Caspian Energy (CE): COP29-un nəticələrini necə qiymətləndirirsiniz və qlobal iqlim tədbirləri, eləcə də Cənubi Afrikanın bu prosesdəki rolu baxımından COP30-dan əsas gözləntiləriniz nədən ibarətdir?
Cənubi Afrika Respublikasının Meşəçilik, Balıqçılıq və Ətraf Mühitin Mühafizəsi naziri Dion Corc: 2024-cü ilin noyabrında COP29 çərçivəsində iki həftə davam edən məsləhətləşmə və danışıqların gərgin keçməsinə baxmayaraq, sonda yeni sazişin əldə olunmasından olduqca məmnun qaldım. Mənə məlumdur ki, Cənubi Afrikanın danışıqlar heyəti əsas məsələlərin yekun sənədlərdə öz əksini tapması üçün böyük vaxt və səy sərf edib. Məqsədimiz yalnız konsensusa nail olmaq deyil, həm də real dəyişikliklərə töhfə vermək idi. Danışıqlar qrupumuz inkişaf etməkdə olan ölkələrin iddialı iqlim hədəflərinə nail olması üçün tələb olunan resursların həcminin müəyyənləşdirilməsinə imkan verən müddəalara xüsusi diqqət yetirdi və bu məqsədə nail olduq.
Beləliklə, Bakıda qəbul edilmiş İqlim Birliyi Paktının ən mühüm nəticələrindən biri iqlim maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbul edilməsi oldu. Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) inkişaf etməkdə olan iqtisadiyyatlara malik ölkələrdə iqlim tədbirlərinin dəstəklənməsi məqsədilə 2035-ci ilədək illik 300 milyard ABŞ dolları səviyyəsində müəyyən edilib. Bu, əvvəlki 100 milyard dollarlıq hədəflə müqayisədə əhəmiyyətli irəliləyişdir. Bu razılaşma inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrə, özəl sektora və inkişaf banklarına aydın mesaj verir ki, 2035-ci ilədək inkişaf etməkdə olan iqtisadiyyatlara malik ölkələr üçün maliyyələşdirmənin həcminin illik 1,3 trilyon ABŞ dollarınadək artırılması zəruridir.
Hesab edirəm ki, COP29 gələcək iqlim danışıqları üçün mühüm dönüş nöqtəsi oldu və düşünürəm ki, COP30 çərçivəsində müzakirələrin əhəmiyyətli hissəsi COP29-da əldə olunmuş razılaşmaların həyata keçirilməsinə həsr ediləcək. Bu il G20-yə sədrliyi çərçivəsində Cənubi Afrikanın həyata keçirəcəyi işlər COP30-da danışıqlar üzrə məqsədlərimizi böyük ölçüdə müəyyənləşdirəcək. İlk növbədə, burada kapitalın yüksək dəyəri, Cənubi Afrikanın yaşıl texnologiyalara investisiyaların cəlb edilməsi istiqamətində səyləri, aşağı karbonlu iqtisadiyyata keçid çərçivəsində iqtisadi potensialın reallaşdırılması, eləcə də digər istiqamətlər xüsusi əhəmiyyət daşıyacaq.
Please login or subscribe to read the full article.
Login / Subscribe