Caspian Energy (CE): Enerji daşıyıcılarının, xüsusilə qaz və elektrik enerjisinin qiymətlərinin yüksək olması nəqliyyat sektoruna necə təsir edib?
Avropa Komissiyasının nəqliyyat üzrə komissarı Adina Valean: Doğrudur, nəqliyyat sektoru enerji daşıyıcılarının qiymətlərinin artımından ən çox təsirlənən sahələrdən biridir. Bununla belə, təsirin miqyası müəyyən dərəcədə yanacaq xərclərinin əməkhaqqı, sığorta və texniki xidmət kimi digər xərclərlə müqayisədə ümumi məsrəflər strukturunda tutduğu paydan asılıdır. Dəniz nəqliyyatında yanacaq xərcləri, şübhəsiz ki, ən yüksək xərc maddəsidir, dəmir yolu nəqliyyatında isə bu göstərici daha aşağıdır. Avtomobil yükdaşımalarında yanacaq xərcləri əməkhaqqı ilə yanaşı əhəmiyyətli xərc maddəsi olaraq qalır, lakin onların ümumi xərclərdəki nisbəti ölkədən ölkəyə əhəmiyyətli dərəcədə dəyişir.
Unutmamalıyıq ki, COVID-19 pandemiyasının yaratdığı iqtisadi geriləmə nəticəsində qiymətlər kifayət qədər aşağı səviyyədən yüksəlməyə başlayıb. Buna görə də artımın miqyası bəzən olduğundan daha böyük görünür. Əslində, 2021-ci ilin birinci yarısında əhali üçün qaz və elektrik enerjisinin qiymətləri 2018-ci ilin ikinci yarısında qeydə alınan qiymətlərlə müqayisə edilə bilən səviyyədə idi.
Digər tərəfdən, keçmişdə enerji daşıyıcılarının qiymətlərinin artımla eyni sürətlə aşağı düşdüyü hallar da olub. Lakin hazırda iqlim dəyişmələri ilə mübarizənin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər qalıq yanacaqların qiymətlərinin uzun müddət yüksək səviyyədə qalmasına səbəb ola bilər. Bununla yanaşı, qiymətlərə təsir göstərən digər amilləri də nəzərə almaq lazımdır. Bunlara geosiyasi hadisələr, iqtisadiyyatın bərpası fonunda beynəlxalq tələbatın artması, bəzi ölkələrdə enerji qurğularına texniki xidmətin kifayət qədər aparılmaması, eləcə də COVID-19 pandemiyasının və iri miqyaslı qəzaların təchizat zəncirlərinə təsiri daxildir. Bir sözlə, daha yüksək enerji qiymətləri yeni reallığa çevrilə bilər.
Sənaye və ev təsərrüfatlarına təsirləri azaltmaq məqsədilə Avropa Komissiyası nəqliyyat şirkətləri üçün də faydalı olacaq qısamüddətli, ortamüddətli və uzunmüddətli tədbirlər paketini təqdim edib. Nəqliyyat sektorunda vəziyyətin yüngülləşdirilməsi məqsədilə müəyyən infrastrukturdan istifadəyə görə çıxış haqlarının tətbiqində çevik yanaşma kimi xüsusi tədbirlər də nəzərdə tutulub.
Lakin uzunmüddətli perspektivdə əsas həll yolu yalnız çirkləndirici yanacaq növlərindən asılılığın azaldılmasından keçir. Bu, təkcə iqlimin qorunması baxımından deyil, həm də innovativ investisiyaların stimullaşdırılması hesabına iqtisadi artımın dəstəklənməsi üçün vacibdir. Karbon kvotalarının qiymətinin artması artıq qalıq yanacaqlara əsaslanan enerji mənbələrinə investisiyalar üçün ciddi çəkindirici amilə çevrilib.
Komissiya daha təmiz yanacaq növlərinə keçidi dəstəkləmək məqsədilə karbon emissiyalarının qiymətləndirilməsinə dair bir sıra təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərə Emissiyaların Ticarəti Sisteminə daxil olan sahələrin genişləndirilməsi, səmərəli və ekoloji baxımdan təmiz yanacaq növləri üzrə minimum vergi dərəcəsinin azaldılması daxildir. Hazırda biz dayanıqlı alternativ yanacaq növlərinin və müvafiq olaraq bu yanacaqlardan istifadə edən nəqliyyat vasitələrinin tətbiqinin genişləndirilməsi ilə bağlı təkliflərimizi digər Aİ institutları ilə müzakirə etməyə də başlamışıq.
Please login or subscribe to read the full article.
Login / Subscribe