Dilinizi seçin

OIL&GAS
Qiymət sabitliyi həm istehsalçılar, həm də istehlakçılar üçün ümumi məqsəd olmalıdır
OPEC-in baş katibi Abdullah Salem əl-Bədri

Caspian Energy (CE): Cənab əl-Bədri, OPEC artıq 53 ildir fəaliyyət göstərir və bu müddət ərzində əhəmiyyəti daha da artıb. Qarşıdakı onillikdə OPEC-in rolunu necə görürsünüz? Hansı qlobal amillər OPEC-in dünya bazarındakı təsirinin daha da artmasına kömək edəcək, hansılar isə buna mane olacaq?

OPEC-in baş katibi Abdullah Salem əl-Bədri: Qarşıdakı onillikdə OPEC-in rolundan danışarkən keçmişə nəzər salmaq bizim üçün vacibdir. OPEC 1960-cı ildə yaradıldığı gündən etibarən onun əsas məqsədi bazar sabitliyinin təmin edilməsi olub. Bu, təkcə OPEC üçün deyil, bütün maraqlı tərəflər üçün ən əlverişli bazar vəziyyətidir. Bu məqsəd təşkilatın gündəlik, həftəlik, aylıq və illik fəaliyyətində əsas prioritet olaraq qalacaq. Biz tələb və təklifin balanslaşdırıldığı sabit bazar formalaşdırmağa çalışarkən bazarları mütəmadi olaraq nəzərdən keçirəcək, dinamika və tendensiyaları izləyəcəyik. Bazar sabitliyi həyata keçirdiyimiz bütün fəaliyyətlərdə bizim üçün əsas rol oynayır.

Sualınızın ikinci hissəsində "təsir" terminindən istifadə etdiniz. Burada bir daha qeyd etmək istərdim ki, bizim nail olmaq istədiyimiz əsas təsir bazar sabitliyinin təmin edilməsidir. Bu baxımdan, düşünürəm ki, sualınızın bu hissəsinə ümumilikdə neft sənayesinin qarşısında duran qeyri-müəyyənliklər, çağırışlar və imkanlar baxımından yanaşmaq daha düzgün olar.

Tələb baxımından dünya iqtisadiyyatındakı vəziyyət narahatlıq doğurmaqda davam edir. Dünyanın dayanıqlı və sağlam iqtisadi artım tempinə qayıtması çox vacibdir.

2014-cü ildə 2013-cü illə müqayisədə yüksək iqtisadi artım müşahidə edirik, lakin əsas məsələ bu artımın davamlı olmasıdır. Sənaye "kağız neft bazarlarının" meydana çıxmasını və genişlənməsini, xüsusilə həddindən artıq spekulyasiya və qiymətlərin kəskin dəyişkənliyi ilə bağlı prosesləri davamlı şəkildə izləməlidir.

BMT iqlim dəyişmələri ilə bağlı məsələlər üzrə danışıqları davam etdirir və bunun enerji sektoruna göstərə biləcəyi təsir hələ də aydın deyil. Enerji strategiyaları həyata keçirilə bilən, proqnozlaşdırıla bilən və dayanıqlı olmalıdır. İstehsalçıların tələb perspektivi barədə daha aydın təsəvvürə malik olması, xüsusilə neftə qarşı ayrı-seçkilik yaradan strategiyaları daha yaxşı anlaması çox vacibdir. Əks halda, bu, investisiyalarla bağlı qeyri-müəyyənliyə, eləcə də gələcəkdə bazar qeyri-sabitliyinə səbəb ola bilər.

Sənaye xərclərinin artımının təsiri də müşahidə olunur. Texnoloji sahədəki irəliləyişlər bizə mümkün olanların sərhədlərini və sənayenin əhatə dairəsini genişləndirməyə imkan verir.

Bu, tam siyahı deyil, lakin qarşıdakı illərdə sənayenin qarşılaşacağı bəzi qeyri-müəyyənlikləri, çağırışları və imkanları göstərir.