Xəzər dənizi – dünyada yeganə, Dünya okeanına çıxışı olmayan unikal duzlu su hövzəsi – ayrılmaz hissəsi olan Azərbaycanla birlikdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq. COP29 2024-cü il noyabrın 11–22-də Azərbaycanda keçiriləcək.
COP29-un keçirildiyi müddətdə ölkəyə 70–80 minədək xarici qonaq və turistin səfər edə biləcəyi gözlənilir.
Rusiya Federasiyasının Baş naziri olduğu dövrdə Dmitri Medvedev Xəzər dənizi barədə danışarkən qeyd edib ki, Xəzər “dünyanın neft ehtiyatlarının təxminən 70 faizinin və təbii qaz ehtiyatlarının 40 faizinin cəmləşdiyi enerji ellipsini formalaşdırır. Bu günə qədər bu, Xəzəryanı beş dövlət arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri olub”.
Onun sözlərinə görə, Xəzər qitələrarası yolların kəsişməsində yerləşir. Xəzəryanı ölkələrin əraziləri şərqdə Cənubi Asiya və Asiya-Sakit okean regionuna, qərbdə Qara və Aralıq dənizlərinə, cənubda İran vasitəsilə Yaxın və Orta Şərqə, şimal istiqamətində isə Rusiya ərazisindən keçməklə Baltik dənizi sahillərinə birbaşa çıxış imkanlarına malikdir.
Lakin Xəzərdə ekoloji məsələlər indiyədək genişmiqyaslı xarakter daşımayıb, əsasən ayrı-ayrı aksiyalarla məhdudlaşıb və nərə balıqlarının populyasiyasının qorunmasına yönəlib. Məsələn, 2014-cü ildə beş ölkənin liderləri – Nursultan Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla birgə – Volqa çayına ağ nərə balığının körpələrini buraxıblar. Həmin vaxt dövlət başçıları ümumilikdə 500 ədəd ağ nərə körpəsini təbii su mühitinə buraxıblar.
Bu gün dünyada baş verən proseslər Xəzərin və bütövlükdə Azərbaycanın resurslarına fərqli prizmadan baxmağa imkan verir. İlkin hesablamalara görə, yalnız Azərbaycanın Xəzər sektorunun ölkəyə 157 min MVt elektrik enerjisi vermək potensialı var ki, bu da Azərbaycandakı bütün elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur.
Azərbaycan mümkün 12 iqlim qurşağından 9-na malikdir. Ölkədə demək olar ki, ilboyu külək əsir və günəş işığı müşahidə olunur ki, bu da yaşıl enerjinin istehsalı üçün böyük imkanlar yaradır.
Azərbaycanda günəş enerjisindən praktiki olaraq ölkənin bütün ərazisində istifadə etmək mümkündür. Külək enerjisindən istifadə baxımından isə ən perspektivli ərazilər Xızı, Xəzər, Abşeron, Qobustan rayonları, eləcə də paytaxt Bakı, yəni ölkənin şərq hissəsidir.
Bərpa olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da böyük potensial mövcuddur. Günəş enerjisi baxımından Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, yəni bütün Şərqi Zəngəzur iqtisadi rayonu, eləcə də Füzuli daha əlverişli hesab olunur. Kəlbəcər və Laçın isə saniyədə 8 metrədək sürətə çatan güclü küləkləri ilə seçilir.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan liderləri 2022-ci il dekabrın 17-də “yaşıl enerji”nin inkişafı və ötürülməsi, həmçinin Azərbaycan enerjisinin Avropaya çatdırılması üçün Qara dənizin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Saziş Azərbaycanla Rumıniya arasında Qara dənizin dibi ilə 1100 kilometrlik (685 mil) və 1000 MVt gücündə elektrik kabelinin çəkilməsini nəzərdə tutur. Bu kabel dünyada ən uzun elektrik kabeli olacaq.
Avropa Komissiyası kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Layihənin həyata keçirilməsi bir neçə il çəkəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Buxarestdə çıxışı zamanı bildirib: “A Bu gün imzalanacaq yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır”.
O qeyd edib ki, bu Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır..
Azərbaycan Prezidenti çıxışında əlavə edib ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdir, bu il 11,3 milyard kubmetr təşkil edib. Növbəti il onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq.
