Dilinizi seçin

FINANCE
Biz əməkdaşlığa açığıq
Qazaxıstanın maliyyə naziri Alixan Smailov

Caspian Energy (CE): Cənab Smailov, Qazaxıstan və Azərbaycan həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən iri investisiya və tranzit layihələrinin həyata keçirilməsi istiqamətində fəal əməkdaşlıq edir. Bu gün hansı layihələrə daha çox tələbat var və qarşıdakı illərdə hansı layihələr aktual olacaq?
Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini, maliyyə naziri Alixan Smailov: İlk növbədə, Xəzər regionunun tranzit potensialına diqqət yetirmək lazımdır. Qazaxıstan tarixi Böyük İpək Yolunun marşrutu yenidən canlandıran və hazırda bir sıra ölkə və şirkətlərin maraqlarını təmsil edən və onları birləşdirən "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) Beynəlxalq Assosiasiyasının üzvüdür.
Assosiasiyanın Qazaxıstan tərəfindən təsisçiləri “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti" ASC və Aktau Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan tərəfindən "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Gürcüstan tərəfindən isə "Gürcüstan Dəmir Yolları" ASC və Batumi Dəniz Limanıdır.
Assosiasiyanın bütün üzvlərinin əlaqələndirilmiş qarşılıqlı fəaliyyət mexanizmi nəticəsində tariflərin səviyyəsi aşağı salınıb, tariflərin rəqabətqabiliyyətli səviyyədə saxlanılması istiqamətində davamlı iş aparılır, daşımaların texnoloji prosesi optimallaşdırılıb. Buraya yaranan problemlərin həlli, hovuzun yaradılması və digər tədbirlər daxildir.
TBNM üzrə yeni yüklərin cəlb edilməsi, o cümlədən Qazaxıstandan ixrac və Qazaxıstana idxal daşımalarının artırılması istiqamətində fasiləsiz marketinq işləri aparılır. TBNM marşrutu üzrə müntəzəm multimodal nəqliyyat xidməti təşkil edilib. Çin Xalq Respublikasından, Qazaxıstandan və Mərkəzi Asiya ölkələrindən yüklərin Batumi, Bakı və Poti limanlarına, daha sonra isə avtomobil və ya dəniz nəqliyyatı vasitəsilə Türkiyəyə çatdırılması təmin olunur.
Böyük nəqliyyat-logistika şirkətlərinin bu beynəlxalq dəhlizə marağının artdığı müşahidə edilir. Belə ki, cari ilin 25 iyununda Nur-Sultan şəhərində keçirilmiş ümumi yığıncağın qərarı ilə "Astık-Trans" ASC TBNM Assosiasiyasının assosiativ üzvü kimi qəbul edilib. Şirkətin əsas fəaliyyət istiqaməti ixtisaslaşdırılmış hərəkət heyətinin istismarı, taxılın daşınması üzrə nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsidir.
Bu multimodal xidmət çərçivəsində kompleks xidmətlərin göstərilməsinə tələbatın əhəmiyyətli dərəcədə artması ilə əlaqədar olaraq TBNM marşrutları üzrə Türkiyəyə, daha sonra isə Yaxın Şərq və Cənubi Avropa ölkələrinə daşımaların əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Xəzər regionundan danışarkən, əlbəttə ki, neft-qaz sektorunu, xüsusilə də neft-qaz kimyası istiqamətini qeyd etməmək mümkün deyil. Neft-qaz kimyası dünya iqtisadiyyatının ən mühüm sahələrindən biridir və Qazaxıstan iqtisadiyyatı üçün də böyük potensiala malikdir. Neft-kimya sənayesinə yatırılan hər 1 dollar ölkə iqtisadiyyatı üçün 2,3 dollar dəyərində iqtisadi nəticə yaradır (Eurostat, OECD, Dünya Bankı).
Qazaxıstan Respublikasının qaz-kimya sənayesinin inkişafı baxımından əsas rəqabət üstünlüyü dərin emal məhsullarının istehsalı üçün əlçatan karbohidrogen xammalının mövcudluğudur. Hazırda qaz-kimya sahəsində investisiya layihələri üçün əmtəə qazının qiymətlərinin müəyyənləşdirilməsi mexanizminin tətbiqinə dair qanun layihəsi hazırlanıb. Həmçinin xammalla təmin olunmasına ehtiyac duyulan investisiya layihələrinin seçilməsi üzrə dəqiq meyarların hazırlanması planlaşdırılır.
Hazırda Qazaxıstan Respublikasında neft-qaz kimyası sahəsində bir sıra iri layihələr həyata keçirilməkdədir. Məsələn, Atırau vilayətində illik gücü 500 min ton olan, dəyəri 2,6 milyard ABŞ dolları təşkil edən polipropilen istehsalı kompleksinin tikintisi aparılır. Tikintinin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Bundan əlavə, Atırau vilayətində illik istehsal gücü 1,25 milyon ton olan və ilkin dəyəri 6,5 milyard ABŞ dolları qiymətləndirilən polietilen istehsalı üzrə qaz-kimya kompleksinin tikintisi məsələsi də nəzərdən keçirilir.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe