Dilinizi seçin

CONSTRUCTION
Bərpa olunan enerjinin payı 2050-ci ildə dünya üzrə enerji istehlakının 60 faizini təşkil etməlidir
Monako Knyazlığının mülki tikinti, ətraf mühitin mühafizəsi və şəhərsalma naziri Mari-Pyer Qramaqliya

Caspian Energy (CE): Xanım Qramaqliya, Monako Knyazlığının iqtisadiyyatı son onilliklərdə sürətlə inkişaf edib. Ətraf mühitin mühafizəsi sahəsində də eyni tendensiyanı müşahidə etmək olarmı? Monako bu istiqamətdə hansı layihələri həyata keçirir?
Monako Knyazlığının mülki tikinti, ətraf mühitin mühafizəsi və şəhərsalma naziri Mari-Pyer Qramaqliya: Monako 2 kvadratkilometr ərazisi, 37 min nəfər əhalisi və 55 min muzdlu işçisi olan şəhər-dövlətdir. Həmin işçilərin 40 mini ölkə hüdudlarından kənarda yaşayır. Knyazlıq bütün regionun əsas iqtisadi mərkəzidir. Eyni zamanda, yüksək həyat səviyyəsinə görə qiymətləndirilən və beynəlxalq nüfuza malik şəhərdir.
Əlahəzrət Şahzadə II Albertin təşəbbüsləri əsasında hökumət Knyazlıqda dayanıqlı inkişafı təşviq edir. Bu siyasət dörd əsas istiqamətə dayanır: təbii resursların idarə olunması; enerji və iqlim planının həyata keçirilməsi; ekoloji şəhərin inkişafına yönəlmiş tədbirlər; Monako cəmiyyətinin bütün üzvlərinin bu fəaliyyətə cəlb edilməsi.
Ölkəmizdə dayanıqlı inkişaf siyasəti çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilir. Bunlara bir neçə nümunə göstərmək olar: ictimai binalara tətbiq edilən Yüksək Ekoloji Keyfiyyət təşəbbüsü (istifadəçilərin rahatlığının və sağlamlığının yaxşılaşdırılması), bərpa olunan enerji mənbələrinin inkişafı və ekoloji nəqliyyat vasitələrinin istifadəsinə subsidiyaların ayrılması.
Aralıq dənizinin qorunması da prioritetlərimizdən biridir. Knyazlığın sahil resurslarının ekoloji idarə olunması siyasəti iki qorunan dəniz zonasının yaradılmasına əsaslanır.
Nəhayət, dövlətin ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması sahəsində həyata keçirdiyi tədbirlərə sahil sularının və havanın keyfiyyətinə nəzarət də daxildir. Bu nəzarət Avropa qaydalarına əsaslanan tövsiyə və standartlara uyğun şəkildə həyata keçirilir.