Dilinizi seçin

EVENT
Bakı Enerji Həftəsi 2026: Xəzərin enerji hekayəsi yeni qlobal dinamika ilə qovuşur

Hər il yayın ilk günləri Bakı sahilinə özünəməxsus ab-hava gətirdikcə və şəhər beynəlxalq qonaqları qarşılamaq üçün ritmini dəyişdikcə, Xəzər regionunun enerji gündəliyi özünün ən təbii və nüfuzlu platformasını məhz burada tapır. Bu il Bakı Enerji Həftəsi çərçivəsində Bakıda cərəyan edən proseslər fonunda həmin platforma əvvəlkindən daha dinamik təsir bağışlayır. Qlobal prioritetlərin dəyişməsi və regionun inkişaf gündəliyinin yeni istiqamətlər qazanması tədbirin ümumi atmosferinə də öz təsirini göstərir. 

Xəzər Neft və Qaz Sərgisini, Xəzər Enerji və Yaşıl Enerji Sərgisini və Bakı Enerji Forumunu bir araya gətirən Bakı Enerji Həftəsi bu il də tədbirin ilk illərindən etibarən formalaşmış mühüm ənənəyə – Azərbaycan dövlətinin davamlı dəstəyinə söykənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirin rəsmi açılış mərasimində iştirakı ölkə rəhbərliyinin enerji sektoruna və onun ətrafında formalaşan daha geniş biznes ekosisteminə verdiyi strateji əhəmiyyətin göstəricisidir. 

Dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərinin və şirkətlərin bir araya gəldiyi tədbirin beynəlxalq miqyası Bakının konfrans zallarında, sərgi pavilyonlarında və görüş məkanlarında aydın şəkildə hiss olunur. 

Bununla belə, Bakı Enerji Həftəsinin mahiyyəti ənənəvi karbohidrogenlərdən çox daha kənara çıxır. Tədbir artıq yalnız siyasətçilərin və enerji şirkətlərinin rəhbərlərinin deyil, sürətlə genişlənən iqtisadi mənzərəni formalaşdıran müxtəlif peşə və sahələrin nümayəndələrinin – texnoloqların, sənaye mühəndislərinin, logistika innovatorlarının, maliyyəçilərin, investorların, xidmət və qonaqpərvərlik sektorlarının rəhbərlərinin də görüş məkanına çevrilib. Enerji sənayesi əsas dayaq olaraq qalır, lakin bu həftə şəhərin müxtəlif məkanlarında aparılan müzakirələr və qurulan tərəfdaşlıqlar regionun ayrı-ayrı sektorlarının bir-biri ilə nə qədər sıx əlaqələndiyini göstərir.  

Bu dəyişiklik hissi Xəzər regionunun transformasiya olunan inkişaf hekayəsindən qaynaqlanır. Onilliklər ərzində enerji regionun iqtisadi kimliyini müəyyən edən əsas amil olub. Bu gün isə enerji öz fundamental əhəmiyyətini qorumaqla yanaşı, daha geniş transformasiyanın tərkib hissəsinə çevrilir. Sənayenin bütün seqmentlərində rəqəmsallaşma sürətlənir, süni intellekt əsaslı analitika, ağıllı həllər və inteqrasiya olunmuş platformalar təqdim edən şirkətlər sərgi məkanlarında getdikcə daha geniş yer tutur. Texnologiya artıq dəstəkləyici vasitə olmaqdan çıxaraq fəaliyyətin əsas prinsiplərindən birinə çevrilib. 

Logistika və nəqliyyat sahəsində də oxşar dəyişiklik müşahidə olunur. Regionun strateji coğrafi mövqeyi müasir nəqliyyat dəhlizlərinin formalaşmasında, avtomatlaşdırılmış sistemlərin tətbiqində, rəqəmsal yük idarəetməsində və multimodal əlaqələrin təkmilləşdirilməsində getdikcə daha aydın şəkildə öz əksini tapır. Bakıda aparılan müzakirələrdə tez-tez limanların inkişafı, təchizat zəncirlərinin dayanıqlılığı, eləcə də regionun enerji və ticarət axınlarını dəstəkləmək üçün tələb olunan yeni logistika arxitekturası kimi məsələlər ön plana çıxır. 

Maliyyə və investisiyalar da həftənin gündəliyinin formalaşmasına mühüm təsir göstərir. Beynəlxalq institutlar, investorlar və inkişaf təşkilatları Xəzər regionuna ənənəvi enerji potensialının sürətlə şaxələnən sənaye və bərpaolunan enerji üzrə artan ambisiyalarla qovuşduğu məkan kimi yanaşırlar. Həftənin ən mühüm müzakirələrinin bir qismi isə daha sakit və qapalı mühitdə – qapalı görüşlərdə, ikitərəfli sessiyalarda və yeni tərəfdaşlıqların formalaşdığı investisiya dəyirmi masalarında keçirilir. 

Azərbaycanın genişlənən sənaye və istehsal bazası da şəhərdə keçirilən görüşlərdə və sərgilərdə aydın şəkildə özünü göstərir. Sənaye parklarının, emal zonalarının və istehsal müəssisələrinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi tendensiyasının mühüm göstəricilərindən biridir və beynəlxalq şirkətlərin bu prosesə marağı getdikcə artır. Bu isə öz növbəsində qabaqcıl mühəndislik həllərinə, materiallara və texniki ekspertizaya artan tələbat yaradır. 

Bir vaxtlar enerji sektoruna nisbətən ikinci dərəcəli hesab olunan xidmət, qonaqpərvərlik və HoReCa sahələri də bu həftə diqqət mərkəzindədir. İşgüzar səfərlərin və beynəlxalq nümayəndə heyətlərinin sayının artması Bakının qonaqpərvərlik sektorunun inkişafına əlavə təkan verib. Yeni otellər, yenilənmiş infrastruktur və bir çox ziyarətçinin şəhərin fərqləndirici xüsusiyyətlərindən biri kimi qeyd etdiyi yüksək xidmət mədəniyyəti bu dinamikanın əsas elementlərindəndir. Qəbullarda, görüşlərdə və qeyri-rəsmi toplantılarda yaranan bu insani ünsiyyət də həftənin ümumi atmosferinin mühüm hissəsini təşkil edir. 

Bakı Enerji Həftəsinin mərkəzində isə, nəhayət, insanlar dayanır. Dövlət rəsmiləri, sənaye liderləri, innovatorlar, mühəndislər və alimlər sessiyalar və sərgilər arasında hərəkət edərək texniki detallardan strateji baxışlara qədər uzanan fikir mübadilələri aparırlar. Müzakirələrin mövzuları dənizdə mühəndislik həllərindən süni intellektlə dəstəklənən səmərəliliyə, regional nəqliyyat dəhlizlərindən sənaye siyasətinə qədər geniş spektri əhatə edir. Məhz bu fərqli baxışların bir araya gəlməsi Bakı Enerji Həftəsinə özünəməxsus xarakter qazandırır: dünyaya açıq, praqmatik və real çağırışlar və imkanlar üzərində qurulan bir platforma.  

Bu platformanın uzun illərdir təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” üçün bu həftə nümayiş olunan inkişaf Azərbaycanın dövlət qurumları ilə illər ərzində qurulmuş sıx koordinasiyanın nəticəsidir. Tədbirin davamlı inkişafı və şəhərdə müşahidə olunan beynəlxalq səviyyəli iştirak dövlətin uzunmüddətli dəstəyi ilə birbaşa bağlıdır və Prezidentin açılış mərasimində iştirakı bu dəstəyin növbəti göstəricisi kimi çıxış edir. 

Təşkilati ardıcıllıq tədbirin sənayelərin kəsişdiyi, praktiki əməkdaşlığın təməlinin qoyulduğu və Xəzər regionunun səsinin qlobal səhnəyə çatdırıldığı platforma kimi fəaliyyət göstərməsinə imkan verir. 

Bakı Enerji Həftəsi 2026 şəhərin müxtəlif məkanlarında davam edərkən aydın bir mesaj ön plana çıxır: Xəzər artıq yalnız enerji ehtiyatları ilə müəyyənləşən region deyil. Onun simasını enerji ehtiyatlarının ətrafında inkişaf edən sənayelər, tətbiq olunan texnologiyalar, qurulan infrastruktur və ən başlıcası, regionun gələcəyini formalaşdıran insanlar müəyyən edir. Enerji başlanğıc nöqtəsi olaraq qalır, lakin artıq sərhəd deyil. 

Bir çox mənada builki Bakı Enerji Həftəsi Xəzərin yeni inkişaf hekayəsini əks etdirir – transformasiya, şaxələndirmə və qlobal bağlantılar üzərində qurulan yeni bir hekayəni. Bu, uzun illər ərzində formalaşmış üstünlüklərin yeni imkanlarla qovuşduğu, regional əməkdaşlığın gələcəyinin isə dünya ilə dialoq şəraitində, real vaxt rejimində formalaşdırıldığı məkandır.