Dilinizi seçin

ECONOMY
Slovakiya: yüksəkkeyfiyyətli turizmə üstünlük
Rudolf Qulyak, Slovakiya Respublikasının turizm və idman naziri

Slovakiya Respublikasının turizm və idman naziri Rudolf Qulyak: Slovakiyanın turizm sektoru pandemiyadan sonra əhəmiyyətli dərəcədə bərpa olunub. Pandemiyadan sonrakı dövrdə tədricən sabitləşmə və turistlərin etimadının bərpası müşahidə edilib. 2020–2021-ci illərdəki kəskin azalmadan sonra turistlərin sayı tədricən sabitləşərək 2022-ci ildən etibarən artım nümayiş etdirməyə başlayıb.

2024-cü ildə Slovakiya təxminən 5,92 milyon qonaq qəbul edib (red.: Slovakiyanın əhalisinin sayı təxminən 5,5 milyon nəfərdir). Bu, əvvəlki illə müqayisədə 3,3% çoxdur. Müsbət dinamika 2025-ci ildə də davam edib. Həmin il mehmanxana və digər yerləşdirmə obyektlərində 6,3 milyon qonaq qeydə alınıb. Bu, ölkə tarixində ikinci ən yüksək göstəricidir və illik artım 7%-i ötüb. Beləliklə, 2019-cu ilin rekord göstəricisindən cəmi 1,3% geri qalmışıq.

Bu artıma daxili tələbatın əhəmiyyətli dərəcədə yüksəlməsi də töhfə verib. Yerli turistlərin payına ümumi ziyarətlərin təxminən üçdə ikisi — 3,9 milyon qonaq düşüb. Bu göstərici 2019-cu ilin səviyyəsindən 1%-dən az geri qalır. Xarici turistlərin gəliş sayı da dinamik artım nümayiş etdirib və tarixi maksimuma çatmaq üçün cəmi 54 minə yaxın qonaq çatmayıb.

Müsbət dinamika gecələmələrin sayında da özünü göstərib. 2025-ci ildə gecələmələrin ümumi sayı 6,5% artaraq 16,2 milyona çatıb. Orta hesabla hər bir qonaq Slovakiyada 2,5 gecə keçirib. Bununla belə, ümumi gecələmə sayı 2019-cu ilin rekord göstəricisindən təxminən 9% aşağı olub.

Demək olar ki, Slovakiya turizmi pandemiyadan sonra təkcə bərpa olunmayıb, həm də tədricən 2019-cu ilin rekord göstəricilərinə yaxınlaşaraq yenidən artım mərhələsinə qədəm qoyub. Məqsədimiz yalnız turistlərin sayını artırmaq deyil. Əsas prioritetlərimiz turistlərin ölkədə orta qalma müddətini uzatmaq, regionların inkişafına turizmin iqtisadi töhfəsini artırmaq və il ərzində turist axınlarının daha bərabər paylanmasını təmin etməkdir.

Sektorun bərpasına böhranın təsirlərini yumşaltmaq üçün tətbiq edilən mexanizmlər, o cümlədən 2020-ci ildə sabit xərclərin bir hissəsinin ödənilməsi üçün ayrılan subsidiyalar, eləcə də Turizmin Təşviqi haqqında Qanuna uyğun yaradılmış inkişaf etmiş turizm destinasiyalarının idarəetmə sistemi (DMO) töhfə verib. Hazırda bu sistem yerli və regional səviyyələrdə dövlət və özəl sektoru təmsil edən 1400 subyekti birləşdirir.

Turizmin inkişafı üzrə tədbirlərin bir hissəsi Slovakiya Respublikasının Turizm və İdman Nazirliyinin sistemli dəstək mexanizmləri — Turizmin Təşviqi haqqında Qanun çərçivəsində ayrılan subsidiyalar hesabına maliyyələşdirilir. Bundan əlavə, Turizmə Dəstək Fondu vasitəsilə əlavə sistemli dəstək tədbirlərini mərhələli şəkildə tətbiq edirik. Nisbətən yeni olan bu mexanizm enerji daşıyıcılarının qiymətlərinin artdığı şəraitdə infrastrukturun modernləşdirilməsinə və daha çevik idarəetmə modelinin formalaşdırılmasına yönəlib.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe