Dilinizi seçin

RATING
Azərbaycanın İqtisadi Rayonlarının Reytinqi (2021)

14 regionun reytinqi şərti olaraq 9 göstərici üzrə müəyyənləşdirilib. Bu göstəricilər arasında sosial-demoqrafik profil (hər bir regionun demoqrafik göstəriciləri, ümumi təhsil və ali təhsil müəssisələrinin sayı əsasında), sosial-iqtisadi vəziyyət (adambaşına düşən ümumi məhsul istehsalı, iqtisadi rayonların ümumi məhsul istehsalındakı payı, əhaliyə göstərilən maliyyə xidmətlərinin səviyyəsini əks etdirən bank filiallarının və bankomatların sayı əsasında), biznes mühiti (statistik vahidlərin sayı, əsas kapitala yönəldilən investisiyaların həcmi, sənaye parklarının və sənaye məhəllələrinin sayı) yer alır.
Bundan əlavə, nəqliyyat infrastrukturu göstəriciləri (hava limanlarının, dəmir yolu və avtovağzalların sayı, bərk örtüklü avtomobil yollarının uzunluğu), rahatlıq və yaşayış keyfiyyəti göstəriciləri, turizm sektorunun inkişafı üçün əlverişli baza yaradan qonaqpərvərlik və xidmət göstəriciləri (müxtəlif kateqoriyalı hotellərin sayı), eləcə də kənd təsərrüfatı sektoru (aqroparkların sayı, əkin sahələrinin həcmi, iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının sayı) də nəzərə alınıb.
Bütün bu göstəricilər bir-biri ilə sıx əlaqəlidir və 14 regionun hər birində inkişaf səviyyəsinin formalaşmasına və nəticələrinə birbaşa təsir göstərir.

Azərbaycanın ən sıx məskunlaşmış regionları, təbii ki, Bakı (2 milyon 302 min 432 nəfər), Lənkəran-Astara (957 956 nəfər) və Qarabağdır (907 128 nəfər). Onlardan sonra Mərkəzi Aran (742 475 nəfər) və Qazax-Tovuz (689 916 nəfər) gəlir. Şəki-Zagatala (632 207 nəfər) 6-cı, Gəncə-Daşkəsən (611 923 nəfər) 7-ci, Abşeron-Xızı (579 606 nəfər) isə bundan sonrakı yerdə qərarlaşıb. Quba-Xaçmaz (561 182 nəfər) 9-cu, Mil-Muğan (525 428 nəfər) 10-cu, Şirvan-Salyan (503 464 nəfər) 11-ci, Naxçıvan Muxtar Respublikası (462 715 nəfər) 12-ci, Şərqi Zangezur (344 598 nəfər) isə 13-cü yerdədir. Ən az əhalisi olan (seyraz məskunlaşmış) region isə Dağlıq Şirvandır (326 330 nəfər).

Aparılan araşdırmalar göstərib ki, Bakı istisna olmaqla, ən çox əhalisi olan region hər zaman ölkənin paytaxtına bənzər inkişaf göstəriciləri nümayiş etdirmir.
Azərbaycanda fəaliyyət göstərən 40 ali təhsil müəssisəsindən (ATM) 31-i Bakıda, 3-ü Gəncə-Daşkəsən iqtisadi rayonunda (əhalisinin sayına görə 7-ci yerdə), 2-si Naxçıvan iqtisadi rayonunda (əhalisinin sayına görə 12-ci yerdə), daha 2-si isə demoqrafik göstərici üzrə 8-ci yerdə qərarlaşan Abşeron-Xızı iqtisadi rayonunda yerləşir.
Ümumi təhsil müəssisələrinin (məktəblərin) ən çox olduğu iqtisadi rayon Lənkəran-Astara iqtisadi rayonudur (557 məktəb). Sonrakı yerləri Qarabağ (448) və Quba-Xaçmaz (417) iqtisadi rayonları tutur. Bakı isə yalnız 4-cü yerdədir (380 məktəb).
Ümumilikdə, ölkə üzrə 4 431 məktəb fəaliyyət göstərir.
Sosial-iqtisadi vəziyyət göstəriciləri bütün aspektlərdən ən əlverişli şəkildə Bakıda müşahidə olunur. İqtisadi rayonlar arasında adambaşına düşən ümumi məhsul istehsalının ən yüksək həcmi Abşeron-Xızı bölgəsinin payına düşür (adambaşına 6 866,9 manat; bu region ən sıx məskunlaşmış ərazi deyil və bu göstəriciyə görə 8-ci yerdə qərarlaşır). Bakıdan (19 954,1 manat) sonra üçüncü yerdə Naxçıvan (6 297,9 manat, əhali sayına görə 12-ci region) gəlir. Şirvan-Salyan isə böyük fərqlə dördüncü yerdədir (3 157,1 manat). Ən aşağı rəqəm isə 14-cü yeri tutan Şərqi Zəngəzurda qeydə alınıb (1 174,5 manat) – bu, Bakıdakı göstəricidən təxminən 15 dəfə, Naxçıvandakından isə bir neçə dəfə azdır. Əhali sayına görə üstünlük təşkil edən Abşeron-Xızı və Naxçıvan regionlarında adambaşına düşən ümumi məhsul istehsalı Bakıdakı göstəricidən üç dəfə azdır.