Dilinizi seçin

CONSTRUCTION
“Neftqaztikinti” tresti – ölkə sərhədlərini aşan tikinti təcrübəsi

Nəhəng təcrübə və işgüzar imic

SOCAR-ın aparıcı struktur vahidi olaraq “Neftqaztikinti” tresti, demək olar ki, 70 illik zəngin tikinti təcrübəsi ilə Azərbaycanın neft-qaz sənayesinin tərəqqisi yolunda əvəzsiz xidmətlər göstərmişdir. Məhz bu nəhəng təcrübə qurumun müasir işgüzar imicini formalaşdırmışdır. 1949-cu ildən bəri Trestin göstərdiyi ardıcıl və uğurlu fəaliyyət ölkəmizin neft-qaz və energetika sənayesinin inkişafı ilə yanaşı, Azərbaycan təcrübəsinin xaricdə də tanınmasına səbəb olmuşdur. Bu gün ölkə daxilində və xaricində Trest bir çox istiqamətlərdə tikinti-təmir xidmətləri təqdim edir. Həmin xidmətlər sferası neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması və təmiri ilə bağlı bütün fəaliyyəti ehtiva edir. Qurum sualtı, yerüstü və yeraltı magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması xidmətlərini də göstərir. Eləcə də, belə xidmətlər sırasına dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının və neft rezervuarlarının tikintisi də daxildir. Bununla yanaşı, sənaye, mülki və sosial obyektlərin, yol və körpülərin tikintisi də həyata keçirilir.

Prinsip və dəyərlər

“Neftqaztikinti” tresti öz fəaliyyətində təhlükəsizlik, keyfiyyət, etimad və müasir yanaşmanı prioritet prinsiplər olaraq bəyan edib. Bu prinsip və dəyərlər Trest tərəfindən irəli sürülmüş və daim rəhbər tutulan politikasında əksini tapıb. Trestin başlıca məqsədi beynəlxalq tələblərə əsasən görülən hər bir işi daim təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirib sifarişçinin böyük etimadını qazanmaqdır. Bu səbəbdəndir ki, qurum 2002-ci ildən başlayaraq TSE-ISO-EN 9000, TSE-ISO-EN 14000, TSE ISG-OHSAS TS 18001 və 2009-cu ildə isə TS EN ISO/IEC 17025 beynəlxalq sertifikatlarına layiq görülüb.

Strateji layihələr və beynəlxalq əməkdaşlıq

Trest ötən uzun bir dövr ərzində tikinti sənayesinin etibarlı üzvünə çevrilməklə çoxsaylı strateji əhəmiyyətli layihələrin müəllifi kimi öz adını Azərbaycanın tikinti tarixinə həkk etdirmişdir. Bakı-Supsa neft kəmərinin inşası, Bakı Gəmiqayırma Zavodunun tikintisi kimi neçə-neçə layihələr əvəzolunmaz təcrübənin bəhrələri kimi bu gün regionun nəhəng tikinti layihələri sırasında sadalanır. Xəzər dənizindəki neft-qaz platformalarının bir çoxu, ölkədəki bir sıra mühüm strateji infrastruktur obyektləri, sərhəddən kənarda neft-qaz sənayesi ilə bağlı reallaşan mühüm tikinti-quraşdırma layihələri məhz “Neftqaztikinti” trestinin adı ilə bağlıdır. 2013-cü ildə dəyəri 266,5 milyon ABŞ dolları olan Bakı Gəmiqayırma Zavodunun inşası ilə yanaşı, Xəzər dənizindəki “Günəşli” yatağında 7 saylı Dərin Dəniz Özülünün (2015) və "Bulla-dəniz" yatağında 6 saylı Stasionar Dəniz Özülünün (2016) inşası son illərin mühüm strateji layihələri sırasında yer alır. Xəzər dənizindəki müxtəlif yataqlarda bir çox obyektlərin tikintisi, genişləndirilməsi və bərpası üzrə çoxsaylı layihələr də uğurla reallaşdırılıb. Podrat işləri proqramından əlavə, bir çox dövlət əhəmiyyətli obyektlərdə də tikinti və yenidənqurma işləri həyata keçirilib.

Trestin müxtəlif istiqamətlərdə göstərdiyi fəaliyyət təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. 2006-cı ildən bəri fəaliyyət göstərən Gürcüstan Nümayəndəliyi tərəfindən bu ölkədə neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi ilə bağlı bir sıra layihələr, həmçinin infrastruktur layihələri icra olunub.

Bununla yanaşı, Trest tərəfindən Saipem, “Heavy Crane FZE” şirkətinin Azərbaycandakı filialı, “Caspian Pipe Coatings” MMC, “Azfen” BM, İlk İnşaat Taahhüt Sanayi və Ticaret Ltd, Gürcüstan Bələdiyyə İnkişaf Fondu, “BOS Shelf” MMC və digər bu kimi beynəlxalq şirkətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri davam etdirilir.

Müasir texnologiyaların tətbiqi və kadr potensialı

Tikinti-quraşdırma proseslərində müasir yanaşmalar əsasında son texnologiyalar və metodların tətbiqi prioritet təşkil edir. Bu yanaşma öz növbəsində müvafiq işlərin tam keyfiyyətlə, rahat və operativ yerinə yetirilməsini təmin edir. İstehsalatda Almaniya, ABŞ, İtaliya, Hollandiya, Avstriya kimi inkişaf etmiş ölkələrin texnoloji avadanlıqları tətbiq olunur. Vurğulanmalıdır ki, “Neftqaztikinti” tresti ölkənin neft-qaz sənayesində bir ilkə imza atıb. Belə ki, boru kəmərlərinin tikintisi zamanı ilk dəfə olaraq yarımavtomat və avtomat qaynaq üsulu tətbiq edilməyə başlanılıb. Qaynaq işlərində bu kimi yeni texnologiyanın tətbiqi neft-qaz boru kəmərlərinin tikintisi zamanı maksimum keyfiyyətə, qaynaq materiallarının ərimə əmsalının yüksək olmasına səbəb olur.

Yüksək ixtisaslı kadr potensialı Trestin ən çətin və mürəkkəb layihələri uğurla reallaşdırmasını təmin edən əsas faktorlardan biridir. Trestin əmək personalına müxtəlif beynəlxalq sertifikat və dərəcələrə məxsus mütəxəssislər (xüsusən qaynaq mühəndisləri, qaynaqçılar, quraşdırıcılar və s.) daxildir. Eyni zamanda, peşə səviyyəsinin yüksəldilməsi məqsədilə mütəmadi şəkildə təlimlər keçirilir, bilik və bacarıqlar yoxlanılır.

Mükafatlar

“Neftqaztikinti” trestinin fəaliyyəti və əldə etdiyi nailiyyətlər nüfuzlu təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Trest 2010-cu ildə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Peşəkar və səmərəli fəaliyyətinə görə” Fəxri Fərmanla təltif edilib, həmçinin 2011-ci ildə “Azərbaycanda və ölkə xaricində həyata keçirilən beynəlxalq neft-qaz tikinti layihələrinin icrasında əldə etdiyi nailiyyətlərə görə” “Uğur” Milli Mükafatına layiq görülüb. “Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu” və “Caspian Energy International Media Group” tərəfindən 2012-ci ildə “İlin Neft və Qaz Tikinti Şirkəti”, 2014-cü ildə “Neft və Qaz Sektorunda İlin Tikinti Şirkəti”, 2015-ci ildə isə “Neft-qaz yataqlarının abadlaşdırılması sahəsində İlin Şirkəti” elan olunub.