Əliyev Buxarestdə keçirilən iclasda çıxışı zamanı həmçinin qeyd edib ki, Azərbaycanın elektrik enerjisi ixracının birinci mərhələsi üçün ən azı 3 QVt əlavə ötürücü güc yaradılmalıdır.
“Bərpa olunan enerji mənbələrinin artan payını inteqrasiya etmək üçün bizə həqiqətən də daha güclü elektrik əlaqələri lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dəniz enerji kabeli çox vacibdir”, – deyə Aİ Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
“Bu, Rumıniya və Macarıstan vasitəsilə bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin Aİ-yə çatdırılması hesabına təchizat təhlükəsizliyimizi gücləndirməyə kömək edəcək”, – deyə o əlavə edib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto daha əvvəl "Facebook" səhifəsində bildirib ki, Azərbaycan Avropanın enerji təchizatına cəlb ediləcək ən mühüm, hətta qısamüddətli və orta müddətli perspektivdə yeganə tərəfdaşdır. Nazir bu fikri Aİ ilə Azərbaycan arasında bu yaxınlarda imzalanmış enerji sazişini qeyd edərkən səsləndirib.
Nazirin sözlərinə görə, Macarıstan Azərbaycanın təqdim etdiyi yaşıl elektrik enerjisindən həm istifadə edəcək, həm də onun bir hissəsini digər istiqamətlərə ötürəcək.
Dünyanın ən uzun elektrik kabelinin inşa edilməsi Xəzərin enerji resurslarını Aİ ilə birləşdirən daha bir körpü olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə daha bir töhfəsi olacaq.
Konfrans
“Biz (COP29-da – red.) sədrliyə özümüzü nümayiş etdirmək, ölkəmizi təqdim etmək fürsəti kimi baxmırıq”.
Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, biz buna (Azərbaycanın COP29-a sədrliyinə - red.) beynəlxalq arenada ən təxirəsalınmaz məsələnin praktiki həllinə töhfə vermək imkanı kimi baxırıq.
COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışan dövlət başçısı qeyd edib: “COP29-a gəldikdə isə, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir”.
Prezident bildirib ki, Azərbaycanın əsas arzusu COP29-un iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasıdır. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir.
Bundan əvvəl, 2024-cü ilin fevralında BMT-nin iqlim konfranslarına 2023–2025-ci illərin ev sahibləri olan BƏƏ, Azərbaycan və Braziliya iqlim gündəliyinin məqsədlərinə nail olunmasına töhfə vermək üçün üçlük mexanizmini yaratdıqlarını açıqlayıblar.
Bu, geosiyasi gərginlik nəticəsində deyil, ekoloji və iqlim xarakterli problemlərin həlli məqsədilə yaradılan ilk ölkələr koalisiyalarından biri hesab olunur. Azərbaycan beləliklə, sülh gündəliyinin mərkəzində də öz mövqeyini qoruyur.
Tərəflər qlobal temperatur artımının 1,5 dərəcə Selsi həddində saxlanılması məqsədinə nail olmaq üçün yol xəritəsi üzərində işləyəcəklər.
COP28-in sədri Sultan Əhməd əl-Cabir bu təşəbbüsü mühüm adlandıraraq, 1,5 dərəcəlik məqsədə çatmaq üçün “əlimizdən gələn hər şeyi etməliyik” deyib.
“Biz Dubayda verilmiş vədlərin yerinə yetirilməsini təmin etmək üçün Bakı və Braziliyadakı dostlarımızla birlikdə işləyəcəyik. Birlikdə növbəti Tərəflər Konfransında əldə olunacaq yeni razılaşmaların bizi bu məqsədə çatmaq üçün zəruri yola yönəltməsini təmin edəcəyik”, – deyə o bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq isə bu ilin martında Bakıda çıxışı zamanı bildirib: “İqlim dəyişiklikləri təhlükəsizlik, NATO üçün əhəmiyyət daşıyır, onlar böhranı dəfələrlə gücləndirir. Buna görə də vəzifə belədir: dünya enerjiyə ehtiyac duyur, eyni zamanda biz qlobal istiləşmə ilə mübarizə aparmalıyıq. Enerjiyə olan tələbatımızla ətraf mühitin vəziyyəti arasında uzlaşma yaratmalıyıq”.
“Azərbaycan təkcə təbii qaz ixrac etmir, həm də alternativ enerji mənbələrinə investisiya yatırır. Bu baxımdan COP29 mühüm mərhələ olacaq”, – deyə NATO-nun baş katibi vurğulayıb.
Stoltenberq Azərbaycanın Avropaya qaz tədarükündə artan rolunu da alqışlayıb. “İnterfaks”ın məlumatına görə, Azərbaycanın qaz ixracının təxminən 50 faizi Avropaya yönəlib və 2023-cü ildə bu həcmin 11,8 milyard kubmetr olduğu bildirilib.
“(...) ölkəniz qaz, gələcəkdə isə elektrik enerjisi təchizatında getdikcə daha mühüm rol oynayır və Avropada NATO-nun əsas müttəfiqlərindən biridir. Azərbaycan cəmiyyətlərimizin həyat təminatında mühüm rol oynayır”, – deyə Stoltenberq əlavə edib.
Hazırda COP29 çərçivəsində Azərbaycana Xəzəryanı ölkələrin, Norveç, Türkiyə və Danimarkanın liderləri dəvət olunub və onların sayı davamlı olaraq artır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski ilə geniş tərkibdə görüş keçirib. Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə olunub.
BMT-nin Dubayda keçirilən əvvəlki iqlim konfransı – COP28 zamanı ölkələr 2050-ci ilədək sıfır emissiya səviyyəsinə nail olmaq üçün bütün növ qalıq yanacaqlardan imtina ilə bağlı tarixi razılaşma əldə ediblər. Agentlik vurğulayır ki, razılaşmada ilk dəfə bütün növ qalıq yanacaqlardan imtina ilə bağlı öhdəlik əksini tapıb. Əvvəlki iqlim sammitlərinin heç bir sənədində onilliklər ərzində dünya iqtisadiyyatının əsasını təşkil edən neft və qazdan imtina məsələsi yer almayıb.
Razılaşma ölkələri enerji sistemlərində qalıq yanacaqlardan istifadədən sürətli və nizamlı şəkildə imtina etməyə çağırır. Ölkələr həmçinin keçid prosesinə öz töhfələrini müstəqil şəkildə müəyyən etməyi öhdələrinə götürüblər. Razılaşmanın nə qədər sürətlə reallığa çevriləcəyi isə investorların, istehlakçıların və milli hökumətlərin qərarlarından asılı olacaq.
Məqalədə bildirilir ki, hətta iki il əvvəl Qlazqoda keçirilən konfransda ölkələr kömürdən istifadədən mərhələli şəkildə imtina etmək qərarına gəldikdən sonra belə, onun istehlakı artmaqda davam edib və dünya, böyük ehtimalla, Paris Sazişində müəyyən edilmiş 1,5 dərəcə Selsi həddində istiləşməni məhdudlaşdırmaq məqsədinə nail ola bilməyəcək.
Sənəddə həmçinin onilliyin sonunadək bərpa olunan enerji mənbələrinin tətbiqinin üç dəfə artırılması və enerji səmərəliliyinin yüksəldilməsi tempinin ikiqat artırılması ilə bağlı razılaşmalar yer alıb.
Bu səbəbdən, böyük ehtimalla, Bakıda keçiriləcək çərçivə konfransında BƏƏ-də əldə olunmuş razılaşmaların konkretləşdirilməsi, həmçinin planetin tükənməkdə olan içməli su ehtiyatlarının qorunması, qapalı su hövzələrinin flora və faunasının mühafizəsi və onların kommersiya məqsədləri üçün istifadəsi, eləcə də ətraf mühitin çirklənməsinin sıfır balansına nail olmaq və bərpa olunan enerji resurslarına keçidi təmin etmək məqsədilə neft-qaz sənayesində ekoloji məsuliyyətin artırılması üçün investisiyaların təşviqinə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi əsas məsələlərdən olacaq.
“Biz COP29-u uğur hekayəsinə çevirmək üçün səylərimizi əsirgəməyəcəyik”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Prezident vurğulayıb ki, Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üzrə qlobal səyləri ardıcıl şəkildə dəstəkləyir və enerji səmərəliliyinin artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
“Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib. Yaşıl enerjinin inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasındadır.”, – deyə dövlət başçısı vurğulayıb.
İlham Əliyev qeyd edib ki, COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ölkənin “iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir”.