Caspian Energy (CE): Zati-aliləri, ötən ilin iyununda ikinci dəfə Azərbaycana səfər etdiniz və Bakı Enerji Həftəsində mühüm çıxışla etdiniz. Qaz İxrac edən Ölkələr Forumunun (GECF) üzvü olan Azərbaycan təşkilatınız üçün nə dərəcədə əhəmiyyətlidir?
GECF-in baş katibi Məhəmməd Hamel: Həqiqətən də, yaxın zamanda neft sənayesinin vətəni olan tarixi Bakı şəhərinə qayıtmaqdan məmnunluq duydum. Azərbaycan ümumilikdə dünya qaz ehtiyatlarının təxminən 70%-nə və bazarda reallaşdırılan qazın 40%-nə sahib olan 20 ölkəni birləşdirən hökumətlərarası təşkilat – Qaz İxrac edən Ölkələr Forumunun (GECF) əsas üzvlərindən biridir.
Azərbaycan uzun müddətdir qlobal enerji sektorunda mühüm rol oynayır. Ölkə bu fəaliyyətə neftlə başlayıb, daha sonra təbii qaza keçib və hazırda bərpa olunan enerji mənbələrinin tətbiqi hesabına fəal şaxələndirmə siyasəti həyata keçirir. Təbii qaz və bərpa olunan enerji mənbələri arasında sinerjidən istifadə edən balanslaşdırılmış və düşünülmüş enerji strategiyası sayəsində ölkə qlobal enerji təhlükəsizliyinə və dayanıqlılığına əhəmiyyətli töhfə verir.
Bundan əlavə, Azərbaycanın COP29-a ev sahibi seçilməsi onun daha dayanıqlı enerji gələcəyinə keçiddə artan liderliyinin və beynəlxalq ictimaiyyətin ölkənin qlobal miqyaslı tədbirləri təşkil etmək imkanlarına göstərdiyi etimadın göstəricisidir.
İyun ayında səfərim zamanı energetika naziri Pərviz Şahbazov və ekologiya və təbii sərvətlər naziri, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının təyin olunmuş prezidenti Muxtar Babayevlə məhsuldar müzakirələrdə iştirak etməkdən xüsusi məmnunluq duydum.
COP29-un uğurla keçirilməsi üçün GECF-in Azərbaycana tam dəstəyini ifadə etdim. Biz tədbirdə, xüsusilə ixtisaslaşmış pavilyon çərçivəsində fəal iştirak edəcəyik. Məqsədimiz əlçatan, etibarlı və dayanıqlı enerjinin təmin olunmasında təbii qazın mühüm rolunu vurğulamaq, eləcə də onun nizamlı, ədalətli və iqtisadi baxımdan səmərəli enerji keçidlərinin təmin edilməsində həlledici əhəmiyyətini diqqətə çatdırmaqdır.
Please login or subscribe to read the full article.
Login / Subscribe