Fevralın ortalarından, yəni təxminən səkkiz aydır ki, “Brent” markalı neftin qiyməti 70 dollardan aşağı düşməyib. 2025-ci ilin sonu ilə müqayisədə qiymət 65,7 faiz artaraq oktyabrda bir barel üçün 115 dolları ötüb. Halbuki 2025-ci il bir barel neftin 60,85 dollar qiyməti ilə başa çatmışdı.
“Eurostat”ın məlumatlarına görə, avqustda avrozonada inflyasiya 3,3 faizə çatıb. Bu, 2023-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir. Təkcə enerji qiymətləri il ərzində 14,3 faiz artıb.
Məhz buna görə də Avropa Mərkəzi Bankı depozit faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 2,50 faizə çatdırıb. ABŞ-də isə Federal Ehtiyat Sisteminin faiz dərəcəsi sentyabrın 16-da 3,75–4 faiz səviyyəsində müəyyən edilib. Oktyabrın 27–28-də keçiriləcək iclasda onun əvvəlki səviyyədə saxlanılacağı gözlənilir.
“Euronews”un Avropa ölkələrinin neft istehlakına dair təqdim etdiyi mənzərə dünya bazarlarında qiymət artımından asılılığın miqyasını göstərir. Neft hasil edən regionlarda baş verən istənilən münaqişə sənaye iqtisadiyyatlarının əlavə dəyər istehsalına və istehlak strukturuna təsir göstərərək onların nə dərəcədə həssas olduğunu üzə çıxarır.
2024-cü ildə Avropa İttifaqı 471,3 milyon ton xam neft idxal edib. Bununla müqayisədə, ittifaqın öz hasilatı cəmi 15,5 milyon ton təşkil edib.
“Eurostat”ın məlumatlarına əsasən, Aİ-nin idxal neftindən asılılığı 96,6 faizə çatıb. ABŞ, Qazaxıstan və Norveç hər biri ümumi idxalın 12–15 faizini təmin etməklə ittifaqın üç ən böyük neft tədarükçüsü olub. Onların ardınca 9 faizdən çox payla Liviya, 6,8 faizlə Səudiyyə Ərəbistanı, hər biri 5,8 faizlə Nigeriya və İraq gəlib.
Avropa İttifaqı Şurasının məlumatlarına görə, 2025-ci ildə Aİ-nin xam neft idxalının yalnız təxminən 7 faizi Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin payına düşüb.
İdxal həcminə görə Niderland digər Avropa ölkələrini xeyli qabaqlayır. “Eurostat”ın 2024-cü il üzrə məlumatlarına əsasən, ölkə 138,3 milyon ton neft və neft məhsulları idxal edib.
İkinci yerdə 117,8 milyon tonla Almaniya qərarlaşıb. Sonrakı yerləri 85,8 milyon tonla İspaniya, 82,4 milyon tonla Fransa, 73,3 milyon tonla İtaliya və 56,7 milyon tonla Belçika tutub.
Lakin bu rəqəmlərin izahına ehtiyac var. Rotterdam dünyanın ən böyük enerji mərkəzlərindən biridir. Niderland limanlarına daxil olan neftin əhəmiyyətli hissəsi emal olunur və ya digər Avropa ölkələrinə göndərilir.
Niderland idxal etdiyi 138,3 milyon ton neftin 101,1 milyon tonunu təkrar ixrac edib. Belçika da satın aldığı neftin yarıdan çoxunu yenidən ixrac edib.
Almaniya isə sənaye iqtisadiyyatının miqyasına, nəqliyyat şəbəkəsinə və neft emalı sektoruna görə faktiki olaraq iri neft idxalçısıdır. İspaniya, Fransa və İtaliya da daxili tələbatı ödəmək və böyük neft emalı zavodlarının fəaliyyətini təmin etmək üçün əhəmiyyətli həcmdə neft alır.
“Eurostat”ın məlumatına görə, 2024-cü ildə Aİ-də neft və neft məhsullarının son istehlakının 20,1 faizi Almaniyanın payına düşüb. Fransa 15,3 faizlə ikinci yerdə qərarlaşıb, İtaliya və İspaniyanın hər birinin payı isə 11,1 faiz təşkil edib.
Bu dörd ölkənin iqtisadiyyatı birlikdə Aİ-də neft və neft məhsullarının ümumi istehlakının təxminən 58 faizini təmin edib.
İdxal həcmləri hansı ölkələrin daha çox neft aldığını göstərsə də, qiymət artımından hansı iqtisadiyyatların daha ciddi zərər görəcəyini tam şəkildə açıqlamır.
Həssaslığı qiymətləndirmək üçün daha faydalı göstərici enerji daşıyıcılarının xalis idxalını milli iqtisadiyyatın miqyası və strukturu ilə müqayisə edir. Buna görə də “Eurostat” enerji xammalı üzrə xarici ticarət balansının kəsirini ÜDM-ə nisbətdə hesablayır.
2025-ci ildə Aİ-də ən böyük enerji ticarəti kəsiri Maltada qeydə alınıb. Bu göstərici ölkənin iqtisadi məhsulunun 5,4 faizinə bərabər olub. Sonrakı yerlərdə ÜDM-in 3,5 faizi həcmində kəsirlə Bolqarıstan, 3,4 faizlə Xorvatiya, 2,9 faizlə Macarıstan, 2,6 faizlə Belçika, 2,5 faizlə Lüksemburq və 2,4 faizlə Kipr qərarlaşıb.
İri iqtisadiyyatlar reytinqin orta hissəsində yer alıb. İtaliyanın enerji ticarəti kəsiri ÜDM-in 1,9 faizinə bərabər olub. İspaniya və Polşada bu göstərici 1,7 faiz, Almaniya və Fransada isə 1,5 faiz təşkil edib.
Ən aşağı kəsir Danimarkada — ÜDM-in 0,1 faizi, İsveçdə 0,5 faizi və Niderlandda 0,6 faizi səviyyəsində qeydə alınıb.
Danimarka bu üstünlüyünü özünün neft və qaz hasilatı hesabına əldə edir. Niderlandın mövqeyi isə onun iri emal və təkrar ixrac mərkəzi kimi rolunu əks etdirir.
İspaniyanın neft idxalından asılılığı — istehlakın xalis idxal hesabına təmin edilən hissəsi — 2024-cü ildə 100,3 faizə çatıb. Portuqaliyada bu göstərici 99,9 faiz, İrlandiyada isə 101 faiz olub. Beləliklə, hər üç iqtisadiyyat demək olar ki, tamamilə idxal olunan neft və neft məhsullarının tədarükündən asılıdır.
Malta 2024-cü ildə neftə olan tələbatının 99,6 faizini idxal hesabına təmin edib. Kiprdə bu göstərici 97,3 faiz təşkil edib. Nəqliyyat, aviasiya və turizmin iqtisadiyyatda böyük paya malik olması həmin ölkələrin həssaslığını daha da artırır.
Aİ-də istehlak olunan neftin təxminən üçdə ikisi nəqliyyat sektorunda istifadə olunur. Avropa İttifaqı Şurasının məlumatlarına görə, 2024-cü ildə ümumi neft istehlakının 47,7 faizi avtomobil nəqliyyatının payına düşüb. Hava nəqliyyatı əlavə 9,2 faiz, dəniz nəqliyyatı isə 8,4 faiz təşkil edib.
Bu struktur xüsusilə Cənubi Avropa ölkələri üçün əhəmiyyətlidir. Aviasiya kerosininin bahalaşması İspaniya, Portuqaliya, Yunanıstan, Kipr və Maltaya xidmət göstərən aviaşirkətlərin xərclərini artırır.
Dizel yanacağının qiymətinin yüksəlməsi isə logistika və təchizat zəncirlərinin bahalaşması vasitəsilə hotellərin, restoranların və pərakəndə ticarət müəssisələrinin xərclərinə təsir edir.
İlkin mərhələdə turizm şirkətləri bu xərclərin bir hissəsini öz üzərlərinə götürə bilərlər. Lakin neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı səviyyədə qalarsa, əlavə xərclərin aviabiletlərin və yaşayış xidmətlərinin bahalaşması yolu ilə istehlakçıların üzərinə düşməsi ehtimalı artacaq. “Euronews” belə hesab edir.
Neft idxalından ən az asılı olan ölkə Danimarkadır — 58,1 faiz. Onun ardınca 77 faizlə Rumıniya və 83,5 faizlə Macarıstan gəlir. İtaliyada bu göstərici 89,8 faiz, Almaniyada 96,9 faiz, Fransada isə 99,8 faiz təşkil edir.
Bununla belə, bu ölkələrin avrozonaya üzv olması maliyyə və ehtiyat mexanizmlərinin işə salınması vasitəsilə qiymət artımının iqtisadiyyatın istehsal sektoruna təsirini yumşaltmağa imkan verir. Avronun ucuzlaşması ixracın stimullaşdırılmasına, fiskal maneələrin aradan qaldırılması isə iqtisadi fəallığın dəstəklənməsinə şərait yarada bilər. Nəqliyyat sektorunun canlandırılması və inkişafı hesabına ixrac bazarlarını genişləndirmək də mümkündür.
Bu baxımdan, çevik və inkişaf edən iqtisadiyyatlar üçün, xüsusilə avrozonaya və Avropa İqtisadi Məkanına daxil olan ölkələrdə neftin bahalaşması prinsip etibarilə kritik amil olmaya, əksinə, yeni artım ehtiyatlarının aşkar edilməsinə təkan verə bilər.
İlkin enerji daşıyıcılarının qiymətləri daha da yüksəlsə belə, bərpa olunan enerji mənbələrinə keçid, resurslardan səmərəli istifadə və innovasiyalar uzun illər ərzində formalaşmış enerji asılılığını yumşaltmağa, hətta investisiya axınlarının istiqamətini dəyişməyə imkan verə bilər. Bu tendensiya ekoloji amilləri nəzərə alan ən böyük bankların və investisiya fondlarının fəaliyyətində də müşahidə olunub. Beləliklə, ekoloji gündəm yeni inkişaf perspektivləri qazana bilər.
ABŞ-yə gəldikdə isə, “OGJ” nəşrinin avqust ayında apardığı təhlil göstərib ki, seçmə qrupa daxil olan 38 Amerika neft hasilatçısı və emalçısı ikinci rüb üzrə ümumilikdə 439,1 milyard dollar gəlir əldə edib. Bu, bir il əvvəlki 299,3 milyard dollarla müqayisədə xeyli yüksək göstəricidir. Xalis mənfəət isə əvvəlki ilin 22,3 milyard dolları ilə müqayisədə 62,2 milyard dollara çatıb.
İlin ilk altı ayı üzrə gəlirlər 598,1 milyard dollardan 752,7 milyard dollara, xalis mənfəət isə 41,5 milyard dollardan 80,5 milyard dollara yüksəlib. Eyni dövrdə kapital qoyuluşları və kəşfiyyat xərcləri 54,3 milyard dollardan 59,8 milyard dollara çatıb.
Lakin yüksək neft qiymətlərindən yalnız neft şirkətləri faydalanmır. ABŞ Daxili İşlər Nazirliyi “Hearst Television”a açıqlamasında bildirib ki, 2026-cı maliyyə ilində federal torpaqlarda və sularda enerji resurslarının hasilatı ABŞ federal büdcəsinə 7,53 milyard dollar, ştatlara isə 6,6 milyard dollardan çox vəsait gətirib. Bundan əlavə, ətraf mühitin mühafizəsi tədbirləri üçün 1 milyard dollardan artıq vəsait ayrılıb.
Müqayisə üçün qeyd edək ki, nazirliyin məlumatına əsasən, 2025-ci maliyyə ilində federal büdcəyə 5,01 milyard dollar, ştatlara isə 4,07 milyard dollar köçürülüb.
Maraqlıdır ki, ABŞ iqtisadiyyatı əvvəlki dövrlərdə itirilmiş istehsal imkanlarını bərpa edir. Prezident Donald Trampın tətbiq etdiyi gömrük rüsumları da bu prosesə təsir göstərib: onlar yerli istehsalı idxalla müqayisədə daha sərfəli edə bilər. Digər tərəfdən, ehtiyat və strateji neft anbarları bazarda qiymətlərin formalaşmasına təsir göstərməklə riskləri yumşaldır.
Beləliklə, “Hearst Television Get the Facts”ın məlumatına görə, fevralın 28-də müharibə başlayandan bəri 20 ştatda benzinin qiyməti 50 faizdən çox artıb. Braun Universitetinin qiymətləndirməsinə əsasən, amerikalılar İranla müharibə olmasaydı xərcləyəcəkləri məbləğlə müqayisədə benzin və dizel yanacağına təxminən 143 milyard dollar artıq vəsait sərf ediblər.
Lakin bu vəsaitlər təyinatı üzrə ABŞ iqtisadiyyatına yönəldilərsə, xarici amillərin ölkənin dünyanın ən böyük iqtisadiyyatı olmaq ambisiyalarına təsir imkanları məhdudlaşa bilər.