Dilinizi seçin

ICT
Emissiyaları azaltmaq üçün bərpa olunan enerjidən istifadənin təşviqini getdikcə artırmışıq
İslandiyanın daxili işlər naziri Ölöf Nordal

Caspian Energy (CE): Xanım Nordal, hazırda dünya iqtisadiyyatının üzləşdiyi ən ciddi çağırışlar fonunda bu il İslandiyanın nəqliyyat sektoru və telekommunikasiya sənayesi üçün nə dərəcədə uğurlu olacaq?

İslandiyanın daxili işlər naziri Ölöf Nordal: İqtisadi yüksəliş dövründə infrastruktur üzrə dövlət xərcləri yüksək idi, çünki əhalisi seyrək məskunlaşmış ölkədə bələdiyyələri birləşdirmək üçün həyata keçirilməsi mümkün olan çoxsaylı layihələr gözləyirdi. 2008-ci ilin oktyabrında baş verən iqtisadi böhrandan sonra isə bəzi layihələrlə bağlı planlarımızı təxirə salmaq məcburiyyətində qaldıq, digərlərini isə, məsələn, İslandiyanın şimal və şərqində tunellərin tikintisini həyata keçirdik. Maliyyə imkanlarımız çərçivəsində səylərimizi mümkün qədər xidmətlərin göstərilməsi və texniki xidmət işlərinə yönəltdik.

Bu il gündəlikdə sürətlə artan turizmə uyğun olaraq nisbətən iri dörd layihə də var. Turizmin sürətli inkişafı nəticəsində dünyaya açılan əsas qapımız olan Keflavik hava limanı artıq özünü maliyyələşdirir, kruiz gəmiləri isə bəzi əsas limanlar üçün getdikcə daha çox gəlir mənbəyinə çevrilir.

Telekommunikasiya sektoru, ən seyrək məskunlaşmış ərazilərdə bazar çatışmazlığının olduğu bir neçə istisna hal nəzərə alınmaqla, bazarın tələbləri əsasında fəaliyyət göstərir. İslandiya internetə çıxış imkanlarına görə dünya liderlərindən biridir və əhalinin əksəriyyəti smartfonlardan istifadə edir. Bu da sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradır.

CE: Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən dərc olunan "İnformasiya Cəmiyyətinin Ölçülməsi 2014" hesabatında İslandiya İKT İnkişaf İndeksi üzrə aparıcı ölkələrdən biri kimi qiymətləndirilib. Ölkə bu yüksək göstəricilərə necə nail olub? Sizcə, əldə olunan nəticələri daha da yaxşılaşdırmaq üçün hazırda bu sektorda hansı maraqlı layihələr həyata keçirilir?

Ölöf Nordal: İslandiyanın İKT İnkişaf İndeksi üzrə aparıcı ölkələrdən birinə çevrilməsinə kömək edən bir neçə mühüm amil var. Cəmiyyətimiz kiçik və şəffafdır, iqtisadi və siyasi mühitimiz isə kifayət qədər sabitdir. Bu uğura görə, ilk növbədə, İslandiya xalqına minnətdar olmalıyıq. Belə ki, artıq əsrin əvvəllərində əksər evlərdə və iş yerlərində internetə çıxış mövcud idi. Burada, yəqin ki, ən mühüm amil yüksək təhsil səviyyəsi və "texnologiya mədəniyyəti" adlandıra biləcəyimiz yanaşmadır. Bu, vətəndaşların yeni texnologiyalara və gündəlik ünsiyyət, eləcə də xidmətlərə çıxış üçün informasiya texnologiyalarından istifadəyə maraqlı və həm vəsait, həm də vaxt sərf etməyə hazır olması deməkdir.

Hazırda diqqət bir neçə əsas istiqamətə yönəlib: dövlət və ya bələdiyyələr tərəfindən saxlanılan şəxsi xarakter daşımayan məlumat və fayllara açıq və asan çıxışın təmin edilməsi; ictimai məlumatların, internet saytlarının və İT sistemlərinin təhlükəsizliyinin artırılması; daha yüksək avtomatlaşdırma və ümumi səmərəliliyə, biznes və xidmətlərdə daha yüksək keyfiyyətə nail olmaq, eləcə də faydalı məlumatların birgə istifadəsini təmin etmək üçün informasiya texnologiyalarından yararlanmaq; şəffaf, səmərəli və açıq məsləhətləşmə prosedurlarının və açıq məsləhətləşmə portalının tətbiqi.

Bu, həm biznes müəssisələrinin, həm də geniş ictimaiyyətin siyasətin hazırlanması mərhələsində, eləcə də normativ aktların qəbul edilməsi və qərarların verilməsi zamanı öz fikirlərini asanlıqla ifadə edə bilməsini təmin etmək məqsədi daşıyır. Sonuncu, lakin heç də az əhəmiyyətli olmayan istiqamət isə fiziki şəxslərin və biznesin dövlət və bələdiyyə idarəçiliyi ilə bağlı məsələləri istənilən vaxt, istənilən yerdən və gecikmədən həll edə bilməsi üçün müasir elektron xidmətlərin inkişaf etdirilməsidir.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe