Dilinizi seçin

ENERGY
Moldova və Azərbaycan enerji sektorunda güclü tərəfdaşlıq əlaqələri qurublar
Moldovanın energetika naziri Dorin Junqietu

Caspian Energy (CE): Hörmətli cənab nazir, bu yaxınlarda Bakıda azərbaycanlı həmkarlarınız və enerji sektorunun rəhbərləri ilə apardığınız müzakirələrdən sonra Moldova ilə Azərbaycan, eləcə də digər əsas enerji tərəfdaşları arasında enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, təchizat mənbələrinin diversifikasiyası və davamlı enerji inkişafının təşviqi sahəsində əməkdaşlığın gələcək perspektivlərini necə görürsünüz?
Moldova Respublikasının energetika naziri Dorin Junqietu: Moldova və Azərbaycan, xüsusilə enerji təhlükəsizliyinin regionumuz üçün ən mühüm çağırışlardan birinə çevrildiyi bir dövrdə, enerji sektorunda güclü və praqmatik tərəfdaşlıq əlaqələri qurublar. Bakıda apardığımız son müzakirələr bu əməkdaşlığı daha da dərinləşdirmək üçün böyük potensialın olduğunu bir daha təsdiqlədi.
Moldova üçün enerji təhlükəsizliyi təchizat mənbələrinin, marşrutların, texnologiyaların və tərəfdaşlıqların diversifikasiyası deməkdir. Azərbaycan regional enerji təhlükəsizliyinə mühüm töhfə verən tərəfə və region üçün etibarlı tərəfdaşa çevrilib. Biz təbii qaz tədarükü, regional enerji infrastrukturu, enerji ticarəti və təcrübə mübadiləsi sahələrində əməkdaşlığı genişləndirmək imkanlarını görürük.
Eyni zamanda, Moldova öz enerji sektorunun iddialı transformasiyasını həyata keçirir. Cəmi bir neçə il ərzində biz tək bir qaz və elektrik enerjisi təchizatçısından olan asılılığı aradan qaldıraraq, Avropa bazarlarına getdikcə daha sıx inteqrasiya olunan, diversifikasiya edilmiş və şəbəkələşmiş enerji sisteminə keçid etdik.
Biz Rumıniya ilə yeni elektrik enerjisi birləşdirici xətlərinə (interkonnektorlara) böyük sərmayələr yatırırıq, xüsusilə bərpa olunan mənbələr hesabına yerli elektrik enerjisi istehsalını genişləndiririk, enerjinin saxlanılması güclərini inkişaf etdiririk və şəbəkələrimizi modernləşdiririk. Bu kontekstdə Azərbaycanla əməkdaşlıq ənənəvi enerji resursları çərçivəsindən kənara çıxaraq da inkişaf edə bilər. Biz bərpa olunan enerji, yaşıl texnologiyalar, enerji sektorunun rəqəmsallaşdırılması və dayanıqlılığı, eləcə də rəqabətqabiliyyətliliyi artıran innovativ həllər sahəsində təcrübə mübadiləsində və imkanların araşdırılmasında maraqlıyıq.
Bütövlükdə, Moldova hesab edir ki, enerji təhlükəsizliyi, enerjinin əlçatanlığı və dekarbonizasiya kimi bir-biri ilə bağlı olan çağırışların həlli üçün regional əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu çağırışlar sərhədlərarası əlaqələndirilmiş səylər və birgə həllər tələb edir. Moldova və Azərbaycan kimi ölkələr arasında möhkəm tərəfdaşlıq münasibətləri yalnız milli maraqlarımızın təmin olunmasına deyil, həm də bütövlükdə bütün regionun sabitliyinə və davamlılığına töhfə verir. Dialoqumuzu davam etdirməyi və birgə məqsədlərimizi vətəndaşlarımız və iqtisadiyyatlarımız üçün real faydalar gətirən konkret layihələrə çevirməyi səbirsizliklə gözləyirik.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe