Caspian Energy (CE): Cənab nazir, qarşıdakı illərdə Sloveniyanın iqtisadi siyasətinin əsas prioritetləri hansılardır və ölkənin qlobal miqyasda rəqabət qabiliyyətini necə artırmağı planlaşdırırsınız?
Sloveniyanın iqtisadiyyat, turizm və idman naziri Matyaj Han: İqtisadi siyasətimiz uzunmüddətli dayanıqlığın möhkəmləndirilməsinə, məhsuldarlığın artırılmasına və davamlı iqtisadi artımın təmin edilməsinə yönəlib. Qarşıdakı illərdə prioritetlərimiz biznesin səmərəliliyinin yüksəldilməsi, innovasiya potensialının inkişafı və beynəlxalq bazarlarda mövqelərimizin genişləndirilməsi ilə birbaşa bağlı olacaq.
Birincisi, biz məhsuldarlığın artırılmasına və xüsusilə Sloveniya iqtisadiyyatının əsasını təşkil edən kiçik və orta biznes sahəsində fəaliyyət göstərən şirkətlərdə əlavə dəyərin yaradılmasına diqqət yetiririk. Bu, texnoloji modernləşmə üçün məqsədyönlü maliyyə stimullarını, rəqəmsal transformasiyanın və "yaşıl" keçidin dəstəklənməsini, eləcə də şirkətlərə fəaliyyətlərini genişləndirməyə və daha yüksək əlavə dəyər yaradan fəaliyyət sahələrinə keçməyə kömək edən tədbirləri nəzərdə tutur.
İkincisi, innovasiyalar və onların kommersiyalaşdırılması mühüm rol oynayır. Biz şirkətlərlə elmi-təhsil müəssisələri arasında tədqiqat sahəsində əməkdaşlığa dəstəyi genişləndirir, elmi-tədqiqat və işlənib hazırlanma layihələrini birgə maliyyələşdirir, biznesə yeni məhsul və texnologiyaları daha sürətlə bazara çıxarmağa kömək edirik. Məqsədimiz yalnız ixtiralar yaratmaq deyil, həm də onların qlobal səviyyədə uğurlu kommersiyalaşdırılmasına nail olmaqdır. Bu sahədə hələ də təkmilləşdirmə imkanlarımız var.
Üçüncüsü, beynəlmiləlləşmə rəqabət qabiliyyətinin əsas amilidir. "SPIRIT Slovenia" agentliyinin əlaqələndirdiyi ixracın təşviqi proqramları, ticarət missiyaları və yeni bazarlara çıxışın strateji dəstəyi vasitəsilə şirkətlərə xaricdə fəaliyyətlərini genişləndirməyə, ixrac bazarlarını şaxələndirməyə və qlobal dəyər zəncirlərinə daha dərindən inteqrasiya etməyə kömək edirik. Bu istiqamətdə aşağıdakı tədbirlər həyata keçirilir:
- İxracın dəstəklənməsi: Sloveniya ixracatçılarının rəqabət qabiliyyətinin və dayanıqlığının artırılması, ixracın yeni bazarlar hesabına şaxələndirilməsi.
- Xarici investisiyaların cəlb edilməsi: Sloveniya və xarici investorların ölkəyə cəlb edilməsi, dəstəklənməsi və onların ölkədə fəaliyyətinin davamlılığının təmin olunması.
- Sloveniya şirkətlərinin xaricdə investisiya qoyuluşunun dəstəklənməsi: beynəlxalq sərgilərdə kollektiv və fərdi iştirak, xaricdəki biznes klublarının fəaliyyəti və oxşar təşəbbüslər vasitəsilə Sloveniya şirkətlərinin beynəlxalq miqyasda genişlənməsinin təşviq edilməsi.
- Sloveniya iqtisadiyyatının beynəlxalq səviyyədə tanınmasının artırılması: reklam kampaniyaları və Sloveniya iqtisadiyyatını "Yaşıl. Kreativ. Ağıllı" ("Green. Creative. Smart.") şüarı altında təqdim edən digər təşəbbüslər vasitəsilə ölkənin biznes üçün əlverişli məkan kimi beynəlxalq imicinin möhkəmləndirilməsi.
- Beynəlmiləlləşməni dəstəkləyən ekosistemin fəaliyyətinin təkmilləşdirilməsi: müxtəlif təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi və dəstək mexanizmlərinin səmərəliliyinin artırılması.
Dördüncüsü, biz ümumilikdə biznes mühitini gücləndiririk. Bu, inzibati maneələrin azaldılmasını, investisiyaların həyata keçirilməsi və biznesin genişləndirilməsi ilə bağlı prosedurların sadələşdirilməsini, həmçinin yerli və xarici investorlar üçün proqnozlaşdırıla bilən şəraitin təmin edilməsinə yönəlmiş səyləri əhatə edir.
Nazirliyimizin rəqabət qabiliyyətinə yanaşması praktik xarakter daşıyır və biznesin ehtiyaclarına əsaslanır: biz şirkətlərə innovasiyaları tətbiq etməyə, inkişaf etməyə, beynəlxalq bazarlara çıxmağa və fəaliyyətlərinin səmərəliliyini artırmağa kömək edirik.
Please login or subscribe to read the full article.
Login / Subscribe