Dilinizi seçin

AMBASSADOR
"Caspian Energy Club" Çin-Azərbaycan ticarət və sənaye əməkdaşlığının təşviqində müsbət rol oynayır
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey

Caspian Energy (CE): Hörmətli səfir, Sizin vəzifəyə başlamanızdan sonra Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri qurublar. Ötən bir ildən artıq müddətdə ikitərəfli əlaqələr nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Sizcə, bu münasibətlərin gələcək inkişafı üçün hansı istiqamətləri prioritet hesab etmək lazımdır? Vəzifəyə başladığınız vaxtdan bəri Sizin üçün ən yaddaqalan məqamlar hansılar olub?
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey: 2025-ci il aprelin 22-dən 24-dək Prezident İlham Əliyev dövlət səfəri ilə Çində olub. Səfər çərçivəsində o, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə birlikdə Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu elan edib. Bu hadisə Çin-Azərbaycan münasibətlərində yeni tarixi səhifə açıb.
Mən 2025-ci il aprelin 14-də Bakıya gələrək vəzifəmin icrasına başlamışam. Vəzifəyə başladıqdan dərhal sonra Prezident İlham Əliyevin Çinə səfəri kimi mühüm tədbirdə iştirak etmək mənim üçün böyük şərəf olub.
Son illərdə Çin-Azərbaycan münasibətlərinin inkişafına nəzər saldıqda əminliklə deyə bilərik ki, Sədr Si Cinpin və Prezident İlham Əliyevin birgə rəhbərliyi ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının əsas üstünlüyü və fundamental təminatı olaraq qalır. İki ölkə liderlərinin əldə etdiyi razılaşmalara əsaslanaraq, hazırda tərəflər müxtəlif sahələrdə qurumlararası sıx əlaqələri qoruyur, siyasi qarşılıqlı etimadı dərinləşdirir, əməkdaşlıq potensialını üzə çıxarır, xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq edir və Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığını yüksək keyfiyyətli və hərtərəfli inkişafın yeni mərhələsinə yüksəldirlər.
Birincisi, ikitərəfli təmaslar daha da intensivləşir. Prezident İlham Əliyevin 2025-ci ilin aprelində Çinə dövlət səfərindən sonra Azərbaycan lideri avqustun 30-dan sentyabrın 3-dək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tyançzin sammitində və Çin xalqının Yapon təcavüzünə qarşı Müharibədə və faşizmə qarşı müharibədə Qələbəsinin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ikinci dəfə Çinə səfər edib.

Ötən il Azərbaycanın Baş nazirinin müavini, Milli Məclis sədrinin müavini, Prezidentin köməkçisi, energetika naziri, səhiyyə naziri, elm və təhsil naziri, eləcə də digər yüksəkvəzifəli nümayəndələri də Çində səfərdə olublar. İki ölkə arasında qarşılıqlı səfərlərin sayı rekord həddə çatıb.
2026-cı ilin əvvəlindən etibarən də iki ölkə arasında yüksək səviyyəli təmaslar sıx şəkildə davam edib. Xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova Çinə səfər ediblər. Səfərlər zamanı tərəflər ikitərəfli münasibətlər və qanunverici orqanlararası əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Bu ilin may ayında Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Dövlət Şurasının Baş nazirinin müavini Can Qosin 13-cü Ümumdünya Şəhərsalma Forumunun Liderlər Sammitində iştirak etmək üçün Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Prezident İlham Əliyevlə görüşüb. Gələcəkdə ikitərəfli təmasların daha intensiv qrafik üzrə davam etdirilməsi nəzərdə tutulur.
İkincisi, siyasi qarşılıqlı etimad davamlı olaraq möhkəmlənir. Prezident İlham Əliyev Çin hökumətinin milli birliyin təmin olunmasına yönəlmiş bütün səylərinə dəstəyini açıq şəkildə ifadə edib. Azərbaycan tərəfi dəfələrlə "Vahid Çin" prinsipinə sadiqliyini bəyan edib və Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələri tənqid edib.
Çin tərəfi bundan sonra da Azərbaycanın öz milli xüsusiyyətlərinə uyğun inkişaf yolu ilə irəliləmək səylərini, eləcə də ölkənin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq istiqamətindəki fəaliyyətini qətiyyətlə dəstəkləyəcək.
Prezident İlham Əliyev Sədr Si Cinpinin irəli sürdüyü bəşəriyyət üçün vahid taleyə malik birliyin qurulması konsepsiyasının və dörd qlobal təşəbbüsün dünyada sülhə, sabitliyə və rifaha töhfə verdiyini açıq şəkildə bəyan edib. Azərbaycan tərəfi bu təşəbbüsləri yüksək qiymətləndirir və fəal şəkildə dəstəkləyir.
Qlobal Cənub ölkələri kimi Çin və Azərbaycan BMT, ŞƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi çoxtərəfli mexanizmlər çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, həqiqi çoxtərəfliliyi birgə təşviq edir, beynəlxalq bərabərliyi və ədaləti müdafiə edirlər.

