Caspian Energy (CE): Cənab nazir, Rumıniyanın Qara dəniz sektorunda neft və qaz hasilatı ilə bağlı planlarınız nədən ibarətdir? Rumıniyanın şelfi investisiya baxımından nə dərəcədə cəlbedicidir?
Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku: Cənub-Şərqi Avropa ölkələrindən danışarkən Rumıniya Aİ-nin ikinci ən böyük qaz istehsalçısı olmaqla, əlverişli mövqeyə malikdir. Bundan əlavə, Qara dənizin akvatoriyasında aşkarlanmış və həcmi 200 milyard kubmetr qiymətləndirilən əhəmiyyətli qaz ehtiyatlarından istifadə etməklə regionda xalis ixracatçı olmaq imkanımız var.
Qara dənizdəki "Neptun Deep" bloku təkcə Rumıniya üçün deyil, bütün region üçün unikal imkan yaradır. Mayın 3-də Rumıniyanın "ROMGAZ SA" şirkəti "ExxonMobil" tərəfindən buraxılmış və Qara dənizdəki "Neptun Deep" perimetri üzrə neft sazişində nəzərdə tutulan hüquq və öhdəliklərin 50 faizini təmsil edən bütün səhmlərin alqı-satqısı barədə müqavilə imzalayıb. Bu, təkcə Rumıniyanın deyil, bütün regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş nəhəng investisiyadır. Rumıniya bu layihənin reallığa çevrilməsi üçün bütün zəruri addımları atacaq.
Qiymətləndirmələrimizə görə, ehtiyatlarının təxminən 100 milyard kubmetr olduğu ehtimal edilən "Neptun Deep" blokunda ilk qaz hasilatına 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlanılacaq. Həmçinin ümid edirik ki, Qara dənizdə daha bir mühüm sahə olan "Midia" perimetrində son texniki sınaqlardan sonra hasilata iyunun sonunadək başlanılacaq və illik hasilat həcmi 1 milyard kubmetr təşkil edəcək.
Rumıniya Qara dənizdə regional enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan hasilat və paylama zonasında əlverişli mövqeyə malikdir. Buna görə də Qara dəniz ehtiyatlarının işlənməsi, eləcə də investisiyaların cəlb edilməsi və zəruri "nou-hau" və texnologiyalara malik şirkətlərlə əməkdaşlıq Rumıniya üçün prioritetdir.
Rumıniyanın dəniz iqtisadi zonası 22 min kvadratkilometri əhatə edir və dərinliyi 1000 metrdən çoxdur. Kommersiya məqsədləri üçün işlənə biləcək təbii qaz ehtiyatlarının əhəmiyyətli potensialını nəzərə alaraq, qarşıdakı illərdə Qara dənizin upstream sektoruna böyükmiqyaslı investisiyalar yatırılmalıdır.
Qeyd etmək istəyirəm ki, Rumıniya parlamenti Qara dənizdə və dərin yerüstü perimetrlərdə (3000 metrdən çox) təbii qazın kəşfiyyatı və hasilatı fəaliyyətini tənzimləyən şelf haqqında qanuna dəyişiklik və əlavələrin edilməsi barədə qanunu təsdiqləyib. Yeni hüquqi baza Rumıniya ərazisində kəşf edilmiş quru və dəniz yataqlarından təbii qaz hasilatı potensialını nəzərə almaqla, təbii qaz idxalından asılılığın azaldılması üçün faydalı alət yaradır.
Bundan əlavə, ölkədaxili qaz nəqli infrastrukturu mövcud hasilat həcmlərinin qəbulunu təmin edə bilər. Bununla yanaşı, hasilat həcmlərinin gözlənilən artımını qarşılamaq üçün əlavə investisiyalar yatırılacaq.
Lakin Qara dəniz yalnız karbohidrogenlərdən ibarət deyil. Bu region həmçinin Rumıniyanın istifadə etmək niyyətində olduğu dəniz külək enerjisi sahəsində əhəmiyyətli potensiala malikdir. Qeyd etmək vacibdir ki, Rumıniya bərpa olunan enerji sektoruna, eləcə də yaşıl enerji istehsal güclərinə investisiyalar üçün Milli Bərpa və Dayanıqlılıq Planı və Modernləşdirmə Fondu çərçivəsində vəsait əldə edir.
Please login or subscribe to read the full article.
Login / Subscribe