Dilinizi seçin

FINANCE
İspaniya bu gün digər avrozona ölkələrindən daha sürətlə inkişaf edir
İspaniyanın maliyyə və dövlət idarəetməsi naziri Kristobal Montoro

Caspian Energy (CE): Cənab nazir, hesab edirsinizmi ki, İspaniyada böhran artıq aradan qaldırılıb? Sosial sahə baxımından hansı nəticələri xüsusilə qeyd edərdiniz?
İspaniyanın maliyyə və dövlət idarəetməsi naziri Kristobal Montoro: Makroiqtisadi sabitləşmə və struktur islahatları proqramının həyata keçirilməsi nəticəsində İspaniyada iqtisadi artım bərpa olunub. Son iki il ərzində ölkə rəqabətqabiliyyətliliyini əhəmiyyətli dərəcədə artırıb, büdcə konsolidasiyası istiqamətində mühüm irəliləyiş əldə edib və makroiqtisadi sahədə mövcud disbalansların aradan qaldırılması üçün ciddi addımlar atıb.

Fiskal konsolidasiyaya gəldikdə, 2009-cu ildə rekord həddə – 11 faizə çatan büdcə kəsiri tədricən azaldılaraq 2014-cü ildə 5 faiz səviyyəsində müəyyən edilmiş hədəfə doğru irəliləyib. Yeni institusional mexanizmlərin tətbiqi, eləcə də regionlara və bələdiyyələrə şamil edilən büdcə məhdudiyyətlərinin müəyyənləşdirilməsi maliyyə məsuliyyətinin gücləndirilməsinə imkan verib.

Maliyyə intizamının gücləndirilməsi və bunun tədiyyə balansının cari hesabına təsiri xarici kəsirin aradan qaldırılması istiqamətində əsas düzəlişlərin həyata keçirilməsini təmin edib. Cari hesabın göstəricisi 2007-ci ildəki təxminən mənfi 10 faiz səviyyəsindən 2012-ci ildə ÜDM-in mənfi 1,2 faizinə qədər yaxşılaşıb. 2013-cü ildə isə cari hesab üzrə ÜDM-in 0,8 faizi həcmində profisit qeydə alınıb. Bu, 1987-ci ildən etibarən müşahidə olunmayan müsbət nəticə idi.

Xarici sektordakı disbalansların aradan qaldırılması istiqamətində əldə olunan nəticələr də diqqətəlayiqdir. Bütün daxili sektorların tədiyyə balansı kəsirlərinin məcmusu kimi formalaşan xarici kəsir 1997-ci ildən etibarən ilk dəfə olaraq dünyanın digər ölkələri ilə münasibətlərdə ölkənin mövqeyinin dəyişməsinə gətirib çıxarıb. Belə ki, İspaniya 2012-ci ildə borcalan ölkə mövqeyindən borcverən ölkə mövqeyinə keçib. Bu göstərici 2012-ci ildə ÜDM-in 0,1 faizi, 2013-cü ildə isə 2,1 faizi səviyyəsində olub. 2007-ci ildə ÜDM-in 9 faizi həcmində olan borclanma ehtiyacı ilə müqayisədə bazardakı bu düzəliş dünyada ən yüksək göstəricilərdən biri olub.

Bu proses maliyyə bazarlarına da müsbət təsir göstərib. İspaniyanın risk mükafatı göstəricisi 2012-ci ilin yayında maksimum səviyyəyə çatdıqdan sonra əhəmiyyətli dərəcədə azalıb.

Bazarların bu cür düzəlişi, ilk növbədə, iqtisadi siyasət kursuna sadiqliyin nümayiş etdirilməsi, 2012-ci ildə məcmu büdcə kəsirinin ilkin göstəricisinin korrektə edilməsi, eləcə də siyasi baxımdan əlverişsiz görünən qərarların belə bütün səviyyələrdə orta və uzunmüddətli üstünlüklər nəzərə alınmaqla qəbul edilməsi sayəsində mümkün olub. ÜDM-in azalması 2012-ci ildə 2,1 faiz, 2013-cü ildə isə 1,2 faiz təşkil edib. Bu düzəlişlər yaranmış vəziyyətdən çıxmaq, ölkənin beynəlxalq nüfuzunu bərpa etmək və kapital axınını yenidən təmin etmək baxımından qaçılmaz və zəruri idi.

Əslində, biz yalnız son dövrlərdə həyata keçirilən islahatların ilk ümidverici nəticələrini görməyə başlamışıq. Xərclərin azaldılması və gəlirlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər, struktur islahatları, eləcə də əmək bazarında aparılan dəyişikliklər real iqtisadiyyatda müsbət nəticələr verib və potensial ÜDM-in artımına müsbət təsir göstərib.

Əmək bazarı islahatı İspaniya iqtisadiyyatının qarşısında duran bir sıra əsas problemlərin həllinə yönəlib. Bunlara yüksək struktur işsizliyi, xüsusilə gənclər arasında işsizliyin yüksək səviyyəsi, əmək bazarının ikili strukturu, məşğulluğun yüksək qeyri-sabitliyi və rəqabətqabiliyyətliliyin artımını məhdudlaşdıran əməkhaqqı indeksləşdirilməsi mexanizmləri daxildir.

Məşğulluq, eləcə də törəmə və assosiasiya olunmuş müəssisələr 2014-cü ildə artım nümayiş etdirib. Belə ki, 2014-cü ilin sentyabrında illik artım 2,2 faiz təşkil edib. Bunun nəticəsində 2014-cü ildə işsizlik səviyyəsinin azalması prosesi də başlayıb. Bununla belə, işsizliyin azaldılması əsas problemlərdən biri olaraq qalır və iqtisadi siyasətin diqqət mərkəzində məhz bu məsələ dayanır.

İqtisadiyyatın artıq bərpa mərhələsinə qədəm qoyduğu bir şəraitdə perspektivlər ümidvericidir. Bundan əlavə, daxili tələbin dəstəyi hesabına ÜDM-in 2014-cü ildə 1,3 faiz, 2015-ci ildə isə 2,0 faiz artacağı gözlənilir. Proqnozlara əsasən, 2015-ci ildə istehlakın 2,1 faiz, investisiyaların isə 4,4 faiz artacağı nəzərdə tutulur.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe