Caspian Energy (CE): Cənab nazir, pandemiyadan sonrakı dövrün reallıqları fonunda Serbiya turizm sektorunun daha da inkişafı üçün hansı addımları atır? Xüsusilə turizm sənayesinin sürətli rəqəmsallaşması şəraitində xarici turistlərin cəlb olunması üçün hansı əsas strategiyalara üstünlük verilir?
Serbiya Respublikasının turizm və gənclər naziri Hüseyn Memiç: Ümumilikdə, Serbiya turizm sektorunun pandemiyadan sonrakı bərpası baxımından Avropanın ən uğurlu turizm istiqamətləri sırasına daxil olub. 2025-ci ildə Serbiyaya gələn xarici turistlərin sayı pandemiyadan əvvəlki göstərici ilə müqayisədə 27% artıb. Halbuki, bütövlükdə beynəlxalq turizm sektoru əvvəlki ili 2019-cu ilin göstəricilərinin yalnız 64%-i səviyyəsində başa vurub.
Ümumdünya Turizm Təşkilatının (BMT Turizm) məlumatlarına əsasən, 2025-ci ilin yanvar-dekabr aylarında Serbiya pandemiyadan əvvəlki dövrlə (2019-cu illə) müqayisədə turizm sektorunun bərpası və artımı baxımından Avropanın ən uğurlu istiqamətləri sırasında yer alıb. 2025-ci ildə ölkəyə gələn xarici turistlərin sayı 2019-cu illə müqayisədə 27% çox olub. Bu nəticə Serbiyaya nisbi artım tempinə görə Avropanın ilk on turizm istiqaməti sırasına daxil olmağa imkan verib. Daha dəqiq desək, ölkəmiz bu göstərici üzrə yeddinci yeri tutub. Bu nəticə turizmə tələbatın möhkəm və davamlı şəkildə bərpa olunduğunu, eyni zamanda Serbiyanın beynəlxalq turizm bazarında tanınma səviyyəsinin yüksəldiyini göstərir.
Bununla yanaşı, Serbiya beynəlxalq turizmdən əldə olunan gəlirlərin artım tempinə görə də yüksək mövqelərdə qərarlaşıb. 2025-ci ilin yanvar-noyabr aylarında beynəlxalq turizmdən əldə olunan gəlirlər 2019-cu illə müqayisədə 98% artıb. Bu göstərici Serbiyanı dünya üzrə ən uğurlu 20 turizm istiqaməti sırasına yüksəldib. Ölkəmiz bu reytinqdə doqquzuncu yerdə qərarlaşıb. Artım təkcə turistlərin sayının çoxalmasını deyil, həm də hər bir turistin orta xərclərinin yüksəlməsini və turizmin iqtisadiyyata töhfəsinin artmasını əks etdirir.
Turizmin inkişafının strateji idarə olunması baxımından biz qarşılıqlı əlaqələrin genişləndirilməsi strategiyasına əsaslanırıq. Bu strategiya sahələrarası, qurumlararası və nazirliklərarası əməkdaşlığı, eləcə də turizm sahəsində regional və beynəlxalq əlaqələrin inkişafını nəzərdə tutur. Bunun nəticəsində bir-birini tamamlayan turizm təklifləri, bəzi hallarda isə Qərbi Balkan ölkələrinin birgə turizm məhsulları formalaşıb. Bu yanaşma region ölkələrinə Avropanın həmin hissəsi üçün unikal turizm təklifləri hazırlamaq imkanı yaradıb.
Qarşılıqlı əlaqələrin inkişafı strategiyası ilə yanaşı, turizm tələbatının seqmentləşdirilməsi strategiyasına da xüsusi diqqət yetiririk. Bu, əsas və əlavə turizm məhsullarının inkişafının birbaşa turistlərin ehtiyaclarına uyğunlaşdırılması deməkdir. Qonşu ölkələrdən gələn turistlərlə yanaşı, Serbiyaya ən çox səfər edən və ölkədə gecələyən xarici qonaqlar Türkiyə, Çin, Rusiya Federasiyası, Almaniya, Yunanıstan və digər Avropa ölkələrinin vətəndaşlarıdır. Onları ölkəmizin təbii və mədəni irsi, eləcə də qastronomiyası ilə tanış olmaq imkanı cəlb edir. Həmçinin bayram tədbirləri və işgüzar görüşlər zamanı Serbiyanın ən böyük şəhərlərini ziyarət etməyə üstünlük verirlər.
Bundan əlavə, turizm sahəsində rəqəmsal transformasiyanı strateji inkişafın əsas istiqamətlərindən biri kimi müəyyən etmişik. Turizm potensialının təşviqi və ondan dayanıqlı istifadənin təmin edilməsi məqsədilə interaktiv rəqəmsal platformalar, virtual turlar, yerləşmə vasitələrinin bronlaşdırılması sistemləri, eləcə də istirahət məkanlarında müxtəlif xidmətlərdən birbaşa istifadə imkanları yaradan qabaqcıl texnologiyaları tətbiq edirik. Buraya muzeylərə biletlərin alınması, velosiped icarəsi və digər xidmətlər daxildir.
Beləliklə, səyahət istiqaməti seçərkən bu cür kommunikasiya kanallarından istifadəyə üstünlük verən bazar seqmentlərinin gözləntilərini və ehtiyaclarını nəzərə alırıq.
Please login or subscribe to read the full article.
Login / Subscribe