Dilinizi seçin

ICT
Xəzərin statusuna dair Konvensiya nəqliyyat sahəsində əməkdaşlığı fəallaşdırmağa imkan verəcək
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə

Caspian Energy (CE): Cənab nazir, Xəzərin statusu məsələsinin həlli Azərbaycanın beynəlxalq layihələrinin həyata keçirilməsinə necə təsir göstərəcək?

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə: Məlum olduğu kimi, cari ilin avqust ayında Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin başçıları tərəfindən Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiya imzalanıb. Şübhəsiz ki, bu hadisə və gələcəkdə sənəddən irəli gələn tədbirlərin həyata keçirilməsi qarşılıqlı anlaşma şəraitində sahilyanı dövlətlər arasında əməkdaşlığın yeni müstəviyə keçməsini təmin edəcək, Azərbaycanın Xəzəryanı dövlətlərlə geostrateji, siyasi-iqtisadi və digər mühüm məsələlər üzrə sıx əlaqələrinin qurulmasına təsir göstərəcək, həmçinin mövcud problemlərin həllinə töhfə verəcək.

Qeyd etmək istərdim ki, Konvensiya ilə yanaşı, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Saziş də imzalanıb. Sazişin əsas məqsədi Xəzəryanı ölkələrin ərazilərində iri beynəlxalq nəqliyyat-logistika qovşaqlarının müəyyənləşdirilməsi, beynəlxalq daşımalar infrastrukturunun inkişaf etdirilməsi, Xəzər dənizindən digər dənizlərə və Dünya okeanına sərbəst çıxışın, eləcə də Saziş tərəflərinin limanlarına sərbəst daxilolma və çıxışın təmin edilməsidir. Bu da öz növbəsində Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da genişlənməsinə gətirib çıxaracaq.

CE: İnformasiya texnologiyalarının inkişafı ekosistemində Dövlət İnformasiya Texnologiyalarının İnkişafı Fondunun rolunu necə qiymətləndirərdiniz?

Ramin Quluzadə: Dövlət İnformasiya Texnologiyalarının İnkişafı Fondu altı il əvvəl Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılıb. Fond Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir və İKT sahəsində fəaliyyətin stimullaşdırılmasına, innovasiyaların tətbiqinə, eləcə də tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə maliyyə dəstəyi göstərir.

İndiyədək Fond fəaliyyət istiqamətlərinə uyğun olaraq keçirilən altı qrant müsabiqəsinin nəticələri əsasında 117 layihəni maliyyələşdirib.

Fond innovativ və tətbiqi elmi-texniki startap layihələrinin maliyyələşdirilməsinə böyük əhəmiyyət verir. Bununla yanaşı, İKT sahəsində fəaliyyət göstərən perspektivli və inkişaf etməkdə olan kiçik və orta sahibkarlıq subyektlərinin Fondun vəsaitləri hesabına güzəştli maliyyə resurslarından istifadə imkanlarını hər il genişləndirir. Hesab edirəm ki, ekosistemin əsas elementlərindən biri olan Fondun maliyyə mənbəyi və investor kimi rolu böyükdür.

CE: Azərbaycanda mobil operatorların tarif qiymətlərini artırması ilə bağlı nə deyə bilərsiniz? Buna görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsuliyyət daşıyırmı?

Ramin Quluzadə: Azərbaycanın telekommunikasiya bazarında üç mobil operator fəaliyyət göstərir. Beləliklə, artıq sağlam rəqabət mühiti formalaşıb ki, bu da xidmət tariflərinə müsbət təsir göstərir.

Eyni zamanda, qüvvədə olan qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası ölkəmizdə fəaliyyət göstərən mobil rabitə operatorlarının yalnız beynəlxalq danışıq tariflərini tənzimləyir. Bundan əlavə, Azərbaycan Respublikasının "Telekommunikasiya haqqında" Qanununun müvafiq maddəsinə əsasən, qanunvericilikdə başqa qaydalar nəzərdə tutulmadıqda, operatorlar telekommunikasiya xidmətlərinin tariflərini və ödəniş qaydalarını müstəqil müəyyən etmək hüququna malikdirlər.

Operatorların qiymət siyasəti bazarın xüsusiyyətləri, xərclərin səviyyəsi və rentabellik nəzərə alınmaqla sərbəst şəkildə müəyyən edilir. Tariflərin sərbəst müəyyənləşdirilməsi şəffaflıq, rəqabət və istehlakçıların rahatlığının təmin edilməsi prinsiplərinə əsaslanır.

Qeyd etmək istərdim ki, əhaliyə göstərilən mobil xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə fəaliyyət göstərən telekommunikasiya operatorlarına mütəmadi olaraq müvafiq tövsiyələr verir.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe