Telecom Journal (TJ): Son illərdə Bolqarıstanın telekommunikasiya bazarının inkişafını necə qiymətləndirirsiniz?
Bolqarıstan Respublikasının nəqliyyat, informasiya texnologiyaları və kommunikasiya naziri İvaylo Moskovski: Bolqarıstanın telekommunikasiya bazarı liberallaşdırılıb və bu bazarda fəaliyyət göstərən bütün müəssisələr özəl şirkətlərdir. Elektron rabitə sistemlərinin tətbiqi ilə bağlı ictimai münasibətlər, o cümlədən elektron kommunikasiya şəbəkələrinin və xidmətlərinin idarə edilməsi, tənzimlənməsi, nəzarəti, təchizatı və istifadəsi "Elektron rabitə haqqında" qanun çərçivəsində tənzimlənir. Qanun Avropa İttifaqının elektron kommunikasiya şəbəkələri və xidmətləri üzrə yenilənmiş hüquqi bazasına uyğunlaşdırılıb.
"Elektron rabitə haqqında" qanun sektorun fəaliyyətinə və inkişafına görə məsuliyyət daşıyan qurumları müəyyən edir. Bunlara Nazirlər Şurası, Milli Radiotezlik Spektri Şurası, Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi, eləcə də Rabitələrin Tənzimlənməsi Komissiyası daxildir.
Nazirlər Şurası, Milli Radiotezlik Spektri Şurası və Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi elektron rabitə sistemləri sektorunun dövlət idarəçiliyini həyata keçirirlər.
Rabitələrin Tənzimlənməsi Komissiyası (RTK) elektron rabitə və poçt xidmətləri sahəsində siyasəti həyata keçirir. RTK elektron kommunikasiyalara nəzarət və onların tənzimlənməsi səlahiyyətinə malik xüsusi və müstəqil dövlət orqanıdır. Obyektivlik və şəffaflıq prinsipləri, eləcə də Bolqarıstan qanunvericiliyi əsasında RTK ölkənin telekommunikasiya bazarında rəqabətin genişləndirilməsinə çalışır.
Milli tənzimləyici qurum sektorun investisiya cəlbediciliyinin artırılması, yeni rabitə texnologiyalarının inkişafı və Bolqarıstanda son istifadəçilərin hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir.
Rabitələrin tənzimlənməsi orqanı vasitəsilə "Elektron rabitə haqqında" Qanun dövlət qurumlarının səlahiyyətlərini aydın şəkildə bölüşdürür və rəqabətli bazar üçün zəruri olan elektron kommunikasiyalar sahəsində siyasətin əsaslarını müəyyən edir.
Bazar vəziyyətini və tənzimləmə sahəsindəki dəyişiklikləri nəzərə alsaq, 2010-cu ildə sabit rabitə (telefon rabitəsi, məlumat ötürülməsi və internet) və mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin azalması tendensiyası davam edib. Bununla yanaşı, əvvəlki illə müqayisədə elektron rabitə sektoruna yatırılan ümumi investisiyaların artımı qeydə alınıb.
2010-cu ilin sonuna Bolqarıstanın telekommunikasiya sektorunun ümumi dövriyyəsi 1 milyard 607 milyon avro təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 5,5 faiz azdır. Sabit və mobil rabitə sektorlarının gəlirləri müvafiq olaraq 353 milyon avro (2009-cu ildə 414 milyon avro) və 1 milyard 38 milyon avro (2009-cu ildə 1 milyard 97 milyon avro) olub.
Sabit rabitə operatorlarının, o cümlədən bazarın əsas iştirakçısının, eləcə də mobil rabitə operatorlarının ümumi investisiyaları müvafiq olaraq 240 milyon avro (bir il əvvəl qeydə alınmış 94 milyon avro ilə müqayisədə) və 149 milyon avro təşkil edib.
Sabit rabitə sektorunda milli zənglərin trafik həcminə görə bazarın əsas iştirakçısının payı 2009-cu ildəki 95,1 faizdən 93,6 faizə düşüb. Beynəlxalq zənglərin trafik həcmində isə onun payı 71,8 faizdən 79,7 faizə yüksəlib. Ümumilikdə, 2010-cu ildə bütün zəng növləri üzrə trafik həcmində bazarın əsas iştirakçısının payı əvvəlki ildə qeydə alınmış 94,1 faizdən 92,7 faizə enib.
2011-ci ilin iyul ayında abunəçilərin 24,2 faizi sabit rabitə xidmətlərinə birbaşa çıxış üçün alternativ provayderlərdən istifadə edib. Bu, bir il əvvəl qeydə alınmış göstəricidən 67,1 faiz çoxdur. Abunəçilərin müvafiq olaraq 24,2 və 24,3 faizi milli və beynəlxalq zənglər üçün alternativ provayderlərin xidmətlərindən yararlanıb. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 71 və 72,6 faiz artım deməkdir.
Rabitələrin Tənzimlənməsi Komissiyasının məlumatına görə, 2011-ci ilin dekabrında 21 şirkət sabit telefon rabitəsi xidmətləri təklif edib. Sabit rabitə şəbəkəsi vasitəsilə səs trafikinin həcmi 13,6 faiz azalıb ki, bu da əvvəlki illə müqayisədə 18 faizlik geriləmə deməkdir. Sabit rabitə zənglərindən əldə olunan gəlirlər isə təxminən 15 faiz azalıb.
2011-ci ildə paket xidmətlərin təklifi əhəmiyyətli dərəcədə genişlənib. Həmin ilin iyul ayında paket xidmətlərin yayılma səviyyəsi 18,2 faizə çatıb ki, bu da əvvəlki ilin göstəricisindən 125 faiz çoxdur. Bir paketdə kabel televiziyası və genişzolaqlı internetə çıxış təklif edən "double play" xidmətlərinin yayılma səviyyəsi 6,7 faiz, "triple play" xidmətlərinin göstəricisi isə 2,9 faiz olub.
RTK-nın məlumatına əsasən, 2011-ci ildə 92 şirkət kompleks xidmət paketləri təklif edib. Onlardan 72-si kabel televiziyası və genişzolaqlı internetə çıxışı birləşdirən "double play" xidmətləri göstərib.
2011-ci ilin oktyabrında mobil rabitənin yayılma səviyyəsi 2010-cu ilin eyni dövründəki 134 faizdən 145 faizə yüksəlib. Abunə haqqı əsasında mobil rabitə xidmətlərindən istifadə edən müştərilərin payı 67,7 faizə çatıb. Öncədən ödənişli mobil rabitə xidmətlərindən istifadə edən abunəçilərin payı isə 2010-cu ildə 35 faizdən 32,3 faizə düşüb.
2010-cu ildə mobil xidmətlərin payına elektron rabitə sisteminin ümumi gəlirlərinin 65 faizi və ümumi investisiyaların 36 faizi düşüb. Bir abunəçidən əldə olunan orta gəlir 26 faiz azalaraq 77 avro təşkil edib.
2011-ci ilin oktyabrında abunəçilərin sayına görə ən böyük mobil operatorun bazar payı 2010-cu ilin eyni dövründəki 51,9 faizdən 46,3 faizə enib. Həmin müddətdə əsas rəqibin bazar payı 32,6 faizdən 34,9 faizə, üçüncü operatorun payı isə 15,5 faizdən 18,9 faizə yüksəlib.
2012-ci ilin yanvarında əhali arasında sabit genişzolaqlı internetin yayılma səviyyəsi 16 faizə çatıb. Bir il əvvəl bu göstərici 14,9 faiz idi. Bununla belə, Bolqarıstanın göstəricisi müvafiq dövrdə 26,6 faizdən 27,8 faizə yüksələn Avropa İttifaqının orta göstəricisindən xeyli aşağı olub.
