Dilinizi seçin

INDUSTRY
Biz Serbiyanı iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəal iştirakçı kimi mövqeləndiririk
Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç-Handanoviç

Caspian Energy (CE): Qlobal dayanıqlı inkişaf tendensiyaları fonunda Serbiyada, xüsusilə enerji istehsalı və sənaye sektorunda "yaşıl" texnologiyalara keçid prosesi necə irəliləyir?
Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç-Handanoviç: Serbiya strateji sənədlərində müəyyənləşdirildiyi kimi, enerji transformasiyası çərçivəsində iddialı, lakin real və əldə edilə bilən hədəflər müəyyən edib. Planımız ondan ibarətdir ki, 2030-cu ilədək istehsal olunan hər iki meqavat-saat elektrik enerjisindən biri bərpa olunan enerji mənbələrinin payına düşsün. Bu, Bərpa Olunan Enerji Mənbələrinin (BOEM) enerji sektorunda aparıcı mövqeyə çıxmasını təmin edəcək. Eyni zamanda, 2030-cu ilədək CO2 emissiyalarını 1990-cı illə müqayisədə 40,3 faiz azaltmağı və enerji səmərəliliyimizi əhəmiyyətli dərəcədə yüksəltməyi qarşıya məqsəd qoymuşuq.

Bu hədəfə nail olmaq üçün elektrik enerjisi istehsalı sahəsində dövlət və özəl investisiyaların birləşdirilməsi hesabına ümumi gücü təxminən 3,5 QVt olan günəş və külək elektrik stansiyaları inşa etməliyik. Dövlət investisiyalarına gəldikdə, "Elektroprivreda Srbije" (EPS) bu il ilk külək elektrik stansiyasının tikintisini başa çatdıracaq. Bundan əlavə, 2024-cü ilin sonunda 1 QVt gücündə günəş elektrik stansiyalarının və 200 MVt gücündə akkumulyator batareyalarının tikintisi ilə bağlı müqavilə imzalamışıq. Tikinti başa çatdıqdan sonra bu obyektlər 2028-ci ilədək EPS-in portfelinin bir hissəsinə çevriləcək. Bu, Avropada öz növünün ən böyük layihələrindən biridir və biz onu Cənubi Koreya və ABŞ-dan olan investorlarla birgə həyata keçirəcəyik.

Qeyd etmək istərdim ki, bu yaxınlarda Serbiyaya investisiya reytinqi verilib ki, bu da öz növbəsində özəl investorlar üçün əlverişli şəraitin mövcudluğunu bir daha təsdiqləyir. Dövlət və özəl investisiyaların birləşdirilməsi sayəsində 2030-cu il üçün bərpa olunan enerji mənbələri hesabına yeni generasiya güclərinin yaradılması üzrə qarşıya qoyduğumuz hədəflərə əhəmiyyətli dərəcədə yaxınlaşacağıq. 2023-cü ildə bazar mükafatları üzrə keçirilən ilk hərraclar çərçivəsində ümumi gücü 715 MVt olan günəş və külək elektrik stansiyası layihələrinin inkişafını təmin etmişik. Bu layihələrə 1,2 milyard avro həcmində investisiya qoyulacaq. Sözügedən elektrik stansiyalarının tikintisi 2026-cı ilin sonunadək başa çatdırılacaq. Hazırda isə ikinci hərrac mərhələsi keçirilir və bu çərçivədə ümumilikdə 425 MVt həcmində yeni generasiya gücü təklif etmişik.

Ölkə daxilində fəaliyyət göstərən sənaye müəssisələri öz enerji tələbatlarını qarşılamaq üçün getdikcə daha fəal şəkildə yaşıl enerjiyə keçdikcə, bərpa olunan enerji mənbələrindən enerji istehsalının artımının ilk növbədə vətəndaşlarımızın və iqtisadiyyatımızın ehtiyaclarına yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe