"Mənim ölkəm Şengenə tamhüquqlu üzvlük kimi qanuni məqsədinə ardıcıl şəkildə nail olmaq əzmindədir"
Caspian Energy (CE): Cənab Prezident, Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın mövcud səviyyəsini necə qiymətləndirirsiniz və qarşıdakı dövrdə bu əməkdaşlığın daha da genişləndirilməsi üçün hansı potensial imkanları görürsünüz?
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev: Bolqarıstan Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və Azərbaycanı Cənubi Qafqaz və geniş Qara dəniz regionunda etibarlı strateji tərəfdaş kimi qəbul edir. Son illərdə ikitərəfli siyasi dialoqun intensivləşməsi ölkələrimiz arasında formalaşmış ənənəvi dostluq münasibətlərinin və getdikcə genişlənən ikitərəfli əlaqələrin bariz göstəricisidir.
2024-cü ilin mayında Bakıya son səfərim zamanı imzalanmış Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair Birgə Bəyannamə enerji və kommunikasiyalar kimi prioritet sahələrdə əməkdaşlığımızı inkişaf etdirməyə və genişləndirməyə, eləcə də daha az irəliləyiş əldə olunan digər istiqamətlərə yeni impuls verməyə dair ümumi iradəmizi əks etdirir.
Biz həm ikitərəfli əsasda, həm də Avropa İttifaqının Cənubi Qafqaz və geniş Qara dəniz regionu ilə əlaqələrin inkişafına yönəlmiş siyasəti çərçivəsində iqtisadi əməkdaşlığımızı gücləndirməyə hazırıq. Buraya Aİ ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı da daxildir. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizi vasitəsilə Mərkəzi və Şərqi Avropaya sabit və etibarlı qaz tədarükünün həyata keçirilməsi üçün imkanlar yaradır.
Təəssüf ki, ikitərəfli ticarətimizin həcmi hələ də ölkələrimizin potensialına uyğun gəlmir və biz ticarət-iqtisadi əlaqələrimizin mövcud vəziyyətini dəyişmək istərdik.
Məhz buna görə də Prezident Əliyevlə keçirdiyim hər görüşdə iki ölkənin biznes nümayəndələri arasında görüşün təşkilinin vacibliyini vurğulayıram. Biz uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün böyük potensial görürük.
Xüsusilə yüksək texnologiyalar, yüksək əlavə dəyər yaradan sənaye sahələri, pilotsuz uçuş aparatları, avtomobil sənayesi, eləcə də təmiz texnologiyalar sahələrində əməkdaşlıq və inkişaf imkanları mövcuddur.
Bolqarıstan və Azərbaycanda birgə investisiyaların həyata keçirilməsi üçün imkanlar var. Bolqarıstan beynəlxalq səviyyədə tanınan sənaye avadanlıqları, qida sənayesi məhsulları, əczaçılıq preparatları, ətriyyat və kosmetika məhsulları və digər məhsullar ixrac edə bilər.
Hərbi-sənaye kompleksi sahəsində əməkdaşlıq imkanlarına gəldikdə isə qeyd etmək istərdim ki, Bolqarıstanın müdafiə sənayesi yüngül silahlar, sursat, radio və optik avadanlıqların istehsalı üzrə ixtisaslaşıb. Biz Azərbaycanın müdafiə sənayesi şirkətlərinə uzunmüddətli, etibarlı və perspektivli tərəfdaşlıq təklif edə bilərik.
Sofiya–Bakı marşrutu üzrə müntəzəm sərnişin reyslərinin bərpasına birlikdə nail olmağımızdan çox məmnunam. Bu hava marşrutu Bolqarıstanın Xəzər regionu ilə əlaqələrini yaxşılaşdırmaqla yanaşı, həm Bolqarıstan, həm də Azərbaycan üçün biznes və səyahət sahələrində yeni imkanlar yaradır.
Please login or subscribe to read the full article.
Login / Subscribe