Üçüncüsü, praktiki əməkdaşlıq sahəsində səmərəli nəticələr əldə olunub. Çin və Azərbaycanın iqtisadi strukturlarının bir-birini tamamlaması və əməkdaşlıq konsepsiyalarının üst-üstə düşməsi kimi unikal üstünlüklərindən istifadə edən tərəflər "Bir kəmər, bir yol" təşəbbüsünün yüksək keyfiyyətlə birgə həyata keçirilməsini əsas istiqamət kimi müəyyənləşdirərək hərtərəfli praktiki əməkdaşlığı dərinləşdirirlər. Bu, Çinin yüksək keyfiyyətli istehsal potensialının Azərbaycanın inkişaf ehtiyacları ilə uzlaşdırılmasına imkan yaradıb.
Ötən il Çin və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 4,87 milyard ABŞ dollarına çataraq ardıcıl üçüncü il rekord göstərici nümayiş etdirib və yüksək artım tempini qoruyub. Bu ilin əvvəlində Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib, ikitərəfli ticarət dövriyyəsində artım tempi isə davam edib.
Qarşılıqlı vizasız rejim sayəsində iki ölkə vətəndaşları arasında əlaqələr nəzərəçarpacaq dərəcədə möhkəmlənib, turizm sahəsində əməkdaşlıq potensialı daha da genişlənib. Regionlararası əlaqələr, həmçinin elm və texnologiya, təhsil və beyin mərkəzləri arasında əməkdaşlıq sahələrində təmaslar əhəmiyyətli dərəcədə intensivləşib.
Vəzifəyə başladığım vaxtdan ötən bir ildən artıq müddət ərzində müxtəlif dairələrin nümayəndələri ilə geniş fikir mübadiləsi aparmış, ölkənin bir çox regionlarına səfər etmişəm. Bu, mənə Çin və Azərbaycan arasında dostluğun nəsildən-nəslə ötürüldüyünü və zaman keçdikcə daha da möhkəmləndiyini yaxından hiss etmək imkanı verib.
2026-cı il Çinin 15-ci beşillik planının həyata keçirilməsinin ilk ilidir. Eyni zamanda, bu il Çin-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 35-ci ildönümü qeyd olunur. Gələcəkdə Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafı üçün geniş perspektivlər və böyük imkanlar mövcuddur.
Çin tərəfi iki ölkə liderlərinin əldə etdiyi mühüm razılaşmaları rəhbər tutaraq, qarşılıqlı dəstək və dostluq ənənələrini davam etdirmək, müasirləşmə yolu ilə inkişafın yaratdığı imkanları birgə bölüşmək və Çin-Azərbaycan münasibətlərinin inkişafına daha böyük töhfə vermək üçün Azərbaycan tərəfi ilə birlikdə səylər göstərməyə hazırdır.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe