Caspian Energy (CE): Şirkətinizin yaranma hekayəsi necə başlayıb? İdeyanın formalaşmasından şirkətin rəsmi fəaliyyətə başlamasına qədər hansı əsas mərhələlərdən keçmisiniz?
Gökhan Özkundakçı, “Fabriora Group”un direktoru: Şirkətimizin yaranma hekayəsinin əsasında uzun illər ərzində formalaşmış istehsal və sahibkarlıq təcrübəsi, bazarın ehtiyaclarını düzgün qiymətləndirmək və istehlakçılara keyfiyyətli məhsulları əlçatan qiymətlərlə təqdim etmək ideyası dayanır.
Bu təcrübənin təməli 1960-cı illərdən etibarən Türkiyənin Qaziantep şəhərində sənaye, istehsal, tikinti və ticarət sahələrində həyata keçirilən fəaliyyətlərlə qoyulub. Müxtəlif sahələrdə əldə olunan bilik və təcrübə sonrakı illərdə gündəlik istehlak məhsulları istiqamətində fəaliyyətin inkişafına zəmin yaradıb. 2013-cü ildə “Predo” şirkətinin təsisçisi İbrahim Uyqurun təşəbbüsü ilə istehlakçılara keyfiyyətli və əlçatan gündəlik istehlak məhsulları təqdim etmək məqsədilə “Predo” brendi yaradılıb.
Növbəti mühüm mərhələ “Predo”nun Azərbaycan bazarına daxil olması oldu. 2015-ci ildə brend Azərbaycan bazarında fəaliyyətə başladı. Burada əsas məqsədimiz bazarın ehtiyaclarını düzgün müəyyənləşdirmək və istehlakçılara keyfiyyətli, etibarlı və əlçatan məhsullar təqdim etmək idi. “Predo” məhsulları Azərbaycan istehlakçıları tərəfindən müsbət qarşılandı və brend qısa müddətdə bazarda öz mövqeyini formalaşdırmağa başladı.
İstehlakçıların etimadı və məhsullara olan tələbat fəaliyyətimizin mərhələli şəkildə genişlənməsinə imkan verdi. Zamanla məhsul portfelimizi genişləndirdik və müxtəlif kateqoriyalarda fəaliyyətimizi inkişaf etdirdik.
Fəaliyyətimiz böyüdükcə qarşımıza daha böyük bir hədəf qoyduq: yalnız distribusiya ilə kifayətlənməyərək “Predo” məhsullarının Azərbaycanda istehsalını təşkil etmək. Bunun üçün illər ərzində əldə etdiyimiz istehsal, biznes və bazar təcrübəsini bir araya gətirdik.
2025-ci ildə məhsullarımızın Azərbaycanda istehsalının təşkili ilə bağlı qərar qəbul etdik. Bu qərarın davamı olaraq “Predo” şirkətinin təsisçisi İbrahim Uyqur bəylə birlikdə “Fabriora Group”un əsasını qoyduq və Azərbaycandakı fəaliyyətimizi distribusiyadan istehsala doğru genişləndirdik.
CE: Bu sahəyə marağınız necə yaranıb və peşəkar fəaliyyətinizin başlanğıcı hansı mərhələdən başlayıb?
Gökhan Özkundakçı: Peşəkar fəaliyyətim Azərbaycanda reklam və marketinq sahəsində başlayıb. 2006-cı ildən bu sahədə fəaliyyət göstərmiş, 2007-ci ildən isə Xəzər TV-də uzun illər reklam, marketinq və kommersiya istiqamətlərinə rəhbərlik etmişəm. Bu müddət ərzində müxtəlif sektorlarda minlərlə şirkətlə əməkdaşlıq etmək mənə Azərbaycan bazarını və fərqli biznes sahələrini yaxından tanımaq imkanı verib.
İstehlak məhsulları sahəsinə marağım isə “Predo”nun 2015-ci ildə Azərbaycan bazarına daxil olması ilə formalaşmağa başladı. Həmin dövrdən şirkətin Azərbaycandakı fəaliyyətindəyaxından iştirak etdim. Məhsulların qısa müddətdə geniş istehlakçı auditoriyası tərəfindən qəbul edilməsi, brendin inkişafı və bazarın potensialı bu sahəyə marağımı daha da artırdı.
Sonrakı illərdə “Predo” ilə əməkdaşlığımızın genişlənməsi mənim də istehlak məhsulları sektorunda daha yaxından və birbaşa iştirak etməyimə gətirib çıxardı.
CE: Şirkətinizin bazara təqdim etdiyi ilk məhsul və ya xidmət hansı olub? Həmin məhsulun bazar tərəfindən qarşılanmasını necə xatırlayırsınız?
Gökhan Özkundakçı: Bazara təqdim etdiyimiz ilk məhsul “Predo” uşaq bezləri oldu. Məhsul Azərbaycan bazarına daxil olduğu ilk dövrdən istehlakçılar tərəfindən böyük maraqla və müsbət qarşılandı.
Keyfiyyət və əlçatan qiymətin bir arada təqdim edilməsi istehlakçıların məhsula etimad göstərməsində və “Predo”nu təkrar seçməsində mühüm rol oynadı. Bunun nəticəsində brend qısa müddətdə bazarda güclü mövqe qazandı və sonrakı illərdə bu mövqeyini davamlı şəkildə möhkəmləndirdi.
Bu gün “Predo” satılan uşaq bezlərinin sayına görə 45%-dən çox bazar payı ilə öz kateqoriyasında lider mövqedədir. Bu nəticə istehlakçıların illər ərzində məhsulun keyfiyyətinə və brendə göstərdiyi etimadın ən yaxşı göstəricisidir.
CE: Bu gün Sizin şirkətiniz öz sahəsinin mühüm oyunçulardan biridir. Şirkətin bugünkü mövqeyə yüksəlməsində hansı dönüş nöqtələri və inkişaf mərhələləri xüsusi rol oynayıb?
Gökhan Özkundakçı: Şirkətin bugünkü mövqeyə gəlməsi, əlbəttə ki, bir günün və ya bir qərarın nəticəsi deyil. Bu, mərhələli şəkildə keçdiyimiz uzun bir inkişaf yoludur. Bu yolda əsas dönüş nöqtələrindən biri məhsul portfelimizin genişləndirilməsi və bazarın fərqli ehtiyaclarına cavab verən yeni məhsul kateqoriyalarına daxil olmağımız oldu.
Digər mühüm mərhələ distribusiya şəbəkəmizin genişlənməsi və məhsullarımızın ölkə üzrə daha çox istehlakçıya çatdırılması idi. Bununla paralel olaraq, istehsal imkanlarımızın inkişaf etdirilməsi və yerli istehsala yatırımlarımız şirkətin gələcək inkişafı üçün daha güclü baza yaratdı.
Amma mən hesab edirəm ki, bütün bu mərhələləri birləşdirən əsas amil daim irəli baxmağımızdır. Bazar dəyişir, istehlakçı gözləntiləri dəyişir və biz də bu dəyişiklikləri izləyərək inkişaf edirik. Bugünkü mövqeyimiz illər ərzində atılan ardıcıl addımların, düzgün qərarların və komandamızın birgə əməyinin nəticəsidir.
CE: Şirkətinizin fəaliyyətinin əsas missiyası, biznes fəlsəfəsi və korporativ dəyərləri nədən ibarətdir?
Gökhan Özkundakçı: Fəaliyyətimizin əsas missiyası istehlakçılara yüksək keyfiyyət standartlarına cavab verən, müasir və etibarlı məhsullar təqdim etmək, onların gündəlikehtiyaclarına real dəyər qatmaqdır. Bizim biznes fəlsəfəmizin əsasında çox sadə, amma dəyişməz bir prinsip dayanır: “Hər şeyin alternativi var, keyfiyyətin yox”. Buna görə də böyümək bizim üçün heç vaxt keyfiyyətdən güzəştə getmək demək deyil.
Fəaliyyətimizdə innovasiyaya, müasir texnologiyalara, istehlakçı məmnuniyyətinə və davamlı inkişafa xüsusi önəm veririk. Eyni zamanda, bu gün bizim üçün yerli istehsalın inkişafına töhfə vermək, Azərbaycanda istehsal olunan keyfiyyətli məhsulları istehlakçılara təqdim etmək və ölkənin istehsal potensialına dəyər qatmaq da mühüm prioritetlərdən biridir.
Dəyərlərimizi isə ilk növbədə keyfiyyətə sadiqlik, etibarlılıq, yeniliyə açıq olmaq və yaratdığımız hər bir məhsulda istehlakçıya dəyər vermək kimi ifadə edərdim. Məqsədimiz sadəcə məhsul istehsal etmək deyil, insanların güvənərək seçdiyi və gündəlik həyatının bir hissəsinə çevrilən brendlər yaratmaqdır.
CE: Şirkətiniz korporativ sosial məsuliyyət (KSM) istiqamətində hansı əsas layihə və təşəbbüsləri həyata keçirir?
Gökhan Özkundakçı: Korporativ sosial məsuliyyət fəaliyyətimizin mühüm istiqamətlərindən biridir. Bu çərçivədə müxtəlif təhsil və maarifləndirici tədbirlərə sponsorluq edir, sosial dəstəyə ehtiyacı olan müxtəlif mərkəzlərə və təşəbbüslərə yardım göstəririk.
Bizim üçün biznesin uğuru yalnız iqtisadi göstəricilərlə ölçülmür. Fəaliyyət göstərdiyimiz cəmiyyətə fayda vermək, xüsusilə təhsil və sosial rifaha töhfə vermək də məsuliyyətimizin bir hissəsidir. Gələcəkdə KSM fəaliyyətimizi daha da genişləndirməyi və daha davamlı sosial layihələr həyata keçirməyi planlaşdırırıq.
CE: Öz rəhbərlik və biznes idarəetmə üslubunuzu necə xarakterizə edərdiniz? Sizə şirkəti uğurla idarə etməyə kömək edən əsas şəxsi keyfiyyətlər hansılardır?
Gökhan Özkundakçı: Rəhbərlik üslubumu daha çox etimad və komanda işi üzərində qurulan bir yanaşma kimi xarakterizə edərdim. Mən hər şeydən əvvəl gördüyüm işə və ideyaya inanmağın vacib olduğunu düşünürəm. Əgər rəhbər özü ideyaya inanmırsa, komandanı da onun ətrafında birləşdirmək çətin olur.
Mənim üçün güclü və peşəkar komanda qurmaq çox önəmlidir. Hər işi rəhbərin özü görməli deyil. Əksinə, doğru insanları seçmək, onların peşəkarlığına güvənmək, fikirlərini dinləmək və öz sahələrində sərbəst hərəkət etmələrinə imkan yaratmaq lazımdır.
Ünsiyyət də idarəetmə üslubumun əsas hissəsidir. İnsanlarla ortaq dil tapmaq, ideyanı düzgün çatdırmaq, komandanı eyni məqsəd ətrafında birləşdirmək biznesdə çox şeyi dəyişir. Şəxsi keyfiyyətlərimdən isə inamı, qətiyyəti, ünsiyyət qurmaq bacarığını və nəticəyə fokuslanmağı qeyd edərdim. Məncə, uğurlu rəhbərlik hər şeyi təkbaşına etmək deyil, güclü insanlarla birlikdə güclü nəticə yaratmaqdır.
CE: Əgər fəaliyyətinizin ilk illərinə qayıtmaq imkanınız olsaydı, o dövrdə özünüzə hansı məsləhəti verərdiniz?
Gökhan Özkundakçı: Əgər fəaliyyətimizin ilk illərinə qayıtmaq imkanımız olsaydı, özümüzə verəcəyimiz əsas məsləhət daha cəsarətli qərarlar qəbul etmək olardı.
Bu gün Azərbaycanda qurduğumuz istehsal müəssisəsini nəzərə alsaq, düşünürük ki, yerli istehsala daha erkən, 2013–2015-ci illərdə başlaya bilərdik. Bu, həm Azərbaycan bazarında daha sürətli inkişaf etməyə, həm də Mərkəzi Asiya və Yaxın Şərq kimi bazarlara daha erkən çıxmağa imkan verə bilərdi. Eyni zamanda, yerli istehsalımızın beynəlxalq bazarlarda daha erkən təmsil olunması üçün imkan yaradardı.
Amma hər şeyin öz zamanı var. Bu gün artıq qazandığımız təcrübə və yaratdığımız istehsal imkanları ilə qarşıdakı hədəflərimizə daha sistemli şəkildə irəliləyirik.
CE: Yaxın illərdə şirkətinizin inkişafını və gələcək hədəflərini necə görürsünüz?
Gökhan Özkundakçı: Yaxın illərdə əsas hədəfimiz şirkətin inkişaf tempini qorumaq, yerli istehsal imkanlarımızı genişləndirmək və mövcud brendlərimizin bazardakı mövqeyini daha da gücləndirməkdir. Eyni zamanda, məhsul portfelimizi yeni kateqoriyalarla inkişaf etdirməyi və istehlakçıların dəyişən ehtiyaclarına uyğun yeniliklər təqdim etməyi planlaşdırırıq.
Gələcək strategiyamızın mühüm istiqamətlərindən biri də yeni bazarlara çıxışdır. Məqsədimiz Azərbaycanda yaratdığımız istehsal və brend potensialını daha geniş coğrafiyaya daşımaq, ixrac imkanlarımızı artırmaq və beynəlxalq bazarlarda davamlı mövqe formalaşdırmaqdır.
CE: “Caspian Energy Club”ın fəaliyyətini və biznes mühitinin inkişafına verdiyi töhfələri necə qiymətləndirirsiniz? Klubun üzvlərinə arzularınızı bölüşərdinizmi?
Gökhan Özkundakçı: “Caspian Energy Club”ın biznes nümayəndələrini bir araya gətirməsi, təcrübə və fikir mübadiləsi üçün platforma yaratması, eləcə də yeni əməkdaşlıqların qurulmasına töhfə verməsi biznes mühiti baxımından əhəmiyyətlidir. Belə platformalar şirkətlər arasında əlaqələrin genişlənməsinə və yeni imkanların yaranmasına şərait yaradır.
Klubun bütün üzvlərinə fəaliyyətlərində uğurlar, davamlı inkişaf və yeni biznes imkanları arzulayıram. Ümid edirəm ki, bu platforma gələcəkdə də yeni tərəfdaşlıqların və uğurlu təşəbbüslərin yaranmasına töhfə verməyə davam edəcək.
CE: Şirkətinizin hazırkı fəaliyyət coğrafiyası və gələcək genişlənmə planları barədə məlumat verə bilərsinizmi?
Gökhan Özkundakçı: Bu gün fəaliyyət coğrafiyamız kifayət qədər genişdir və məhsullarımız dünyanın 85 ölkəsində təmsil olunur. Azərbaycan isə bizim üçün həm strateji bazar, həm də yeni istehsal və ixrac imkanları baxımından xüsusi əhəmiyyət daşıyır.
Gələcək mərhələdə əsas hədəflərimizdən biri Azərbaycandakı istehsal potensialından istifadə edərək ixrac coğrafiyamızı daha da genişləndirməkdir. Gürcüstan, Qazaxıstan, Rusiya və Yaxın Şərq ölkələri bu istiqamətdə nəzərdə tutulan bazarlar sırasındadır. Bununla yanaşı, yeni bazar imkanlarını da davamlı olaraq dəyərləndiririk. Məqsədimiz fəaliyyət coğrafiyamızı mərhələli şəkildə genişləndirmək və brendlərimizin beynəlxalq mövqeyini daha da gücləndirməkdir.
CE: Hazırda Azərbaycanın hansı regionlarında fəaliyyət göstərirsiniz və gələcəkdə fəaliyyətinizi hansı regionlarda genişləndirməyi planlaşdırırsınız?
Gökhan Özkundakçı: Hazırda məhsullarımız Azərbaycanın regionlarında geniş şəkildə təmsil olunur və güclü distribusiya şəbəkəsinə malikik. Növbəti mərhələdə əsas hədəfimiz mövcudluğumuzu daha da gücləndirərək ölkə üzrə 100 faiz əhatəyə nail olmaqdır.
Məqsədimiz məhsullarımızın Azərbaycanın bütün regionlarında istehlakçılar üçün eyni dərəcədə əlçatan olmasını təmin etmək və distribusiya şəbəkəmizi bu istiqamətdə davamlı olaraq inkişaf etdirməkdir.
CE: Şirkətinizin təqdim etdiyi məhsul və ya xidmətləri bazardakı digər təkliflərdən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
Gökhan Özkundakçı: Məhsullarımızı bazardakı digər təkliflərdən fərqləndirən əsas üstünlüklər yüksək keyfiyyət, əlçatan qiymət və yerli istehsaldır. Məqsədimiz istehlakçıya keyfiyyətdən güzəştə getmədən münasib qiymətə etibarlı məhsullar təqdim etməkdir.
Yerli istehsal isə bizə həm bazarın ehtiyaclarına daha çevik cavab verməyə, həm də məhsullarımızın keyfiyyətinə daha yaxından nəzarət etməyə imkan verir. İnanırıq ki, yüksək keyfiyyət hər kəs üçün əlçatan olmalıdır və biz də fəaliyyətimizi məhz bu prinsip üzərində qururuq.