Dilinizi seçin

TRANSPORT
Bakı-Tbilisi-Qars dəmir yolu dünyanın 14 ölkəsini birləşdirir
Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan

Transxəzər Orta Dəhlizinin mühüm üstünlüklərindən biri Aralıq dənizi və Şimali Afrika ölkələrinə çıxış imkanının olmasıdır

Caspian Energy (CE): Cənab Arslan, Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin istismarı ilə bağlı planlar barədə məlumat verə bilərsinizmi?
Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan: Xəritədən də göründüyü kimi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Böyük Britaniya, Fransa, Belçika, Almaniya, Avstriya, Macarıstan, Serbiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Çinə çıxış imkanı yaradır.
Bu layihə Türkiyə, Azərbaycan və Gürcüstanın birgə səylərin və qəbul etdiyi qərarların nəticəsidir. 829 kilometrlik Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Transxəzər Orta Dəhlizinin əsas hissələrindən birinin tikintisi başa çatdırılıb.
Layihə üzrə işlər tikinti sahəsinin təsdiqlənməsindən sonra 4 may 2008-ci ildə başlayıb. Dəmir yolunun təməlqoyma mərasimi 24 iyul 2008-ci ildə Qarsda keçirilib və mərasimdə Türkiyə, Gürcüstan və Azərbaycanın dövlət başçıları iştirak ediblər.
Dəmir yolunun ümumi uzunluğu 829 kilometrdir. Bunun 504 kilometri Azərbaycan, 246 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir. Türkiyə ərazisindəki hissə tamamilə yeni inşa olunmuş dəmir yoludur. Gürcüstanda xəttin 29 kilometrlik hissəsi yeni tikilib, 155 kilometrlik hissəsi yenidən qurulub, 62 kilometrlik hissəsi isə mövcud dəmir yolunun əvvəlki xəttidir.
Azərbaycan və Gürcüstan ərazisindən keçən dəmir yollarında sovet dövrünün standartlarına uyğun 1520 millimetrlik rels ölçüsündən istifadə olunur. Türkiyənin dəmir yolları isə IRIS (International Railway Industry Standards) standartlarına uyğun olaraq 1435 millimetrlik rels ölçüsünə malikdir. Bu səbəbdən rels ölçülərinin fərqliliyinin aradan qaldırılması üçün Gürcüstanın Axalkalaki stansiyasında vaqonların təkər cütlərinin dəyişdirilməsi məntəqəsi yaradılıb.
Xətt istifadəyə verildikdən sonra ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşıması gözlənilir. 2034-cü ilin sonunadək dəmir yolunun daşıma qabiliyyətinin 3 milyon sərnişin və 17 milyon ton yükə çatdırılması nəzərdə tutulur. Daha uzunmüddətli perspektivdə isə bu göstəricinin 50 milyon tona qədər artırılması planlaşdırılır.
Bu xətt yükdaşımalar üçün böyük potensiala malikdir. Çinlə Avropa İttifaqı ölkələri arasında cənub və şimal dəhlizləri, o cümlədən dəniz nəqliyyatı vasitəsilə yükdaşımaların müddəti təxminən 45–62 gün təşkil edir. Eyni yük Orta Dəhliz vasitəsilə Avropa İttifaqı ölkələrinə daşındıqda isə bu müddət cəmi 12–15 günə qədər azalır.

Hədəf bazarımız tarixi İpək Yolu boyunca yerləşən bütün ölkələri əhatə edir. Bakı-Tbilisi-Qars layihəsinin əsas məqsədlərindən biri regionda yeni enerji dəhlizinin yaradılmasıdır. Bu xətt vasitəsilə Azərbaycanın neft-kimya məhsullarını dünyanın müxtəlif ölkələrinə çatdırmağı planlaşdırırıq.
Eyni zamanda hesab edirik ki, Türkiyənin MDB ölkələri — Türkmənistan, Özbəkistan və Qazaxıstanla hazırkı ticarətinin əhəmiyyətli hissəsi bu xəttə yönələ bilər.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe