Dilinizi seçin

STATECRAFT
Avropa İttifaqına tamhüquqlu üzvlük strateji məqsədlərimizdən biridir
Şimali Makedoniya Respublikasının Baş naziri Dimitar Kovaçevski

Caspian Energy (CE): Cənab Baş nazir, bu gün Şimali Makedoniyanın iqtisadiyyatı hansı çətinliklərlə üzləşir? Hansı ölkələr əsas ticarət-iqtisadi tərəfdaşlarınız hesab olunur?
Şimali Makedoniya Respublikasının Baş naziri Dimitar Kovaçevski: Bütün dünya ölkələri kimi, Şimali Makedoniya da qlobal enerji böhranının yaratdığı fəsadların təsirlərinin azaldılmasına xüsusi diqqət yetirir.
Son üç il ərzində dünya iqtisadiyyatı ciddi çağırışlarla üzləşib. Şimali Makedoniya əsasən region ölkələri və Avropa dövlətləri ilə geniş ticarət əlaqələrinə malikdir. Bu səbəbdən qlobal iqtisadi proseslərin yaratdığı fəsadlar ölkəmizdən də yan keçmir.
Bu şəraitdə hökumət həm milli səviyyədə müstəqil tədbirlər həyata keçirir, həm də region ölkələri və Avropa İttifaqı ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif təşəbbüslər irəli sürür. Çünki mövcud böhranların yaratdığı çağırışların effektiv şəkildə aradan qaldırılması yalnız birgə səylər vasitəsilə mümkündür.
Qlobal miqyasda inflyasiya son bir neçə onilliklə müqayisədə ən yüksək səviyyəyə çatıb. Belə bir şəraitdə hökumət vaxtında zəruri tədbirlər gördü və heç kəsi dəstəksiz qoymayacağımıza dair öhdəlik götürdü. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının məlumatlarına əsasən, ÜDM-ə nisbətdə regionda ən böyük maliyyə dəstəyini təmin edən iki genişmiqyaslı böhran tədbirləri paketi çərçivəsində ümumilikdə 760 milyon avro vəsait yönəldildərək iqtisadiyyatı xilas etdik.

Biz dövlət vəsaitlərinin məsuliyyətli və səmərəli idarə olunmasına xüsusi önəm veririk. Dərin böhran şəraitinə baxmayaraq, əməkhaqlarının və pensiyaların artırılmasına, eləcə də həssas vəziyyətdə olan vətəndaşlara və şirkətlərə əhəmiyyətli dəstək göstərilməsinə nail olduq.
Rusiya-Ukrayna müharibəsi, eləcə də COVID-19 pandemiyasının uzunmüddətli təsirləri səbəbindən qeyri-müəyyənlik də yüksək olaraq qalır. İqtisadiyyatların böyük hissəsində artım tempi zəifləyir. Bizi narahat edən əsas məqam böhranın bu il (2023-cü il – red.) də davam edəcəyi və hətta daha böyük intensivliklə müşahidə olunacağı ilə bağlı gözləntilərdir. BVF-nin oktyabr proqnozlarına əsasən, 2023-cü ildə qlobal iqtisadi artımın tempi zəifləyərək cəmi 2,7 faiz təşkil edəcək. Xüsusilə Avropa iqtisadiyyatı ilə bağlı proqnozlar diqqət çəkir: burada artımın cəmi 0,7 faiz olacağı gözlənilir. Ən mühüm ticarət tərəfdaşımız olan Almaniya iqtisadiyyatının isə 0,3 faiz daralacağı proqnozlaşdırılır. Ən əhəmiyyətli ticarət tərəfdaşlarımız sırasında Almaniya, Böyük Britaniya, Yunanıstan, Bolqarıstan, Serbiya və Türkiyə yer alır.
2023-cü ildə dünyada və Avropa İttifaqında iqtisadi artımla bağlı gözləntilər 2001-ci ildən etibarən ən aşağı səviyyədədir. Yeganə istisnalar qlobal maliyyə böhranı dövrü və COVID-19 pandemiyasının başlanğıcıdır.
Qeyd etmək istərdim ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizdə iqtisadi artım sabit olaraq qalıb. 2022-ci ilin birinci yarısında iqtisadi artım 2,6 faiz təşkil edib. Mehmanxana, sənaye və kənd təsərrüfatı sektorlarında müsbət nəticələr əldə olunub, eyni zamanda, xərclər göstəricilərinə əsasən daxili tələbat artıb. Başqa sözlə, istehlak və ümumi investisiyalar yüksəlib.
Baza makroiqtisadi ssenariyə əsasən, 2023-cü ildə iqtisadi artımın 2,9 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. İqtisadi fəallığın artmasına daxili tələbat dəstək verəcək. İnflyasiyanın növbəti il (2023-cü il – red.) ərzində azalacağı gözlənilir, lakin beynəlxalq bazarlarda resurs və ərzaq qiymətləri yüksək olaraq qalacaq. Bu səbəbdən inflyasiyanın 7,1 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
Ortamüddətli proqnozlar isə fərqlidir. Baza ssenarisinə əsasən, 2023–2027-ci illərdə ölkəmizdə iqtisadi fəallığın orta artım tempi 4,6 faiz təşkil edəcək. 2025-ci ildən etibarən isə artımın 5 faiz səviyyəsində olacağı gözlənilir.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe