Caspian Energy (CE): Cənab Baş nazir, formalaşdırılmış hökumətin əsas məqsəd və vəzifələri nədən ibarətdir?
Rumıniyanın Baş naziri Marçel Çolaku: Məqsədlərimiz hökumət proqramında əksini tapan təkliflərimizə uyğun olaraq Rumıniyanın balanslaşdırılmış və dayanıqlı inkişafının təməlini təşkil edir. Aydındır ki, söhbət yalnız bizim üçün deyil, ümumilikdə mürəkkəb xarakter daşıyan, sərhədlərimizin bilavasitə yaxınlığında baş verən münaqişənin yaratdığı və pandemiyadan sonrakı böhranlarla daha da mürəkkəbləşən vəziyyətin sosial və iqtisadi təsirlərinin yumşaldılmasından gedir.
Bununla yanaşı, məqsədlərimizi iqtisadi və sosial modernləşməyə yönəlmiş prioritet inkişaf ehtiyacları və perspektivli layihələr üzərində cəmləşdirmişik. Hazırda Rumıniya cəmiyyətinin və iqtisadiyyatının ehtiyac duyduğu islahatları və investisiyaları həyata keçirməliyik. Uğurumuz isə sərəncamımızda olan maliyyə resurslarının - istər milli büdcə vəsaitləri, istərsə də xarici maliyyələşmə hesabına formalaşan vəsaitlərin - səmərəli və şəffaf idarə olunmasından asılıdır.
Bu baxımdan, Milli Bərpa və Dayanıqlılıq Planı çərçivəsində əhəmiyyətli dəstək alırıq. Xüsusilə ona görə ki, bu Avropa mexanizminin dəstəyi ilə həyata keçirməyi öhdəmizə götürdüyümüz bir çox islahat Rumıniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzvlüyə hazırlanması üçün zəruri olan tədbirlərlə üst-üstə düşür.
İnfrastruktur, təhsil, səhiyyə, rəqəmsal transformasiya, dayanıqlı inkişaf, sosial islahatlar və ya səmərəli idarəetmədən danışmağımızdan asılı olmayaraq, əminliklə deyə bilərəm ki, bütün bunlar vətəndaşlara keyfiyyətli dövlət xidmətlərinin və infrastrukturun təqdim edilməsini, eyni zamanda iqtisadiyyata dəstək göstərilməsini təmin edən tamamilə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Mənim sosial-demokrat siyasi baxışlarım Baş nazir kimi iqtisadiyyatın cəmiyyətin rifahı naminə səmərəli fəaliyyət göstərməsinin vacibliyini dərk etməyimə mane olmur, əksinə, bu yanaşmanı daha da gücləndirir. Daha əvvəl də qeyd etdiyim kimi, rəhbərlik etdiyim hökumətin fəaliyyət gündəliyinin əsas istiqamətlərini islahatlar və iqtisadiyyat təşkil edir. Daha dəqiq desək, məqsədimiz iqtisadiyyatın daha çox əlavə dəyər yaratmasına, yeni iş yerlərinin açılmasına və bunun nəticəsində rumınların həyat səviyyəsində real müsbət dəyişikliklərin təmin edilməsinə nail olmaqdır.
Mövcud geostrateji vəziyyət Rusiyadan idxaldan asılılığın aradan qaldırılması yolu ilə enerji siyasətinə yenidən baxılmasını qaçılmaz edir. Bu baxımdan həm Rumıniyada, həm də digər Avropa ölkələrində hökumət səviyyəsində bu sektora lazımi əhəmiyyət verməyimiz tamamilə təbiidir. Bunu alternativ enerji mənbələrinin təşviqinə yönəlmiş dəstəklədiyimiz konkret layihələr, eləcə də regional enerji layihələrində birgə iştirak vasitəsilə həyata keçiririk.
Bundan əlavə, bu məsələni avqust ayında Afinada Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə yüksək səviyyədə keçirilmiş görüşdə, həmçinin mənim və hökumət üzvlərinin Avropa rəsmiləri ilə apardığı müzakirələr zamanı nəzərdən keçirmişik.
Bu kurs həmçinin mandatımızın əvvəlindən etibarən atdığımız və Brüssel rəsmilərinin təhlilinə yeni "REPowerEU" planını təqdim etməyə imkan verən addımları da əhatə edir. Bu plan birbaşa istehlakçılara yönəlmiş, yaşayış binalarında və ev təsərrüfatlarında enerji səmərəliliyinin təmin olunmasına xidmət edən proqramları nəzərdə tutur.
Söhbət 1,1 milyard avrodan çox vəsaitə çıxış imkanından gedir. Bu vəsait təxminən 60 min ev təsərrüfatının günəş panelləri və enerji saxlama batareyaları ilə təchiz edilməsinə imkan verəcək.
Bizim həmçinin "Doyçeşt" enerji kompleksi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələrimiz var. Bu layihələrdə qeyri-ənənəvi enerji mənbələri sektorunda yeni texnologiyaların tətbiqini nəzərdə tuturuq.
Bütün bunlar daha səmərəli və təmiz enerji mənbələrinə keçidi və bununla da qarşıya qoyduğumuz dekarbonizasiya hədəflərinə nail olmağımızı təmin edəcək.
Söhbət enerji sektorundan, nəqliyyat infrastrukturundan və ya rəqəmsallaşma potensialından gedirsə, biz investisiyalara güvənirik və biznes nümayəndələri ilə keçirdiyimiz hər bir müzakirə zamanı məhz bu mesajı çatdırırıq.
Sentyabrın əvvəlində Buxarestdə keçirilmiş "Üç dəniz" sammiti çərçivəsində hökumətin təşkil etdiyi "Üç dəniz təşəbbüsü" biznes forumunda regiondan və onun hüdudlarından kənardan biznes dairələrinin nümayəndələri geniş şəkildə iştirak etdilər. Bu da Rumıniyanın investorlar üçün cəlbediciliyini göstərir.
Please login or subscribe to read the full article.
Login / Subscribe