Dilinizi seçin

SPOTLIGHT
Maliyyə Nazirliyinin proqnozu: Ortamüddətli perspektivdə Azərbaycan büdcəsinin formalaşmasında qeyri-neft gəlirləri əsas rol oynayacaq

2027-ci il üçün Azərbaycanın icmal büdcəsinin gəlirləri 47 milyard 619,2 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı il üçün təsdiq edilmiş göstərici ilə müqayisədə 2 milyard 649,8 milyon manat və ya 5,9 faiz çoxdur. Ortamüddətli dövrün sonuna, yəni 2030-cu ilə qədər isə icmal büdcə gəlirlərinin 52 milyard 705 milyon manata çatacağı gözlənilir. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 7 milyard 735,6 milyon manat və ya 17,2 faiz çoxdur.
"Caspian Energy Media" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı 2027–2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsində (MTEF) məlumat verilib.
Proqnozlara əsasən, 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərində payı 2027-ci ilin göstəricisi ilə müqayisədə 9,3 faiz bəndi artaraq 69,8 faizə çatacaq. Bu gəlirlərin mütləq ifadədə həcminin isə 19,2 faiz artaraq 28,3 milyard manat olacağı gözlənilir.
Resursların həcmi gəlirlərin proqnoz göstəriciləri, eləcə də büdcə qaydasına uyğun olaraq 2029-cu ilin sonunadək müəyyən edilmiş hədəf yuxarı hədləri nəzərə alınmaqla hesablanıb. Bu hədlərə icmal büdcənin qeyri-neft bazası üzrə kəsirinin qeyri-neft ÜDM-ə nisbəti, dövlət borcunun ÜDM-ə nisbəti, həmin çərçivədə cəlb edilə biləcək dövlət borcunun həcmi və Dövlət Neft Fondundan dövlət büdcəsinə illik transfertlərin yuxarı hədləri daxildir.
Proqnozlara görə, resursların həcmi gələn il 50,4 milyard manat, ortamüddətli dövrün sonunda isə 53,1 milyard manat təşkil edəcək.
2027–2030-cu illərdə dövlət büdcəsi kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətinin orta hesabla 2,2 faiz olacağı proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin məlumatına əsasən, dövlət büdcəsi kəsirinin yuxarı həddi 2027-ci ildə 3 milyard 146 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3 milyard 342 milyon manat, 3 milyard 554,1 milyon manat və 3 milyard 659,5 milyon manat səviyyəsində nəzərdə tutulur.
Dövlət büdcəsi kəsirinin, əvvəlki illərdə olduğu kimi, özəlləşdirmədən daxilolmalar, borclanma gəlirləri və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi gözlənilir.
Bir sıra prioritet sahələrdə layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi üçün müvafiq prosedurlara artıq başlanılıb. İmzalanacaq borc sazişləri çərçivəsində cəlb edilən kredit vəsaitlərinin həcmi kəsirin maliyyələşdirilməsi mənbələri arasında bu mənbənin payının artımını müəyyən edəcək.
Yeni makrofiskal çərçivənin tətbiqi ilə bağlı müəyyən edilmiş məqsədlərə uyğun olaraq, uzunmüddətli daxili və xarici borclanmalar təsdiq edilmiş limitlər daxilində həyata keçiriləcək. Bu məqsədlə dövlət qiymətli kağızlarının və istiqrazların emissiyası vasitəsilə daxili maliyyə bazarlarının inkişafı diqqət mərkəzində olacaq.
Eyni zamanda, 2027-ci ildə 2 milyard 757,9 milyon manat səviyyəsində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manata qədər azalacağı gözlənilir.
Qeyd edək ki, 2026-cı ilin əvvəlində açıqlanmış yenilənmiş proqnoza əsasən, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 365 milyon manat, təsdiq edilmiş çərçivəyə uyğun olaraq icmal büdcənin gəlirləri isə 44 milyard 969,4 milyon manat səviyyəsində müəyyən edilib.
Cari il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat təsdiqlənib. Bu göstəricilər 2025-ci ilin müvafiq göstəricilərindən 0,7 faiz çoxdur. Nəticədə dövlət büdcəsində 3 milyard manatdan bir qədər artıq kəsirin yaranması gözlənilir ki, bu da illik müqayisədə 1,4 faiz çoxdur.
Azərbaycanın icmal büdcəsinin gəlirləri 44 milyard 969,4 milyon manat, xərcləri isə 48 milyard 839,3 milyon manat səviyyəsində təsdiq edilib. Bu göstəricilər 2025-ci il üçün proqnozlarla müqayisədə müvafiq olaraq 2,3 və 2,5 faiz çoxdur. İcmal büdcənin kəsirinin 3,9 milyard manat olacağı proqnozlaşdırılır ki, bu da illik müqayisədə 5,2 faiz artım deməkdir.
Hesablamalar neftin bir barelinin qiymətinin 65 dollar olacağı fərziyyəsi əsasında aparılıb. "JP Morgan" bankının məlumatına görə, cari ildə "Brent" markalı neftin orta qiyməti 94 dollar təşkil edib. Büdcədə nəzərdə tutulan kəsirin dövlət büdcəsinin gəlirlərinin 10 faizindən az olacağı nəzərə alınarsa, neft qiymətlərinin büdcə hesablamalarında əsas götürülən səviyyədən təxminən 44 faiz yüksək olması büdcə icrasının profisitlə başa çatmasına şərait yarada bilər.
Hazırda Azərbaycanın dövlət büdcəsinin gəlirlərində neft-qaz sektorunun payı 42,6 faiz təşkil edir. Bununla belə, Azərbaycan hökuməti karbohidrogenlərdən fiskal asılılığın azaldılması siyasətini davam etdirir. Maliyyə Nazirliyinin planlarına və ortamüddətli proqnozlara əsasən, 2030-cu ilədək büdcədə neft gəlirlərinin payının 30 faizə endirilməsi, qeyri-neft gəlirlərinin payının isə 70 faizə çatdırılması nəzərdə tutulur.
Bu baxımdan, ortamüddətli perspektivdə neft bazarlarında yaranan risklərin dövlət büdcəsinin icrasına təsirinin azalacağı gözlənilir.