Dilinizi seçin

CONSTRUCTION
"Caspian Service" beynəlxalq bazarlarda layihələrini inkişaf etdirir
"Caspian Service" MMC-nin Direktorlar Şurasının sədri Rəhim Sultanov

Caspian Energy (CE): Rəhbərlik etdiyiniz şirkətin Xəzər-Qara dəniz regionunun tikinti bazarındakı fəaliyyəti barədə məlumat verərdiniz.
"Caspian Service" MMC-nin Direktorlar Şurasının sədri Rəhim Sultanov: "Caspian Service" 2001-ci ildən fəaliyyət göstərən investisiya-tikinti şirkətidir. Fəaliyyətimizə Bakı şəhərində yaşayış binalarının inşası ilə başlamışıq. On iki illik fəaliyyətimiz ərzində şirkət tərəfindən 500 min kvadratmetrdən çox sahə tikilib. Hazırda isə təxminən eyni həcmdə sahəni əhatə edən layihələndirmə və tikinti işləri aparılır. Bu layihələrə yaşayış və ofis binaları, ticarət mərkəzləri, idman kompleksləri və tibb müəssisələri daxildir.
Biz beynəlxalq tikinti xidmətləri bazarına çıxan və Azərbaycandan kənarda tikinti işləri həyata keçirməyə başlayan ilk özəl Azərbaycan şirkətiyik.
2003-cü ildə Qazaxıstanın yeni paytaxtı Astanada törəmə şirkətimiz qeydiyyata alındı. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, biz iri beynəlxalq tikinti şirkətləri ilə bərabər səviyyədə yeni paytaxtın inşasında iştirak etmişik. Belə ki, şəhərin mərkəzi hissəsində artıq "Caspian Palace" yaşayış kompleksini və ona bitişik restoran kompleksini inşa etmişik. Yaşayış və restoran komplekslərinin ümumi sahəsi 90 min kvadratmetrdir. Yaşayış kompleksinə 255 mənzil, yeraltı avtomobil dayanacaqları, idman və uşaq oyun meydançaları daxildir. Binanın birinci mərtəbələri kommersiya obyektləri üçün nəzərdə tutulub. Ümumi sahəsi 45 min kvadratmetr olan daha bir yaşayış kompleksi layihəsi isə şəhər administrasiyası ilə razılaşdırılma mərhələsindədir.
Bundan əlavə, hələ 2007-ci ildə Aktau şəhərində ümumi sahəsi 20 min kvadratmetrdən çox olan bələdiyyə yaşayış binasını inşa edərək istismara vermişik. Hazırda həmin şəhərin mərkəzində ümumi sahəsi 35 min kvadratmetr olan "Xazar Palace" çoxfunksiyalı yaşayış kompleksinin tikintisi davam edir. Kompleksin bu il istismara verilməsi nəzərdə tutulur.
Qazaxıstanın tikinti bazarı ilə bağlı uzunmüddətli planlarımız var. Belə ki, Karaqanda şəhərində hər biri 16 mərtəbədən ibarət iki yaşayış binasının layihəsini hazırlamışıq. Layihə hazırda razılaşdırılma mərhələsindədir.
Xüsusilə qeyd etmək istərdim ki, ötən il Bakıda Qazaxıstan Respublikasının səfirlik kompleksinin layihələndirilməsi üzrə tenderin qalibi olmuşuq. Hazırda layihə həm Qazaxıstanda, həm də Azərbaycanda müvafiq qurumlarla bütün razılaşdırma mərhələlərini keçib.
Bildiyiniz kimi, Astanada EXPO-2017 beynəlxalq sərgisinin keçirilməsi planlaşdırılır. Bu, hətta Qazaxıstan kimi böyük ölkə üçün də miqyaslı layihədir. Biz də bu möhtəşəm tikinti layihəsində iştirak etmək qərarına gəlmişik.

CE: EXPO-2017 sərgisinə hazırlıq çərçivəsində şirkət hansı xidmətləri təklif edə bilər?
Rəhim Sultanov: Astanada artıq EXPO-2017 sərgisinin təşkili üzrə dövlət komitəsi yaradılıb. Yaxın vaxtlarda memarlarımızın sərgi obyektlərinin layihələndirilməsi üzrə xidmətlərimizi təklif etmək məqsədilə Astanaya səfəri planlaşdırılır. Biz sərgi başa çatdıqdan sonra da başqa məqsədlər üçün istifadə oluna biləcək çoxfunksiyalı obyektlər təklif etməyə çalışacağıq.

CE: Azərbaycan tikinti bazarının inkişafına hansı töhfəni vermisiniz?
Rəhim Sultanov: Paytaxtda tikinti işləri ilə yanaşı, regionlarda da fəaliyyət göstəririk. Belə ki, Gəncə şəhərində "Xan Evi" yaşayış kompleksini, Göyçay rayonunda "Chinarli" yaşayış binasını, Ağcabədi rayonunda isə Muğam Mərkəzini və digər obyektləri inşa etmişik. Hər bir layihənin hazırlanması zamanı memarlarımız regionların xüsusiyyətlərini və orada mövcud olan memarlıq ənənələrini nəzərə alıblar. Məsələn, qədim Gəncə şəhərində ənənəvi olaraq qırmızı kərpicdən istifadə olunub. Məhz buna görə də binamızın tərtibatında bu materiala üstünlük vermişik.

Lakin fəaliyyətimizdə xüsusi yeri Bakı tutur. Bildiyiniz kimi, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verən ilk neft bumu tikinti sahəsinin inkişafına təkan verib. Həmin dövrdə şəhərin mərkəzi hissəsində memarlıq inciləri ucaldılıb. Burada həm Azərbaycan memarları, həm də Avropanın ən böyük paytaxtlarından dəvət olunmuş memarlar çalışıblar. Şirkətimiz memarlıq dekorunun ənənələrini dirçəldib və itirilmiş memarlıq üslublarını yenidən bərpa etməklə Bakı memarlığının formalaşmış ənənələrini inkişaf etdirməyə davam edir.
Binaların üzlənməsində Bakı daşı olan "Gülbah"dan istifadə edilməsi "Caspian Service" obyektlərini fərqləndirən xüsusiyyətə çevrilib və şirkətimizin özünəməxsus üslubunun bir növ simvolu olub. Ənənə ilə müasirliyin vəhdəti o qədər maraqla qarşılanıb və populyarlıq qazanıb ki, bu yanaşma "Bakı memarlığı" adını alıb. Beləliklə, yaratdığımız bu üslub şirkətimizin vizit kartına çevrilib.

CE: Ötən ilin nəticələrini şirkət üçün necə qiymətləndirirsiniz?
Rəhim Sultanov: 2008-ci ildə başlayan qlobal böhran Azərbaycanın tikinti sektoruna da təsir göstərib. Bununla belə, əvvəlki illərlə müqayisədə 2012-ci il bizim üçün nisbətən uğurlu oldu. Ötən ilin sonu şirkətimiz üçün daha bir sevindirici hadisə ilə yadda qaldı: Azərbaycanda Ukrayna səfirliyinin binalar kompleksinin layihələndirilməsi üzrə tenderin qalibi olduq. Artıq inzibati bina, mədəniyyət mərkəzi və əməkdaşlar üçün yaşayış binasından ibarət səfirlik kompleksinin eskiz layihəsi hazırlanıb. Hazırda layihə Ukrayna Xarici İşlər Nazirliyinin təsdiqindədir.

CE: Hazırda şirkət Azərbaycanda hansı konkret layihələri həyata keçirir?
Rəhim Sultanov: Hazırda Bakı şəhərində və regionlarda yaşayış və inzibati binaların tikintisini davam etdiririk. Şirkətimiz cari ilin may ayında Biləsuvar Rayon İcra Hakimiyyətinin inzibati binasının, Heydər Əliyev Mərkəzinin və parkının, eləcə də Azərbaycan Milli Konservatoriyasının layihələrini başa çatdırmağı planlaşdırır.

CE: Qazaxıstandan başqa, hansı xarici bazarlarda fəaliyyət göstərirsiniz?
Rəhim Sultanov: Rusiya Federasiyasının Stavropol şəhərində cari ilin avqust ayında iki blokdan ibarət doqquzmərtəbəli yaşayış binasının tikintisini başa çatdırmaq planlaşdırılır. Hazırda obyektin fasadının üzlənməsi işləri aparılır.
Bundan əlavə, tezliklə azərbaycanlılar arasında yaxşı tanınan kurort şəhəri Yessentukidə tikinti işlərinə başlanılması nəzərdə tutulur. Üçmərtəbəli klub tipli yaşayış binası şəhər parkının və mineral bulaqların yaxınlığında yerləşəcək.

