AÇG
"Günəşli" yatağında qaz ehtiyatlarının 4–6 trilyon kubfut (113–168 milyard kubmetr) həcmində olduğu qiymətləndirilir. "Azəri" sahəsində isə ehtiyatların dəqiq həcminə dair qiymətləndirmə hələ aparılmayıb və bu istiqamətdə işlər ilkin mərhələdədir.
Bunun "Bakı Enerji Həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib. Qordon Birrell qeyd edib ki, AÇG blokunda mövcud yeni qaz potensialı layihənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku dünyanın ən iri neft yataqları sırasındadır. Blokun istismara verildiyi vaxtdan burada 4 milyard bareldən çox neft hasil edilib.
"Qaz ehtiyatları blokun iki əsas hissəsində — "Günəşli" və "Azəri" sahələrində cəmləşib. Hər iki istiqamətdə resursların dəqiq həcmi ilə bağlı müəyyən qeyri-müəyyənlik hələ də qalır. İlk hasilat quyusunun qazılmasında əsas məqsəd layın dinamikası barədə yeraltı məlumatların əldə edilməsi və mövcud qeyri-müəyyənliyin azaldılmasıdır", — Qordon Birrell deyib.
Geoloji-kəşfiyyat işlərinin nəticələrinə dair dəqiq məlumatların hələ tam formalaşmamasına baxmayaraq, bu həftə AÇG layihəsinin operatoru olan bp şirkəti birgə müəssisənin iştirakçıları — SOCAR, MOL, "INPEX", "ExxonMobil", TPAO və "ONGC Videsh" adından Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG blokunda sərbəst təbii qaz (STQ) hasilatına başlanıldığını açıqlayıb.
Mövcud "West Chirag" platformasından qazılmış ilk sərbəst təbii qaz (STQ) quyusu ilkin hasilatın təmin edilməsi ilə yanaşı, lay və qaz axını barədə mühüm məlumatların əldə olunmasına imkan verir. Bu məlumatlar resurs bazasının qiymətləndirilməsi və qaz yatağının gələcəkdə tammiqyaslı işlənməsi ilə bağlı qərarın qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AÇG-də STQ hasilatı ötən il qazılmış ilk istismar quyusu vasitəsilə həyata keçirilir. Quyu neft laylarının altında yerləşən Qırmaki Yuxarı Qum Daşı (Qirmaki Upper Sand) və Qırmaki Aşağı Qum Daşı (Qirmaki Lower Sand) laylarına istiqamətləndirilib.
AÇG-nin işlənməsi yataqlar bloku üzrə mövcud Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) 20 sentyabr 2024-cü ildə edilmiş dəyişikliklər əsasında həyata keçirilir. Sözügedən əlavə AÇG üzrə mövcud HPBS-in qüvvədəolma müddətinin başa çatdığı 2049-cu ilin sonunadək qüvvədə olacaq.
Növbəti 23 il ərzində STQ hasilatı üzrə kəşfiyyat işlərinin aparılması və ehtiyatların qiymətləndirilməsi şərtilə AÇG bloku çərçivəsində sərbəst qaz yataqlarının tammiqyaslı işlənməsinə milyardlarla dollar həcmində investisiya yatırılması potensialı mövcuddur.
AÇG tərəfdaşlarının STQ layihəsindəki iştirak payları, mövcud AÇG məhsulun pay bölgüsü sazişindəki payları ilə eynidir: bp — operator (30,37%), SOCAR (35,3%), MOL (9,57%), "INPEX" (9,31%), "ExxonMobil" (6,79%), TPAO (5,73%) və "ONGC Videsh" (2,92%).
Abşeron layihəsi
"Abşeron" layihəsi yeni quyuların qazılmasını, 140 kilometrlik sualtı boru kəmərinin tikintisini, həmçinin qaz və kondensatın çoxfazalı nəqli üzrə həllərin tətbiqini nəzərdə tutur.
Bu barədə “TotalEnergies” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Emmanuel de Giyebon Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, "Abşeron" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hər birindən sutkada təxminən 40 min barrel neft ekvivalenti hasil ediləcəyi gözlənilən üç yeni quyunun qazılması planlaşdırılır. Bu hasilatın təxminən 30 faizinin kondensatın, 70 faizinin isə qazın payına düşəcəyi gözlənilir.
O bildirib ki, layihə çərçivəsində uzunluğu təxminən 140 kilometr olan sualtı boru kəməri inşa ediləcək. Bu kəmər hasilat platformalarından istifadə edilmədən quyuların sahildəki obyektlərlə birbaşa əlaqəsini təmin edəcək.
Onun sözlərinə görə, yatağın erkən işlənmə mərhələsindəki mövcud hasilat da nəzərə alınmaqla, layihə üzrə ilkin hasilat səviyyəsi sutkada təxminən 120 min barrel neft ekvivalenti təşkil edəcək.
Bakıda iyunun 1-3-də keçirilən Bakı Enerji Həftəsi çərçivəsində "Abşeron" yatağından Türkiyəyə uzunmüddətli qaz tədarükünə dair saziş də imzalanıb. Sənəd Bakıda keçirilən görüş çərçivəsində SOCAR, “TotalEnergies”, XRG və “BOTAŞ” arasında imzalanıb. Tərəflər, xüsusilə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi üzrə görülən işlərin gedişini müzakirə ediblər.
Qeyd edək ki, "Abşeron" yatağı Xəzər dənizinin şelfində, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə və "Şahdəniz" yatağından 25 kilometr şimal-şərqdə yerləşir. Strukturun sahəsi təxminən 270 kvadrat kilometrdir. Yatağın çıxarıla bilən qaz ehtiyatları 350-400 milyard kubmetr həcmində qiymətləndirilir.
"Abşeron"da hasilata 2023-cü ilin iyulunda “JOCAP” operatorluğu ilə yatağın erkən işlənməsi mərhələsi çərçivəsində bir dərin dəniz quyusundan başlanılıb.
SOCAR, “TotalEnergies” və XRG yatağın işlənməsinin ikinci mərhələsi üzrə konsepsiyanı razılaşdırıblar. Bu mərhələ sualtı hasilatı və hasil olunan məhsulun sahilə nəqlini nəzərdə tutur. Quyular təxminən 500 metr dərinlikdə qazılacaq və onların ümumi uzunluğu 7 min metri ötəcək. Bu göstərici onları Xəzər dənizində ən dərin quyular sırasında yerləşdirəcək.
İkinci mərhələnin pik dövründə sutkada 12,7 milyon kubmetrədək qaz (ildə təxminən 4,5 milyard kubmetr) və 37 min barrel kondensat hasil etmək mümkün olacaq. Hasilata 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində başlanılması gözlənilir.
Qarabağ layihəsi
bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə geoloji kəşfiyyat üzrə vitse-prezidenti Den Sparks Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib ki, Xəzər hövzəsində layihələrin həyata keçirilməsi yalnız hasilatın və infrastrukturun inkişafını təmin etmir, həm də uzunmüddətli texnoloji və istehsal imkanlarının formalaşmasına, o cümlədən fabrikasiya sahələrinin və insan kapitalının inkişafına şərait yaradır.
D. Sparks qeyd edib ki, "Qarabağ" layihəsi Xəzər regionunda sualtı modulların (subsea bundles) istehsalı üzrə dünyada ikinci kompleksin yaradılmasını nəzərdə tutur.
Onun sözlərinə görə, bu modullar bir neçə boru kəməri xəttini və kommunikasiyanı vahid blokda birləşdirməyə imkan verir. Belə bloklar ixtisaslaşdırılmış borudöşəyən gəmilərdən istifadə edilmədən nəql oluna və quraşdırıla bilər.
"Regionda texnoloji imkanların inkişafı, o cümlədən Xəzər hövzəsində sənaye üçün mühüm amilə çevrilmiş yeni seysmik metodların tətbiqi davam edir", – deyə o bildirib.
O, xüsusilə "Şahdəniz" yatağı üzrə yeni seysmik məlumatların əldə olunmasını və onların emalını qeyd edib. Bildirib ki, yatağın 30 illik istismarına baxmayaraq, yeni məlumat emalı texnologiyalarından istifadə etməklə onun tədqiqi davam etdirilir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində bildirib ki, hazırda mühəndislik işləri aparılır və yekun investisiya qərarının gələn ilin ortalarına qədər qəbul ediləcəyi gözlənilir.
"Biz "Qarabağ"ı peyk yataq kimi inkişaf etdirməyə çalışırıq. Bu, Xəzər regionunda mövcud infrastrukturdan yeni yataqların işlənməsi üçün istifadə etməyə imkan verəcək və mühüm mərhələ olacaq", – deyə C. Kristofoli bildirib.
Qeyd edək ki, "Qarabağ" müqavilə sahəsi Bakıdan 120 kilometr şərqdə, dənizin 150-200 metr dərinliyində, "Azəri-Çıraq-Günəşli" və "Aşrafi-Dan Ulduzu-Aypara" müqavilə sahələrinin yaxınlığında yerləşir.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon tondan çox neft təşkil edir.
Bu yaxınlarda bp "Qarabağ" yatağında “Ocean Bottom Node” (OBN) metodu ilə dəniz dibinin seysmik tədqiqatını tamamlayıb. İşlər 2025-ci ilin dekabrında başlayıb və 2026-cı ilin mart ayının ortalarında başa çatdırılıb.
Xəzərdə layihələr
SOCAR Azərbaycanda geoloji kəşfiyyat işlərinin sürətləndirilməsi imkanlarını nəzərdən keçirir.
Bu barədə SOCAR-ın vitse-prezidenti Arzu Cavadova Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, layihələr müəyyən meyarlar əsasında seçilir. Bu zaman onların hansının müstəqil şəkildə həyata keçirilə biləcəyi, hansının isə risklərin və xərclərin bölüşdürülməsi üçün tərəfdaşların cəlb olunmasını tələb etdiyi nəzərə alınır.
O həmçinin vurğulayıb ki, şirkət geologiya və yeraltı tədqiqatlar üzrə mütəxəssislərdən ibarət komandanın formalaşdırılması, yeni alətlərin tətbiqi və məlumatların təhlili istiqamətində fəaliyyətini gücləndirib.
"Hazırkı strategiya çərçivəsində geoloji kəşfiyyat işləri üç əsas istiqamətdə aparılır: quruda, Orta Xəzərin akvatoriyasında və Cənubi Xəzərdə. Quruda isə Şamaxı-Qobustan, Yevlax-Ağcabədi və digər perspektivli zonalar müəyyən edilir", – deyə o bildirib.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, Xəzərin dəniz hissəsində daha dərin horizontlar, o cümlədən məhsuldarlıqdan əvvəlki laylar nəzərdən keçirilir. Bir sıra layihələr isə artıq qazma işlərinə başlamağa hazırlıq mərhələsindədir.
Bakı Enerji Həftəsinin auditoriyasının xüsusi diqqətini həm həyatın bütün sahələrinə, həm də Azərbaycanın və region ölkələrinin iqtisadiyyatına çoxşaxəli təsir baxımından analoqu olmayan uzunömürlü layihə – "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi cəlb edib.
SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində bildirib ki, 20 sentyabr 1994-cü ildən həyata keçirilən AÇG layihəsi strateji neft-qaz infrastrukturu layihəsinə çevrilib.
Neft-qaz sənayesinin upstream sektorunun – hasilat və yataqların işlənməsi sahəsinin – qarşılaşdığı əsas çağırışlar dəyişsə də, AÇG-nin aktuallığı yeni qaz ehtiyatlarının aşkarlanması və dünya bazarındakı konyunktura ilə şərtlənir.
"Əvvəllər neft və qaz hasilatının əsas mənbəyi yeni yataqların kəşfi, yeni regionların işlənməsi və iri, xüsusilə dəniz layihələrinin həyata keçirilməsi idi. Bu gün isə əsas məsələ yalnız yeni kəşflərlə bağlı deyil. Başlıca vəzifə mövcud yataqlardan daha çox dəyər əldə etmək, mövcud infrastrukturdan səmərəli istifadə etmək və bu prosesləri sürətləndirməkdir", – deyə ekspert bildirib.
Babək Hüseynov vurğulayıb ki, fəaliyyətdə olan yataqlarda hasilatın bərpa əmsalının cəmi 1 faiz artırılması belə uzun illər ərzində enerji tələbatının təmin olunmasına əhəmiyyətli töhfə verə bilər.
Bu kontekstdə SOCAR-ın vitse-prezidenti "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsini və AÇG-dən assosiasiya olunmamış qazın hasilatı ilə bağlı mühüm mərhələni nümunə göstərib.
"Son 30 il ərzində AÇG dünyanın ən iri neft yataqlarından biri kimi tanınır. Lakin bu gün biz bu layihəyə yalnız neft yatağı kimi baxmırıq. AÇG artıq həm neft, həm də qaz potensialına malik strateji enerji infrastrukturu layihəsidir. Layihənin laylarının altında əhəmiyyətli həcmdə resurslar yerləşir və bp ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən inkişaf proqramları bizi son dərəcə ruhlandırır", – deyə o əlavə edib.
Babək Hüseynov Azərbaycanın enerji sektorunda mühüm yer tutan "Abşeron" qaz-kondensat yatağının işlənməsi zamanı ilk qaz hasilatına daha sürətli çıxışın təmin edilməsini, son hasilat əmsalının yüksəldilməsini, layihə həllərinin sadələşdirilməsini və kapital intizamına riayət olunmasını əsas prioritetlər kimi göstərib.
"Bu layihələrin həm tərəfdaşlarımız, həm də Azərbaycan üçün iqtisadi baxımdan səmərəli olması vacibdir. Buna görə də onlar sadəlik, sürət və maliyyə intizamı prinsipləri əsasında həyata keçirilməlidir", – deyə o qeyd edib.
SOCAR nümayəndəsi həmçinin "Qarabağ" yatağının işlənməsinin fərqli inkişaf modelini nümayiş etdirdiyini bildirib.
Onun sözlərinə görə, layihə mövcud infrastrukturun imkanlarından istifadə edilməklə həyata keçirilir və bu yanaşma "infrastruktur yönümlü inkişaf" modeli kimi tanınır.
"Qarabağ" layihəsində çevik sualtı bağlantı həllərindən istifadə olunur. Mövcud infrastruktura inteqrasiya layihənin icra müddətini qısaldır və hasilata daha sürətli başlamağa imkan verir. Bu infrastruktur Azərbaycanın enerji sektorunun ən dəyərli aktivlərindən biridir", – deyə Babək Hüseynov vurğulayıb.
Amerikanın “ExxonMobil” şirkəti Azərbaycanda karbohidrogen ehtiyatlarının qeyri-ənənəvi üsullarla işlənməsi imkanlarını araşdırır və əvvəllər ABŞ-ın neft və qaz hasilatında dünya liderinə çevrilməsinə imkan verən texnologiyaların ölkədə tətbiqi perspektivlərini qiymətləndirir.
Bu barədə ExxonMobil-in qlobal kəşfiyyat üzrə vitse-prezidenti Con Ardill Bakı Enerji Forumunun "Kəşfiyyat və hasilat – yeni üfüqlər" sessiyasında bildirib.
O xatırladıb ki, üfüqi qazma və layların hidravlik yarılması texnologiyalarının tətbiqi sayəsində ABŞ son iki onillikdə karbohidrogen hasilatını əhəmiyyətli dərəcədə artıraraq dünyanın ən böyük neft və qaz istehsalçısına çevrilə bilib.
“ExxonMobil” nümayəndəsinin sözlərinə görə, "bu texnologiyaları beynəlxalq bazarlara çıxararkən üç əsas amili nəzərə alırıq: uyğun geoloji struktur, kommersiya cəlbediciliyi və möhkəm tərəfdaşlıq modeli", – deyə Ardill vurğulayıb.
Müasir texnologiyalar sayəsində neft yataqlarında hasilatın bərpa əmsalı 50 faizdən, qaz yataqlarında isə 70 faizdən yüksək ola bilər.
Vitse-prezident vurğulayıb ki, ABŞ-da 1980-1990-cı illərdə üfüqi qazma və layların hidravlik yarılması texnologiyalarının inkişafı ilə başlayan proses sonradan digər hövzələrə də yayılıb. “ExxonMobil” təxminən 20 il əvvəl bu istiqamətdə strateji mövqe tutub və o vaxtdan etibarən bu sahəyə investisiyalarını mərhələli şəkildə artırır.
Con Ardill bildirib ki, hazırda Perm hövzəsində hasilat sutkada təxminən 1,6 milyon barrel təşkil edir və yaxın gələcəkdə bu göstəricinin 1,8 milyon barrelə çatdırılması planlaşdırılır.
"Bu təcrübə göstərir ki, texnoloji inkişafın sürətlənməsi ilə baş verən dəyişikliklərin müddəti də qısalır. Əvvəllər belə transformasiya 20 il çəkirdisə, indi 5-10 il ərzində baş verə bilər", – deyə o qeyd edib.
Şirkət nümayəndəsi dərin dəniz layihələrinin də bu tendensiyanın başqa bir nümunəsi olduğunu bildirib. O, Qayana kimi regionların yeni rekordlar müəyyənləşdirdiyini və Anqolanı qabaqladığını qeyd edib.
O əlavə edib ki, hasilatın bərpa əmsalının artırılması yataqların istismar müddətini əhəmiyyətli dərəcədə uzada bilər və bu amil şirkətlərin beynəlxalq səviyyədə strategiyasına təsir göstərir.
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri SOCAR-ın idarəetməsinə veriləcək.
Bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli "Bakı Enerji Forumu" çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu proses üzrə müqavilə öhdəliyinin icra müddəti iyulun 1-i müəyyən edilib və şirkət bu qrafikə tam şəkildə riayət edir. O vurğulayıb ki, söhbət bp-nin aktivdən çıxmasından deyil, müqavilə öhdəliklərinin yerinə yetirilməsindən gedir.
"SOCAR-ın operator qismində çıxış edə bilməsi üçün genişmiqyaslı hazırlıq işləri aparılıb. Şirkət boru kəmərinin səmərəli idarə olunması üçün zəruri təcrübə və imkanlara malikdir", – deyə o bildirib.
Onun sözlərinə görə, neft qiymətlərində qısamüddətli dəyişikliklər şirkətin investisiya qərarlarına təsir göstərmir.
Qeyd edək ki, hələ 2025-ci ilin dekabrında bp Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərində operatorluğun ötürülməsi üçün zəruri tədbirlərin vaxtında planlaşdırılması məqsədilə aidiyyəti qurumlarla müzakirələrin aparıldığını açıqlamışdı.
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından hasil olunan nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçirməklə nəql edir. Kəmər Xəzər dənizinin sahilində yerləşən Səngəçal terminalını Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan dəniz terminalı ilə birləşdirir.
Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan neftinin nəqli də davam etdirilir. 2006-cı ilin iyununda istismara verilən kəmər “Baku-Tbilisi-Ceyhan Pipeline Company” (BTC Co.) tərəfindən inşa edilib. Şirkətin operatoru bp-dir.
BTC Co.-nun səhmdarları: bp – 30,10%; SOCAR – 32,97%; MOL – 8,90%; TPAO – 6,53%; “Eni” – 5,00%; “TotalEnergies” – 5,00%; “ITOCHU” – 3,40%; “ONGC Videsh” – 3,10%; “ExxonMobil” – 2,50%; INPEX – 2,50%.
Bərpa olunan enerji
Azərbaycan və ABŞ nadir torpaq metallarının hasilatı və tədarükü üzrə çərçivə sazişi imzalayıb.
Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə köməkçisi Kaleb Orr imzalayıblar. Saziş Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.
Qeyd edək ki, Ermənistan və ABŞ arasında analoji saziş daha əvvəl ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı imzalanıb.
Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti Con Ardill ilə görüşüb. Görüşdə SOCAR və “ExxonMobil Corporation” arasında enerji sektorunda uzunmüddətli tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.
"Azərenerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, "Qazaxıstan Elektrik Şəbəkələrinin İdarə Edilməsi Şirkəti" (KEGOC) ASC-nin İdarə Heyətinin sədri Nəbi Aytjanov və "Özbəkistan Milli Elektrik Şəbəkələri" ASC-nin İdarə Heyəti sədrinin müavini Feruz Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, yeni texnologiyaların tətbiqi və bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası məsələlərinin müzakirə edildiyi görüşdə Azərbaycanda yaxın zamanda istifadəyə verilmiş 250 MVt gücündə və 500 MVt/saat tutumunda akkumulyator əsaslı enerji saxlanc sistemləri (BESS) ilə bağlı təcrübə mübadiləsi aparılıb.