Heç kimin inanmadığı meqalayihələrin tarixindən məqamlar
1990-cı illərin əvvəllərində, SSRİ-nin dağılmasından sonra Azərbaycanın mövcudluğu və dövlətçiliyinin gələcəyi ciddi sual altında idi. Ölkədə həm iqtisadi, həm də siyasi baxımdan dərin böhran hökm sürürdü. Buna görə də həyata keçirilməsi, inkişaf etdirilməsi və dünya bazarlarında mövqelər qazanması nəzərdə tutulan bütün layihələr onların ardıcıl icrası prosesində belə böyük şübhələrlə qarşılanırdı.
XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Respublikasının iqtisadiyyatı keçmiş Sovet İttifaqında uzun illər ərzində formalaşmış iqtisadi əlaqələrin pozulması və ağır maliyyə vəziyyəti səbəbindən iflic olmuşdu. Köhnə iqtisadi münasibətlər dağılmış, yeniləri isə hələ formalaşmamışdı.
Neft sənayesində istismar quyuları fondunun əhəmiyyətli hissəsi fəaliyyətsiz qalmış, istismar və kəşfiyyat qazmalarının həcmi azalmış, neft və qaz hasilatı xeyli aşağı düşmüşdü. Əvvəllər Sovet İttifaqının neft avadanlığına olan tələbatının 70 faizini təmin edən neft maşınqayırma zavodları da tam gücü ilə işləmirdi.
Beləliklə, Azərbaycanın neft sənayesinin bərpası, Xəzər dənizinin Azərbaycan sektorunun dərin sulu hissələrində aşkar edilmiş iri neft-qaz yataqlarının mənimsənilməsi və perspektivli strukturların kəşfiyyatı böyük həcmdə kapital qoyuluşu tələb edirdi. Neft və qaz hasilatında, o cümlədən dənizdə karbohidrogenlərin çıxarılmasında müasir texnika və texnologiyaların tətbiqi də zəruri idi. Bütün bunların reallaşdırılması neft sektoruna genişmiqyaslı xarici investisiyaların cəlb edilməsindən asılı idi.
1990-cı illərin əvvəllərindəki mürəkkəb və həlledici şəraitdə xalqın çağırışı ilə ikinci dəfə respublikaya rəhbərlik etməyə başlayan Heydər Əliyev "Siyasət və iqtisadiyyat bir-birini tamamlayır" prinsipini irəli sürdü və "Neft Azərbaycanın milli sərvətidir" şüarını elan etdi.
1994-cü il fevralın 4-də Heydər Əliyev Azərbaycanda neft işlənməsinin sürətləndirilməsi haqqında sərəncam imzaladı. O, neft və qaz hasilatının artırılmasını ölkədəki sosial-iqtisadi və ictimai-siyasi böhranın aradan qaldırılmasının əsas vasitələrindən biri kimi qiymətləndirirdi. Maliyyə resurslarının məhdudluğunu isə ölkəyə xarici kapitalın cəlb edilməsi üçün zəmin hesab edirdi.
Xarici şirkətlərlə neft sazişinin perspektivlərinin müzakirəsi, faktiki olaraq, sıfırdan başlamışdı. Lakin çətin və çoxmərhələli danışıqlardan sonra Azərbaycan Respublikasının maraqlarına tam cavab verən razılaşma əldə olundu. Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə bağlı uzun sürən mübahisələrin nəticəsini gözləmədən, 1994-cü il sentyabrın 20-də "Gülüstan" sarayında 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsinə dair tarixi sənəd imzalandı.
Dünyanın yeddi ölkəsini təmsil edən tərəflər Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərin sulu hissəsinin birgə işlənməsi və hasil edilən neftin pay bölgüsü haqqında sazişə imza atdılar. Sonradan bu sənəd tarixə əbədi olaraq "Əsrin müqaviləsi" adı ilə düşdü.
"Əsrin müqaviləsi" xarici şirkətlər üçün "açıq qapı" siyasətinin başlanğıcını qoydu. İlkin olaraq 2024-cü ilədək nəzərdə tutulan layihə çərçivəsində 511 milyon ton neft hasil edilməsi, bunun 253 milyon tonunun Azərbaycanın mülkiyyətinə keçməsi planlaşdırılırdı.
Sazişin müddəti 2024-cü ildə başa çatmalı idi. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda Azəri-Çıraq-Günəşli (AÇG) blokunun işlənməsi üzrə 2050-ci ilədək qüvvədə olacaq yeni müqavilə imzalandı.
Yeni müqaviləyə əsasən, layihənin operatoru olan Böyük Britaniyanın BP şirkətinin payı 30,37 faiz, SOCAR-ın payı 25 faiz, Macarıstanın MOL şirkətinin payı 9,57 faiz, ABŞ-nin ExxonMobil şirkətinin payı 6,79 faiz, Hindistanın ONGC şirkətinin payı 2,31 faiz, Yaponiyanın Inpex Corp. şirkətinin payı 9,31 faiz, ITOCHU Oil şirkətinin payı 3,65 faiz, Norveçin Equinor şirkətinin payı 7,27 faiz, Türkiyənin TPAO şirkətinin payı isə 5,73 faiz təşkil edir.
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Müqavilədə tərəflərin pay bölgüsü belə müəyyənləşdirilib: BP (operator) — 29,99 faiz, SOCAR — 21,02 faiz, "LUKOIL" — 19,99 faiz, NICO — 10 faiz, TPAO — 19 faiz. "Şahdəniz" yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.
2023-cü ilin fevralına olan məlumatlara əsasən, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun istismara verildiyi vaxtdan həmin ərazidən 570 milyon ton neft və 205 milyard kubmetr təbii qaz hasil edilib.
Hasil edilmiş neftin təxminən 60 faizi, yaxud 345 milyon tonu xarici bazarlarda satılıb. Bu isə ölkənin gələcək iqtisadi inkişafına təkan verib.
"Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycan daha 35 saziş bağlayıb. 1997-ci ildə ölkədə illik neft hasilatı cəmi 9 milyon ton təşkil edirdisə, "Əsrin müqaviləsi"nin həyata keçirilməsi nəticəsində hasilat 5,6 dəfə artaraq 2010-cu ildə 51 milyon tona çatıb.
İqtisadi baxımdan "Əsrin müqaviləsi" neft sənayesi ilə əlaqəli digər sahələrə daha böyük həcmdə investisiyaların yatırılması üçün imkanlar açdı. Azərbaycan müstəqil şəkildə valyuta ehtiyatları formalaşdırmaq və öz investisiya siyasətini həyata keçirmək imkanı qazandı. Ölkənin dünya birliyinə inteqrasiyası sürətləndi, beynəlxalq nüfuzu yüksəldi.
1993-cü ilədək Azərbaycanın iqtisadiyyatına xaricdən bir dollar belə investisiya daxil olmamışdı. 1994–2000-ci illərdə isə ölkədə 5,5 milyard dollar birbaşa xarici investisiya mənimsənildi. Bunun 3,3 milyard dolları, yaxud 60 faizi neft sektoruna, 2,2 milyard dolları isə infrastrukturun və iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldildi.
Azərbaycanda fəaliyyət göstərən birgə və tamamilə xarici kapitallı müəssisələr tərəfindən ölkə iqtisadiyyatına 1,8 milyard dollardan çox vəsait yatırıldı. Bu məbləğin təxminən üçdə biri neft sektoruna, 20,9 faizi tikintiyə, 17,4 faizi ticarət və xidmət sahələrinə, 23,9 faizi isə nəqliyyat və rabitənin inkişafına sərf olundu.
Heydər Əliyevin 1999-cu il dekabrın 29-da imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" fərman ölkədə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların etibarlı maliyyə təminatına çevrildi. Fondun fəaliyyətə başladığı vaxtdan onun hesabına 1 milyard ABŞ dollarından çox vəsait daxil oldu.
Dövlət Neft Fondunun məlumatına görə, 2001-ci ildən 2021-ci il avqustun 1-dək AÇG blokundan hasil edilən mənfəət neftinin satışından Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) ümumilikdə 152,308 milyard dollar daxil olub. "Şahdəniz" yatağından hasil edilən mənfəət qazının və kondensatın satışından 2007-ci ildən 2021-ci il avqustun 1-dək 3,738 milyard dollar, 2007-ci ildən 2022-ci il yanvarın 1-dək isə ümumilikdə 4,55 milyard dollar gəlir əldə edilib.
Həm karbohidrogen ehtiyatlarının həcminə, həm də yatırılan investisiyaların miqyasına görə "Əsrin müqaviləsi" dünyanın ən iri sazişləri sırasına daxil olub. 1994-cü il sentyabrın 20-də bu müqavilənin imzalanmasından sonra həmin tarix hər il peşə bayramı — Neftçilər Günü kimi qeyd olunur.