Caspian Energy (CE): Şərq Tərəfdaşlığı Aİ üçün nə deməkdir və Şərq Tərəfdaşlığı ölkələri ilə ticarət-iqtisadi əməkdaşlıq hansı səviyyədə genişlənib?
Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi: Adından da göründüyü kimi, bu, ilk növbədə, şərq qonşuları ilə Avropa İttifaqı arasında tərəfdaşlıqdır. Şərq Tərəfdaşlığı sıx əməkdaşlığa əsaslanan birgə siyasi təşəbbüsdür. Bu çərçivədə tərəfdaş ölkələrin vətəndaşları və iqtisadiyyatları üçün konkret üstünlüklər yaradır, həm region daxilində, həm də Aİ ilə siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə veririk.
Son 14 il ərzində bu Tərəfdaşlıq dayanıqlılığın gücləndirilməsi və ortaq dəyərlərimizin təşviqi baxımından uğurlu alətə çevrilib. Bundan əlavə, Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivlərinin tanınması, eləcə də Ukrayna və Moldovaya namizəd ölkə statusunun verilməsi bu təşəbbüsün həmin ölkələrin Aİ-yə yaxınlaşmasına verdiyi töhfəni təsdiqləyir.
Əminik ki, bu regional mexanizm genişlənmə siyasətimizlə birlikdə enerji təchizatından ərzaq təhlükəsizliyinə qədər mövcud problemlərin həllində təsirli və mühüm vasitə olaraq qalır. Şərq Tərəfdaşlığı hər iki tərəfin maraqları naminə Avropada və Şərq qonşuluğu regionunda sabitliyin, sülhün və rifahın təmin edilməsinə töhfə vermək üçün hələ də böyük potensiala malikdir.
17 milyard avro həcmində İqtisadi və İnvestisiya Planını da əhatə edən Şərq Tərəfdaşlığı vasitəsilə Aİ region iqtisadiyyatlarının şaxələndirilməsinə, investisiyaların cəlb olunmasına, iqtisadi artımın stimullaşdırılmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verir. Nəqliyyat və rəqəmsal əlaqəliliyi yaxşılaşdırmaqla, enerji təhlükəsizliyi və enerji səmərəliliyi infrastrukturunu inkişaf etdirməklə, eləcə də gənclərə investisiya yatırmaqla ticarət və biznes üçün daha geniş imkanlar yaradırıq.
Bundan əlavə, Aİ Ukrayna, Moldova və Gürcüstanla bağladığı Assosiasiya Sazişləri çərçivəsində həmin ölkələrlə Dərin və Hərtərəfli Azad Ticarət Zonalarının yaradılmasına dair sazişlər imzalayıb. Bunlar Aİ-nin dünyada imzaladığı ən iddialı sazişlər sırasındadır. Həmin sazişlər qarşılıqlı ticarətdə tariflərin və kvotaların əksəriyyətini aradan qaldırır, eyni zamanda bu ölkələrin dövlət satınalmaları, ərzaq və digər məhsulların təhlükəsizliyi kimi sahələrdə milli qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını nəzərdə tutur.
Azərbaycanla da sıx iqtisadi əlaqələrimizi dəstəkləyirik. Bu baxımdan, hazırda yenilənməsi ilə bağlı danışıqlar aparılan və ticarətin daha da genişləndirilməsinə yönəlmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi xüsusi əhəmiyyət daşıyır.
Bütün bunlar tərəfdaşlarımızın iqtisadiyyatlarının Aİ-nin vahid bazarına yaxınlaşmasına, region əhalisi üçün yeni iş yerlərinin yaradılmasına, iqtisadi artıma, innovasiyaların inkişafına və həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Son on il ərzində Aİ ilə Şərq Tərəfdaşlığı regionu arasında ticarət dövriyyəsi 20 faizdən çox artıb və hazırda Aİ dörd tərəfdaş ölkənin əsas ticarət tərəfdaşıdır.
Please login or subscribe to read the full article.
Login / Subscribe