BTC
Bakı-Tbilisi-Ceyhan Şirkəti (BTC Co) 2026-cı il iyulun 1-dən Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft boru kəmərinin operatorluğunu "BP Exploration (Caspian Sea) Limited" (BP) şirkətindən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus törəmə müəssisəsi olan "SOCAR Midstream Operations" MMC-yə (SMO) ötürür.
Operatorluğun ötürülməsi BTC boru kəmərinin hər üç - Azərbaycan, Gürcüstan və Türkiyə - hissəsini əhatə edir. Bundan əlavə, BTC boru kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi, habelə həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar hazırda BP tərəfindən icra olunan ümumi fəaliyyətlərin operatorluğu da SMO şirkətinə keçir. İdarəetmə hüquqlarının ötürülməsi BTC layihəsinin əsasını təşkil edən və yekun hazırlıq qərarı çərçivəsində qəbul edilmiş müvafiq sazişlərə əsasən həyata keçirilir.
Ötürülmə hər üç ölkədə BTC-nin bütün ayrıca obyekt və fəaliyyət növlərinə, Səngəçal terminalı ərazisində yerləşən obyektlər istisna olmaqla, həmçinin BTC/SCP ilə bağlı ümumi fəaliyyətə şamil olunur.
Səngəçal terminalının operatoru dəyişməz olaraq qalır - BP bu obyektin istismarını davam etdirəcək. “BTC Co.” şirkətinin səhmdar strukturu da dəyişməyəcək. Pay bölgüsü aşağıdakı kimidir:
SOCAR - 32,97%
BP - 30,10%
MOL Group (Macarıstan) - 8,90%
TPAO (Türkiyə) - 6,53%
Eni (İtaliya) - 5,00%
TotalEnergies (Fransa) - 5,00%
ITOCHU (Yaponiya) - 3,40%
ONGC Videsh (Hindistan) - 3,10%
ExxonMobil (ABŞ) - 2,50%
INPEX (Yaponiya) - 2,50%
Bundan əvvəl müvafiq sazişlərə uyğun olaraq, 2026-cı il iyunun 8-dən etibarən Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan və Gürcüstan ərazilərində yerləşən obyektləri müvafiq olaraq Azərbaycan hökuməti (SMO) və Gürcüstan hökuməti (Gürcüstan Neft və Qaz Korporasiyası - GOGC) adından fəaliyyət göstərən qurumlara təhvil verilib. “SOCAR Midstream Gas Operations” MMC (SOCAR MGO) 2015-ci ildən SCP-nin kommersiya operatoru, 2021-ci ildən isə texniki operatorudur. Bu müddət ərzində BTC və SCP üzrə bütün fəaliyyətlərin idarə olunması SOCAR və bp arasında sıx əməkdaşlıq əsasında həyata keçirilib.
Uzunluğu 1768 kilometr olan BTC kəməri Xəzər regionundan Aralıq dənizinə xam neftin təhlükəsiz və məsuliyyətli şəkildə ixracı məqsədilə inşa edilib və 13 iyul 2006-cı ildə istismara verilib. BTC kəməri 20 ildir fəaliyyət göstərir və tranzit ölkələrə əhəmiyyətli gəlirlər gətirməklə yanaşı, Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə töhfə verir. BTC ilkin olaraq AÇG neftinin ixracı üçün nəzərdə tutulsa da, hasilatın təbii azalması nəticəsində BTC-nin yeni tranzit güclərinin yaranması fonunda yeni ixracatçıların sistemə qoşulması perspektivi də nəzərə alınıb.
Belə ki, cari ilin ilk rübündə AÇG-dən 29 milyon barel neft hasil edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon barel azdır. Bununla yanaşı, AÇG-dən SOCAR-ın "Azəriqaz" sisteminə 1 milyard kubmetr səmt qazı təhvil verilib. Bu göstərici 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,1 milyard kubmetr çoxdur.
BTC-nin hazırkı ötürülmə gücü sutkada 1 milyon barel təşkil edir. Kəmərdə diametri 46/42/34 düym olan borulardan istifadə olunur. Kəmərin üç tranzit ölkədə yerləşən 8 nasos stansiyası və 98 klapan stansiyası mövcuddur. Kəmər bir neçə dağ silsiləsini keçərək 2830 metr yüksəkliyə qalxır, daha sonra isə Ceyhanda yenidən dəniz səviyyəsinə enir. Marşrut boyunca 3000 avtomobil və dəmir yolu, yerüstü və yeraltı kommunikasiya xətləri, həmçinin 1500-dən çox su hövzəsi, o cümlədən eni 500 metrədək olan Ceyhan çayı keçilir.
Dövrünün dünyada ən iri və mürəkkəb mühəndislik layihələrindən biri hesab olunan BTC layihəsinin reallaşdırılması dörd il çəkib. Layihə 2002-ci ilin iyulunda təsdiqlənib və 2006-cı ilin mayında tamamlanıb. Layihənin icrasının ən yüksək mərhələsində 22 000 nəfər çalışıb ki, onların təxminən 80 faizi yerli işçilər olub. Layihə çərçivəsində 110 milyondan çox iş saatı sərf edilib və 220 000 boru seksiyası qaynaq olunub.
2006-cı il iyunun 4-də Ceyhan terminalında ilk tankerə BTC markalı neft yüklənib. "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan ilk neft həcmi - təxminən 600 000 barel - "British Hawthorn" tankerinə yüklənərək Ceyhan terminalından yola salınıb.
Bu günədək BTC kəməri ilə ümumilikdə 4,7 milyard bareldən çox (təxminən 630 milyon ton) xam neft nəql edilib. Bu neft 6271 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC kəməri ilə əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" yatağından hasil olunan kondensat nəql edilir. Bununla yanaşı, kəmər vasitəsilə Xəzərin digər regionlarından, o cümlədən Qazaxıstan və Türkmənistandan, eləcə də SOCAR tərəfindən Azərbaycanda hasil olunan digər həcmlərdən əldə edilən Xəzər nefti və kondensatı da daşınır. Qazaxıstan və Türkmənistandan tranzit neftin BTC üzrə ümumi nəql həcmində payı təxminən 15-18 faiz təşkil edir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk aylarında iki ölkədən daxil olan xammalın tranzit həcmi yüz minlərlə tonla ölçülüb.
Bundan əlavə, BTC kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə olunması, eləcə də hazırda bp tərəfindən həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (SCP) üzrə həyata keçirilən ümumi fəaliyyətə dair operatorluq səlahiyyətləri də SMO şirkətinə veriləcək.
Qaz hasilatı
AÇG yatağının işlənməsi layihəsinin operatoru kimi çıxış edən bp şirkəti layihə tərəfdaşları - SOCAR, MOL, INPEX, “ExxonMobil”, TPAO və “ONGC Videsh” - adından iyulun 1-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağında sərbəst təbii qazın (STQ) hasilatına başlanıldığını da açıqlayıb. Beləliklə, dünyanın ən iri neft yataqlarından biri olan AÇG-də ilk kommersiya qaz hasilatına başlanılıb.
Mövcud "West Chirag" platformasında qazılan ilk STG quyusu AÇG-nin böyük həcmdə işlənməmiş təbii qaz ehtiyatlarının potensialının reallaşdırılması istiqamətində mühüm ilk addımdır. Hasilatın başlanılması ilə yanaşı, bu quyu lay və qaz axını haqqında mühüm məlumatlar əldə etməyə imkan verir. Bu məlumatlar gələcəkdə yatağın tammiqyaslı işlənməsi planları çərçivəsində qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək edəcək.
AÇG yatağında təbii qaz ehtiyatlarının böyük olduğu hesab edilir. İlkin qiymətləndirmələrə görə, yataqda təxminən 4 trilyon kubfut, yəni təqribən 113 milyard kubmetr çıxarıla bilən qaz ehtiyatı mövcuddur və bu həcmin 6 trilyon kubfut və daha çoxa çatdırılması potensialı var.
Beləliklə, AÇG sabit neft hasilatı səviyyəsinin qorunması ilə yanaşı, qaz hasilatının da artması potensialına malik tammiqyaslı neft-qaz yatağına çevrilir. Eyni zamanda, hazırda AÇG-də sərbəst qaz hasilatının artım tempi təxminən 1 trilyon kubmetr çıxarıla bilən qaz ehtiyatına malik "Şahdəniz" nəhəng yatağındakı artım tempini təxminən iki dəfə üstələyir.