Yaşayış sektorundakı istifadəçilərin 40,9 faizi sabit genişzolaqlı internet xətlərindən yararlanıb. Pərakəndə sabit genişzolaqlı internet xətlərinin ümumi sayı 2011-ci ilin yanvarında qeydə alınmış 1 milyon 125 min 590 xətlə müqayisədə 2012-ci ilin yanvarında 1 milyon 201 min 809-a çatıb. Bazarın əsas iştirakçısının payına sabit genişzolaqlı internet xətlərinin yalnız 30 faizi düşür. Genişzolaqlı internet xidmətləri bazarı 599 operatorun fəaliyyət göstərdiyi parçalanmış strukturunu qoruyub.
DSL texnologiyası əsasında pərakəndə xidmətlər bazarında demək olar ki, rəqabət yoxdur, çünki Bolqarıstanın telekommunikasiya bazarında DSL xətlərini yalnız əsas bazar iştirakçısı təqdim edir. Bütün aktiv genişzolaqlı internet xətləri arasında DSL-in payı 2012-ci ilin yanvarında 30 faiz təşkil edib. 2010-cu ilin yanvarında bu göstərici 30,6 faiz idi.
Fiber-optik rabitənin inkişafına gəlincə, binayadək fiber-optik xətt (FTTB) və mənzilədək fiber-optik xətt (FTTH) bağlantılarının ümumi sayı 208 633, yəni genişzolaqlı internet xətlərinin ümumi sayının 17 faizinə çatıb.
2012-ci ilin yanvarında sabit genişzolaqlı internet xətlərinin təxminən 85,5 faizində yükləmə sürəti 10 Mbit/s təşkil edib, xətlərin təxminən 22,8 faizində isə bu sürət 30 Mbit/s-dən yüksək olub.
Kənd yerlərində genişzolaqlı internet xidmətləri çox vaxt kabel rabitəsi operatorları tərəfindən təqdim edilir. Bazarın əsas iştirakçısının təklif etdiyi DSL əsaslı topdansatış çıxış məhsullarına kommersiya marağının davamlı şəkildə aşağı olması səbəbindən bu bazar seqmentində rəqabət müşahidə edilmir. 2012-ci ilin yanvarında yalnız altı şirkət əsas bazar iştirakçısı ilə topdansatış çıxış məhsullarına dair müqavilə imzalayıb.
2012-ci ilin yanvarında mobil genişzolaqlı internetin yayılma səviyyəsi 14,4 faiz təşkil edib. Avropa İttifaqında bu göstərici orta hesabla 34,6 faiz olub. Məlumat ötürülməsi üçün xüsusi qurğulardan (kart, açar və modem) istifadə edən mobil genişzolaqlı internet abunəçilərinin sayı 265 min nəfərə çatıb.
Mobil genişzolaqlı internet vasitəsilə məlumat ötürülməsi üzrə Avropa İttifaqının orta göstəricisi ilə müqayisədə Bolqarıstan 3,5 faizlik göstərici ilə xeyli geridə qalıb. 2011-ci ildə dörd WiMAX (4G) operatorundan üçü bazarı tərk edib. Hazırda bazarda xidmət paketləri də daxil olmaqla rəqabətədavamlı təkliflər təqdim edən yalnız bir operator fəaliyyət göstərir.
Ümumilikdə, sabit telefon rabitəsindən mobil rabitəyə keçid tendensiyası üstünlük təşkil edir. Konvergent xidmətlər, xüsusilə paket təklifləri genişlənir. İnternet provayderləri, kabel rabitəsi operatorları, alternativ mobil rabitə və internet operatorları telekommunikasiya bazarında mövqelərini tədricən gücləndirirlər. Bununla belə, mobil internet xidmətlərinin daha da inkişaf etdirilməsinə ehtiyac var. Mobil rabitə xidmətlərinin gələcək inkişafı isə yeni abunəçilərin cəlb edilməsindən daha çox mövcud abunəçilərin operatorlar arasında yenidən bölüşdürülməsi hesabına baş verəcək.
Please login or subscribe to read the full article.
Login / Subscribe