 Forumda 180-dən çox dövlət və özəl sektor nümayəndələri bir araya gələrək, sərhəd-keçid məntəqələrində və gömrük proseslərində şəffaflığın, rəqəmsallaşmanın və effektivliyin artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

 Forumun açılışında Milli Biznesin İnkişafı Forumunun Təşkilat Komitəsinin sədri Günel Quliyeva çıxış edərək iştirakçılara forum və onun məqsədi haqqında ətraflı məlumat təqdim edib. Daha sonra “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev iştirakçılara “Caspian Energy Club”ın fəaliyyəti və Milli Biznesin İnkişafı Forumu barədə ətraflı məlumat verib. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığımız bu il də qarşılıqlı hörmət və açıq dialoq mühitində davam edir. Komitənin sədri cənab Şahin Bağırovun rəhbərliyi ilə həyata keçirilən islahatlar, xüsusilə rəqəmsallaşma və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, sahibkarların gündəlik fəaliyyətinə pozitiv təsir göstərir. Bu prosesi diqqətlə izləyirik, bu transformasiyanın daha da dərinləşməsi bizi sevindiri”, – Telman Əliyev bildirib.

 Onun sözlərinə görə, “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupu çərçivəsində son illərdə aparılan müzakirələr nəticə verir. “Bizim üçün sevindirici haldır ki, sahibkarların səsləndirdiyi bir sıra məsələlər qanunvericilikdə öz əksini tapıb, bəzi təkliflər isə hazırda müzakirə mərhələsindədir. Əməkdaşlıq formatı dəyişmir – açıq dialoq, qarşılıqlı anlayış və ümumi məqsəd: daha sadə, daha şəffaf və daha effektiv sərhəd prosedurları”, – deyə o əlavə edib.

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Biznesin İnkişafı Forumunun açılış mərasimində iştirak edərək, iştirakçılara Komitənin fəaliyyət istiqamətləri barədə məlumat verib. Panel müzakirələrində spiker qismində çıxış edən sədr sərhəd və gömrük proseslərinin sadələşdirilməsi istiqamətində görülən işlər, elektron xidmətlərin tətbiqi, sahibkarlığın təşviqi, biznesin gömrük prosedurlarında qarşılaşdığı maneələrin aradan qaldırılması və idxal-ixrac əməliyyatlarının şəffaflaşdırılması ilə tətbiq edilən yeniliklər haqqında iştirakçılara ətraflı məlumat təqdim edib.

 “Uzun illər ərzində Dövlət Gömrük Komitəsi və “Caspian Energy Club” arasında səmimi dostluq və möhkəm işgüzar əlaqələr formalaşıb. Bu münasibətlər Komitə üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlət Gömrük Komitəsi bu münasibətləri yüksək dəyərləndirir və “Caspian Energy Club” üzvlərinin irəli sürdüyü təklif, sual və müraciətlərinə hər zaman böyükdiqqətlə yanaşır”, – deyə Şahin Bağırov bildirib və əlavə edib ki, Komitə biznes strukturları ilə əməkdaşlığın optimallaşması məsələsinin müzakirəsinə daim açıqdır.

 “Dövlət Gömrük Komitəsi “Caspian Energy Club” tərəfindən təqdim edilən platformalarda şəffaf və açıq dialoq ənənəsini davam etdirməyə hər zaman hazırdır”, – Şahin Bağırov qeyd edib.

 Panel müzakirələrin moderatorları qismində Telman Əliyev və “ASE Şirkətlər Qrupu”nun direktoru, “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü Rəşad Abasov çıxış edərək iştirakçıların suallarını yönləndirib, müzakirəyə çıxarılan mövzu üzrə praktiki təcrübələri və aktual məsələləri diqqətə çatdırıblar.

 Sessiyanın sonunda iştirakçılar arasında açıq və interaktiv dialoq təşkil olunub. Sahibkarlar gömrük orqanlarının nümayəndələrinə mövcud çətinliklər, sərhəd keçid məntəqələrində üzləşdikləri inzibati maneələr və gömrük prosedurlarının daha da səmərəli təşkili üçün təkliflərini təqdim ediblər.

 Milli Biznesin İnkişafı Forumunun sonunda iştirakçılara ənənənəvi “networking” üçün çay- kofe mərasimi təşkil edilib. Bu hissədə forumda iştirak edən özəl sektor nümayəndələri Dövlət Gömrük Komitəsinin rəhbər heyəti və idarə rəisləri ilə qeyri-rəsmi şəraitdə səmimi müzakirələr apararaq əməkdaşlıq perspektivlərini müəyyən edib, həmçinin fəaliyyətlərini asanlaşdıra bilən təklifləri dövlət rəsmilərinin diqqətinə çatdırıb və bu təkilfləri birlikdə dəyərləndiriblər.

 

“Caspian Energy Club” haqqında qısa məlumat

 2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır.

 “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədilərinən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

 “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət qöstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır.

 “Caspian Energy Club International” tərəfindən idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda, Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

 2004-cü ildən fəaliyət göstərən “Caspian Energy Event Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum” və iqtisadiyyatın fərqliistiqamətlərini əhatə edən beynəlxaq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edən beynəlxalq şirkətidir.

 “Caspian Energy International Media Group” 1999-cu ildən fəaliyyət göstərir və “Caspian Energy Club”ın dəstəyi ilə 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy International Media Group”un fəaliyyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır və 20-dən çox ölkəsində əlavə çap olunur.

 2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

 1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Research Group” PR, marketinq, sosioloji və ictimai rəy araşdırmaları keçirən, transmilli, regional dövlət və nəhəng özəl holdinglər üçün geniş miqyaslı konsaltinq xidmətlərini göstərən investisiya-konsaltinq şirkətidir.

 1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Entertainment Group” fərqli ölkələrdə “Caspian Energy CUP” çərçivəsində idman yarışmaları, intelektual və əyləncə oyunları təşkil edən beynəlxalq şirkətdir.

Read 42 times Last modified on Wednesday, 14 May 2025 09:33

 

NEWS