Dilinizi seçin

FINANCE
Rəqəmsallaşma maliyyə dünyasını transformasiya edir
Avropa İttifaqının maliyyə üzrə Avropa komissarı Meyrid Mak Qinness

Caspian Energy (CE): Avropa İttifaqı 2050-ci ilədək iqlim baxımından neytral olmağı hədəfləyir. Keçid dövründə bu məqsədə nail olunmasında hansı investisiya formaları – dövlət, yoxsa özəl investisiyalar – daha mühüm rol oynayacaq? Enerji keçidinin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə hansı tədbirlər görülüb və maliyyə resurslarının səfərbər edilməsi üçün hansı şərait yaradılıb?
Avropa İttifaqının maliyyə xidmətləri, maliyyə sabitliyi və kapital bazarları üzrə Avropa komissarı Meyrid Mak Qinness: "Yaşıl Saziş" və "RePowerEU" planının məqsədlərinə nail olmaq üçün, eləcə də "Net-Zero Industry Act" çərçivəsində müəyyən edilmiş hədəflərin reallaşdırılması məqsədilə 2030-cu ilədək tələb olunan 92 milyard avro həcmində investisiyaya əlavə olaraq, Aİ-yə hər il 620 milyard avrodan çox əlavə investisiya lazım olacaq. Büdcə maliyyələşdirilməsi müəyyən rol oynayacaq, lakin tələb olunan investisiyaların həcmi yalnız dövlət sektorunun imkanlarını əhəmiyyətli dərəcədə üstələyir. Məhz buna görə bizim dayanıqlı maliyyələşdirmə modelimiz mövcuddur: özəl maliyyə axınları dayanıqlı inkişafa keçidi dəstəkləyən iqtisadi fəaliyyət sahələrinə yönəldilir.
Son illərdə özəl sektorun dayanıqlı investisiyalara marağı əhəmiyyətli dərəcədə artıb. Lakin bu cür maliyyələşdirmənin genişlənməsi üçün aydın, ardıcıl və etibarlı qayda və normaların mövcudluğu vacibdir. Bu məqsədlə Aİ üç əsas istiqamətdə fəaliyyət göstərir.
Birincisi, taksonomiya. Dayanıqlı iqtisadi fəaliyyət növlərinə dair ətraflı təsnifat sisteminin yaradılması investorların iqtisadiyyatın bütün əsas sektorlarında ekoloji göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşdıran keçid layihələrinin və ekoloji baxımdan dayanıqlı layihələrin maliyyələşdirilməsinə dəstək vermək məqsədi daşıyır. Aİ-nin ekoloji məqsədləri ilə hansı fəaliyyətlərin uyğunluq təşkil etdiyini dəqiq müəyyənləşdirən Aİ taksonomiyası şirkətləri yeni layihələrə başlamağa və ya mövcud layihələri müəyyən edilmiş meyarlara uyğun şəkildə modernləşdirməyə təşviq etməlidir. Taksonomiya ilə yanaşı, "greenwashing" ("yaşıl pr")– yəni ekoloji məsuliyyətin əsassız şəkildə şişirdilməsi və digər dezinformasiya formaları ilə mübarizə istiqamətində mühüm addımlardan biri də iyun ayında ekoloji, sosial və idarəetmə (ESG) meyarları üzrə reytinqlərin şəffaflığının və etibarlılığının artırılmasına dair təklifin qəbul edilməsi oldu.
İkincisi, məlumatların açıqlanması. Dayanıqlı maliyyələşdirmə üzrə məlumatların açıqlanmasına dair Qaydanı və korporativ dayanıqlılıq hesabatlılığı üzrə Direktivləri qəbul etməklə Aİ bütün maliyyə sektorunu əhatə edən genişmiqyaslı məlumat açıqlama rejimi yaradıb. Bu mexanizm ekoloji, sosial və idarəetmə (ESG) amillərinin yaratdığı təsirlər, risklər və imkanlar barədə şəffaflığın artırılmasına, eyni zamanda ikili əhəmiyyətlilik prinsipinin tətbiqinə xidmət edir. Hazırda qəbul edilməkdə olan Avropa Dayanıqlılıq Hesabatlılığı Standartları bu rejimi tamamlayacaq və şirkətlərə dayanıqlılıqla bağlı məlumatları standartlaşdırılmış və proporsional formada təqdim etməyə imkan verəcək. Bu da onların dayanıqlı maliyyələşdirməyə çıxışını asanlaşdıracaq.
Üçüncüsü, investisiya alətləri. Buraya, xüsusilə, Aİ-nin Yaşıl İstiqrazlar Standartı və iqlim meyarları daxildir. Bu alətlər maliyyə bazarlarının iştirakçılarına investisiya strategiyalarını Aİ-nin iqlim və ekoloji məqsədləri ilə uyğunlaşdırmaq istiqamətində dəstək göstərmək məqsədi daşıyır.
Hazırda əsas diqqətimizi bu proqram üzərində işi başa çatdırmağa və onun keçid dövründə real iqtisadiyyata effektiv şəkildə dəstək verməsini təmin etməyə yönəltmişik. Məqsədimiz yüksək ekoloji hədəfləri qorumaqla yanaşı, şirkətlər üçün yaranan inzibati və digər yükü minimuma endirmək, bununla da onların uzunmüddətli perspektivdə rəqabətqabiliyyətliliyini təmin etməkdir.

İyunun 13-də bu əsasları daha da möhkəmləndirən və onların praktikada effektiv tətbiqini təmin edən tədbirlər paketini təqdim etdik.
Bu paket çərçivəsində Avropa Komissiyasının maraqlı tərəflərin bildirdiyi əsas tətbiq problemlərinin həllinə yönəlmiş, son dövrlərdə qəbul etdiyi tədbirlərə dair ümumi icmal təqdim etdik. Bu tədbirlər qayda və normaların tətbiqini mümkün qədər sadə, aydın və ardıcıl etmək, eyni zamanda inzibati maneələri maksimum dərəcədə azaltmaq məqsədi daşıyır. Avropa Komissiyası Avropa nəzarət orqanlarının və Dayanıqlı Maliyyələşdirmə Platformasının dəstəyi, eləcə də maraqlı tərəflərin davamlı iştirakı ilə taksonomiyanın və ümumilikdə dayanıqlı maliyyələşdirmə mexanizmlərinin istifadəsini daha da asanlaşdırmaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Bundan əlavə, biz dayanıqlı maliyyələşdirmənin yalnız artıq ekoloji baxımdan dayanıqlı fəaliyyət göstərən şirkətlər üçün nəzərdə tutulmadığını aydın şəkildə izah etdik. Xüsusilə, şirkətlərin ilkin fəaliyyət səviyyəsindən və ekoloji statusundan asılı olmayaraq, transformasiya layihələrinin maliyyələşdirilməsi üçün kapital cəlb etmək məqsədilə Aİ taksonomiyasının, Aİ Yaşıl İstiqrazlar Standartının, meyarlar üzrə Qaydanın və digər alətlərimizin könüllü şəkildə necə tətbiq oluna biləcəyinə dair təlimatlar hazırladıq. Bununla investorlar üçün etibarlı mühitin yaradılmasına və transformasiya investisiyalarının bütövlüyünün təmin edilməsinə nail olmağa çalışırıq.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe