Dilinizi seçin

CONSTRUCTION
Qarşıdakı illərdə ixrac bazarlarımızı genişləndirməyi planlaşdırırıq
Kartaş Ltd MMC-nin Baş direktoru Nəcməddin Taşbağ

Caspian Energy (CE): İşğaldan azad olunmuş ərazilərin bərpasını nəzərə alaraq, tikinti sektorunun inkişafını necə qiymətləndirirsiniz?
"Kartaş Ltd" MMC-nin baş direktoru Nəcməddin Taşbağ:
  Azərbaycanda tikinti sektoru uzun illərdir ki, sürətlə inkişaf edir. Bu dövr ərzində ölkədə infrastrukturun, eləcə də yaşayış və ictimai-sosial binaların tikintisi istiqamətində nəhəng həcmdə işlər görülmüşdür. Yeni yaşayış binalarına artan tələbatla yanaşı, mövcud binaların təmiri və yenidən qurulması istiqamətində də genişmiqyaslı işlər görülüb. Eyni zamanda, ölkənin bütün regionlarında, o cümlədən şəhərlərin abadlaşdırılması çərçivəsində yollar, körpülər və dəmir yolları inşa edilib. Bütün bu işlər Azərbaycanda tikinti və tikinti materialları sektorunun inkişafına təkan verib.
Nəhayət, 30 il ərzində işğal altında olmuş torpaqlarımız azad edildi və böyük tarixi Zəfər qazanıldı. Bu Zəfərin əsas qəhrəmanları Ali Baş Komandanımız və rəşadətli Ordumuzdur. Mən Zəfərimizi iki mərhələyə bölürəm. Birinci mərhələ artıq başa çatıb, çünki torpaqlarımız düşməndən azad edilib. İkinci mərhələ isə Qarabağın iqtisadi və sosial inkişafını əhatə edəcək.
Bu torpaqlarda bütün infrastruktur, yaşayış binaları və yaşayış məntəqələri işğal dövründə talan edilib və dağıdılıb. Hərbi Zəfərin əldə olunmasından dərhal sonra dövlət illər ərzində doğma torpaqlarından didərgin salınmış vətəndaşların öz yurdlarına qayıdışını təmin etmək məqsədilə böyük layihələrin həyata keçirilməsinə başlayıb. İlk növbədə nəqliyyat və enerji təchizatı layihələrinə start verilib. Bundan sonra isə yaşayış məntəqələrinin yenidən qurulması və bu torpaqlara qayıdan insanlar üçün iş yerlərinin yaradılması məqsədilə istehsal və sənaye müəssisələrinin yaradılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, artıq bir sıra layihələrin icrasına başlanılıb.
Bütün bu işləri nəzərə alaraq, göstərilən bu addımlar Azərbaycanda tikinti sektorunun qarşıdakı bir neçə il ərzində fəal inkişaf mərhələsinə qədəm qoyacağını sübut edir.  Başlanılmış layihələr çərçivəsində işğaldan azad olunmuş ərazilərə ilk dəfə səfər edərkən şahidi oldum ki, ermənilər bu torpaqların əsl sahibləri olmadıqlarını çox yaxşı bilirdilər. Məhz buna görə də hər şeyi dağıdıb qarət etmişdilər. Sonrakı səfərlərim isə qısa müddət ərzində nə qədər nəhəng həcmdə işlərin görüldüyünün şahidi olmağa imkan verdi.

CE: Tikinti materialları istehsal edərkən yerli xammaldan istifadə edirsiniz, yoxsa sadəcə idxal edirsiniz? Qarabağda aparılan bərpa işlərində şirkətin məhsul və xidmətlərindən istifadə olunurmu? Şirkət Qarabağda həyata keçirilən tədbirlərdə iştirak etmişdirmi?
Nəcməddin Taşbağ
: İstehsal etdiyimiz tikinti kimyəvilərinin çeşidi olduqca genişdir. Bu səbəbdən biz 100-dən çox müxtəlif növ xammaldan istifadə edirik. Ehtiyacımız olan xammalın analoqları daxili bazarda mövcud olarsa, onlardan istifadə edirik. Yerli istehsalda olmayanları isə müxtəlif ölkələrdən idxal edirik.
Məhsullarımız Qarabağda bərpa işləri başlayandan bəri bir çox layihələrdə istifadə olunub. Şirkətimiz uzun illərdir ki, beton qatqılarının istehsalı ilə məşğuldur və geniş təcrübə qazanmışdır. Bu, şirkətimizi bölgədə həyata keçirilən bütün infrastruktur layihələrinin ən böyük təchizatçısına çevirmişdir. Onların arasında Füzuli-Şuşa istiqamətində çəkilən dəmir yolları, avtomobil yolları və tunelləri, eləcə də Cəbrayıl-Qubadlı-Laçın istiqamətindəki magistralları xüsusi qeyd etmək lazımdır. Məhsullarımız Toğanalı-Kəlbəcər və Kəlbəcər-Laçın istiqamətində salınan avtomobil yollarında və tunellərdə istifadə olunur. Onlar həmçinin Şuşada bərpa və yenidən qurulan bir çox binalarda və abidələrdə də tətbiq edilib. Məhsullarımızın bir çoxu Qarabağda tikilmiş ilk yaşayış məntəqəsi olan Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsində də istifadə olunub. "Mr.Fix" beton və kimyəvi qatqıları, həmçinin təxminən 12 km uzunluğu ilə Avropada azsaylı tunellərdən biri olacaq Murovda tikilməkdə olan dağ tunelinin konstruksiyasında da istifadə olunur. 


CE: Rəhbər olaraq sizin üçün əsas uğur meyarı nədən ibarətdir və bu biznes sektorunun inkişafı istiqamətində dövlətin dəstəyindən hansı gözləntiləriniz var?
Nəcməddin Taşbağ
: Bizim uğurumuz ilk gündən bəri düzgün olanı etməyimizə əsaslanır. Bu, illər ərzində əsas meyarıma çevrilib. Əsas məqsədimiz yalnız məhsul satmaq deyil, həm də ən uyğun həlli təmin etməkdir. Bununla yanaşı, biz həmişə fəaliyyət göstərdiyimiz sektorun sürətli inkişafını izləmiş, bu inkişafa ayaq uydurmaq üçün bacarıqlarımızı və məhsullarımızı təkmilləşdirmişik. 
Ümumiyyətlə, dövlət dəstəyi təkcə məşğul olduğumuz sahədə deyil, bütün sektorlarda çox vacibdir. Xüsusilə istehsal sektorunda bu dəstəyin əhəmiyyəti getdikcə daha da artır. Biz 20 illik yerli istehsalçı kimi bu dəstəyi hiss etmişik. Son illərdə dövlət qeyri-neft sektorunun və istehsalın inkişafına daha çox diqqət ayırmağa başlayıb.

CE: Beynəlxalq bazarlara çıxmaq istiqamətində planlarınız varmı və məhsul və xidmətlərinizin xarici bazarlardakı rəqabət qabiliyyətini necə qiymətləndirirsiniz?

Nəcməddin Taşbağ: Biz artıq beynəlxalq bazarlarda fəaliyyət göstəririk. İstehsal etdiyimiz məhsulları Özbəkistana ixrac edirik. Bu ölkədə "Mr. Fix" məhsullarının satıldığı 60-dan çox satış nöqtəsi mövcuddur. Məhsullarımız yerli istehsal olan mallarla deyil, məhz Avropa, Rusiya və Türkiyədən həmin ölkəyə ixrac edilən məhsullarla rəqabət aparır. Məhsullarımızın beynəlxalq standartlara uyğun olması və keyfiyyət siyasətimiz beynəlxalq bazarlardakı rəqabət qabiliyyətimizi də artırır. Qarşıdakı illərdə ixrac bazarlarımızı genişləndirməyi planlaşdırırıq.

CE: Məhsul və xidmətləriniz ətraf mühitin təhlükəsizliyi və əməyin mühafizəsi ilə bağlı ən son standartlara cavab verirmi?
Nəcməddin Taşbağ
: Biz beynəlxalq standartların tələblərinə uyğun məhsullar istehsal edirik. Ekoloji təhlükəsizlik və əməyin mühafizəsi, şübhəsiz ki, bizim əsas prioritetimizdir. İstehsal etdiyimiz məhsulların kimyəvi tərkibli olduğunu nəzərə alaraq, son istehlakçı tərəfindən məhsulların saxlanılması, istifadəsi və sonrakı utilizasiyası qaydalarına əməl olunması da vacib şərtlərdəndir. Bu baxımdan şirkətimiz bununla bağlı bütün tələbləri yerinə yetirir, eləcə də müştəri və təchizatçıları müvafiq qaydada təlimatlandırır.