Dilinizi seçin

EVENT
2022-ci ilin sərgi mövsümünün yekunları

Azərbaycanda beynəlxalq ticarət sərgilərinin təşkilatçıları 2022-ci ilin yekunlarını açıqlayıblar. "Caspian Event Organisers" (CEO) və "Iteca Caspian" şirkətləri sahəvi dövlət qurumlarının dəstəyi ilə 14 illik ticarət-sənaye sərgisi, bir konfrans və bir forum təşkil ediblər. Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi "Caspian Agro" 15 illik yubileyini, "Caspian Power" və "Road&Traffic" sərgiləri isə 10 illik yubileylərini uğurla qeyd ediblər.

2022-ci ildə Bakıda keçirilən beynəlxalq sərgilər dünyanın 50 ölkəsindən təxminən 1500 şirkəti bir araya gətirib. Onlardan 700-dən çoxu xarici iştirakçı olub. Sərgiləri 66 285 peşəkar ziyarətçi izləyib. Bu göstərici 2021-ci illə müqayisədə iki dəfə, pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə isə 20% çoxdur.

2022-ci ilin ən əlamətdar hadisələrindən biri Bakı Enerji Həftəsi olub. Bu tədbir öz brendi altında üç böyük layihəni birləşdirib: 27-ci Xəzər Beynəlxalq "Neft və Qaz" Sərgisi, 10-cu yubiley Xəzər Beynəlxalq "Energetika və Bərpa Olunan Enerji" Sərgisi və Bakı Enerji Forumu. Enerji sektorunun 31 ölkəsindən 250-dən çox aparıcı şirkəti bu nüfuzlu tədbirdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində iştirak edib.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Bakı Enerji Həftəsinin iştirakçılarına və qonaqlarına təbrik məktubları ünvanlayıblar. Böyük Britaniyanın energetika nazirinin adından isə video-təbrik göndərilib.

Bakı Enerji Həftəsində bir sıra xarici ölkələrin yüksəkvəzifəli nümayəndələri də iştirak ediblər. Onların arasında Serbiya Respublikasının Baş nazirinin müavini, mədən sənayesi və energetika naziri; Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri; ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini; Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğunun baş direktoru; Rumıniya, Bolqarıstan və Qazaxıstanın energetika nazirləri; İran İslam Respublikasının neft naziri; Beynəlxalq Enerji Forumunun baş katibi; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi; İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini; İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyinin neft və qaz üzrə baş direktoru; Hindistan Respublikasının Energetika Nazirliyinin əlavə katibi; "Bulgarqaz EAD" şirkətinin İdarə Heyətinin üzvü və icraçı direktoru; TANAP Konsorsiumunun baş direktoru yer alıblar.

Bakı Enerji Həftəsinin təntənəli yekun mərasimi işğaldan azad edilmiş Qarabağ ərazisində — Şuşa şəhərində keçirilib. Burada Bakı Enerji Forumunun səyyar sessiyası təşkil olunub. Bu hadisə İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Şuşada enerji sahəsində keçirilən ilk beynəlxalq işgüzar tədbir olub. SOCAR-ın fəal dəstəyi ilə təşkil olunan səyyar sessiya çərçivəsində Azərbaycan və xarici şirkətlər, eləcə də qurumlar arasında yaşıl enerji sahəsində bir sıra beynəlxalq müqavilələr imzalanıb.

Sərgi mövsümünün digər mühüm hadisələrindən biri Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" olub. Sərgi Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra ilk dəfə keçirilib. Bu amil sərgiyə beynəlxalq marağın artmasına səbəb olub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 200-dən çox şirkət öz məhsul və xidmətlərini təqdim edib. Müvafiq hərbi qurumların rəhbərlərinin başçılıq etdiyi 33 xarici hərbi nümayəndə heyəti sərgini ziyarət edib. Azərbaycan Prezidenti də sərgiyə baş çəkərək yerli və xarici hərbi-sənaye komplekslərinin yeni məhsulları ilə tanış olub.

İkinci ildir ki, "Qarabağın Bərpası, Yenidən Qurulması və İnkişafı" adlı beynəlxalq "Rebuild Karabakh" sərgisi də uğurla keçirilib. Sərgi 27-ci Azərbaycan Beynəlxalq "Tikinti" Sərgisi "BakuBuild" və 14-cü Beynəlxalq "İstilik, Ventilyasiya, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Hovuzlar" Sərgisi "Aquatherm Baku" ilə eyni vaxtda başlayıb.

Azərbaycan Prezidenti "Rebuild Karabakh" və "BakuBuild" sərgilərinin iştirakçılarına və ziyarətçilərinə təbrik məktubu ünvanlayıb. Məktub sərgilərin rəsmi kataloqunda dərc olunub.

"Caspian Event Organisers" (CEO) və "Iteca Caspian" şirkətləri ötən il imzalanmış memorandum çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığı davam etdiriblər. Memoranduma əsasən, "Rebuild Karabakh" və "BakuBuild" sərgilərinin iştirakçısı olan şirkətlərin qeydiyyat haqlarının bir hissəsi Qarabağ Dirçəliş Fonduna köçürülüb. Fond azad edilmiş Azərbaycan torpaqlarının dirçəldilməsi işinə verdikləri töhfəyə görə sərgi təşkilatçılarına sertifikat təqdim edib.

"Baku Book Fair" Bakı Kitab Sərgisini təxminən 40 min nəfər ziyarət edib. Artıq beynəlxalq status qazanmış yarmarkada dünyanın 15 ölkəsindən şirkətlər iştirak ediblər.

Uzun müddət koronavirus pandemiyası ilə əlaqədar fasilədən sonra Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisi "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik Sənayesi Sərgisi "Beauty Azerbaijan" ənənəvi formatda keçirilib. Sərgilər Azərbaycan Respublikası TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəal iştirakı və dəstəyi ilə təşkil olunan zəngin işgüzar proqramla müşayiət edilib.

B2B görüşləri hər bir sərginin ayrılmaz hissəsinə çevrilib. 2022-ci ildə bu görüşlərdə 300-dən çox şirkət iştirak edib və ümumilikdə 545 beynəlxalq görüş keçirilib.

Sərgilərin uğurla təşkilində tərəfdaş və sponsorların da mühüm rolu olub. 2022-ci ildə sərgilərin sponsorları sırasında SOCAR, bp, "ACWA Power, Equinor", "Masdar", "INPEX", "Turkish Petroleum", "Baker Hughes", "Microsoft", "PASHA Bank", "TechnipFMC", "Tenaris", "TotalEnergies", "Uniper", "Azeri MI Drilling", "AZFEN", "Baku Steel Company", "Caspian Drilling", "Caspian Marine Services Limited", "Ernst & Young", "Global Energy Azerbaijan Management", "Tekfen", "Gubre.az", "Silo Construction", "PMD Group", "Holcim Azerbaijan", "Jadara Equipment & Defense Systems", "ASFAT", "Turkish Aerospace", "NB GROUP", "Zeytun Pharmaceuticals LLC", "AzeriMed və Referans Klinik & Laboratoriya" yer alıblar.

Bir sıra sərgilərin baş informasiya tərəfdaşı qismində "Caspian Energy International Media Group" çıxış edib.

2022-ci ildə "Iteca Caspian" və "Caspian Event Organisers" şirkətlərinin tərəfdaşları "Caspian Event Management", ICA Eurasia, GIMA, "Greenwich Travel Club" turizm operatoru, "Lilac" gül tərəfdaşı, rəsmi hotellər "Hilton Baku" və "Hyatt Regency", rəsmi stend qurucusu "AzExpoMontage", rəsmi yükdaşıma tərəfdaşı "Caspian Freight Services", uşaq zonası üzrə tərəfdaş isə "Bağçam" uşaq bağçaları şəbəkəsi olub.

Hazırda yeni sərgi mövsümünə hazırlıq işləri fəal şəkildə davam etdirilir. 2023-cü il Azərbaycanda Heydər Əliyev İli elan edilib. Bu mövzu qarşıdakı sərgi mövsümündə də öz əksini tapacaq və Ümummilli Liderin yubileyinə həsr olunmuş xüsusi tədbirlər keçiriləcək.

Sərgi mövsümü martın 11-də inkişaf xüsusiyyətləri olan şəxslər üçün nəzərdə tutulmuş 5-ci yubiley "Fərqli Fərdlər 2023" Konqresi ilə başlayacaq. Daha sonra pandemiyadan sonra ilk dəfə keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" Sərgisi "AITF" təşkil olunacaq.

Yaz aylarında ənənəvi "Caspian Agro", "Interfood Azerbaijan", "Caspian Oil and Gas", "Caspian Power" sərgiləri, Bakı Enerji Forumu və "Translogistica Caspian" tədbirləri də keçiriləcək. Ümumilikdə, 2023-cü ildə 17 sərgi layihəsinin təşkili planlaşdırılır.