CE: 2001-ci ildən bəri həyata keçirdiyiniz layihələrdən hansıları şirkətinizin vizit kartı hesab edirsiniz?
Rəhim Sultanov: İnşa etdiyimiz hər bir binanı yüksək qiymətləndiririk. Bununla belə, bir neçə maraqlı layihəmizi xüsusi qeyd etmək istərdim. Bunlar "Nizami" kinoteatrının yaxınlığında, Bülbül prospektində inşa etdiyimiz ilk binamız, B. Sərdarov küçəsində, icra hakimiyyətinin yerləşdiyi ərazidəki binalar və, əlbəttə ki, Nizami metrosunun yaxınlığında, Z. Əhmədbəyov küçəsi 10 ünvanında yerləşən yaşayış binasıdır. Şirkətimizin ofisi də məhz həmin binada yerləşir.
Binalarımızın demək olar ki, hamısı klassik üslubda layihələndirilib və Azərbaycanın Əməkdar memarı Faiq Yüzbaşovun rəhbərlik etdiyi memarlar qrupunun yaradıcılıq işlərinin nəticəsidir.

CE: Şirkət binaların tikintisində hansı yeniliklərdən istifadə edir?
Rəhim Sultanov: "Caspian Service" dinamik inkişaf edən və yeni yaradıcı ideyalara açıq olan şirkətdir. Kollektivimiz tikintinin keyfiyyətinin yüksəldilməsi istiqamətində daim çalışır. Yeni materiallardan, bəzi hallarda isə çox bahalı materiallardan istifadə Bakı şəhərində tikinti sahəsinin bugünkü inkişafı üçün zəruridir.

Bu yaxınlarda Əzi Aslanov küçəsi, 103 ünvanında yerləşən yaşayış binasının üzlənməsini başa çatdırmışıq. İşlər zamanı İtaliyadan gətirilmiş travertindən istifadə olunub. Dünyaca məşhur Roma Kolizeyi də eramızın I əsrində məhz bu travertindən tikilib. Hazırda B. Sərdarov küçəsi, 14 ünvanında yerləşən ikinci binanı da eyni travertinlə üzləyirik. Bu layihədə "Gülbah" daşı ilə İtaliya travertininin birləşməsindən istifadə edirik. Bu yanaşma, şübhəsiz ki, bütün kompleksin memarlıq baxımından ahəngdarlığını vurğulayır.

CE: "Caspian Service" şirkətinin missiyası nədən ibarətdir?
Rəhim Sultanov: Fəaliyyətimizin müxtəlif illərində Azərbaycanda, Qazaxıstanda, Rusiyada və Böyük Britaniyada tikintidə müasir texnologiyaların tətbiqinə, şəhərsalmanın inkişafına verdiyimiz töhfəyə, tarixi-mədəni irsin qorunması istiqamətində fəal fəaliyyətimizə və şəhərsalma prosesinə milli koloritin gətirilməsinə görə çoxsaylı mükafatlara layiq görülmüşük.
Ötən ilin yekunlarına əsasən, Bakıda Qazaxıstan Respublikasının səfirlik kompleksinin layihəsinin hazırlanmasına görə "Beynəlxalq layihələr çərçivəsində innovativ memarlıq həlləri" nominasiyasında "Azeri Business Award-2012" mükafatını almışıq.
Beynəlxalq layihələrdə iştirak etməklə, fəaliyyət göstərdiyimiz ölkələrdə "Bakı memarlığı"nın və Azərbaycan mədəniyyətinin kiçik nümunələrini yaradırıq. Bununla da şirkətimiz Azərbaycanın digər ölkələrlə ticarət, iqtisadiyyat və mədəniyyət əlaqələrinin inkişafına öz töhfəsini verir.
"Caspian Service" kollektivi "Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına töhfəyə görə" nominasiyasında "Caspian Energy Integration Award-2013" mükafatına layiq görüldüyü xəbərini böyük sevinclə qarşılayıb.
Layihələrimizi həyata keçirərkən qarşımıza qoyduğumuz ən mühüm məqsəd insanlara rahatlıq və istilik bəxş edən məkanlar yaratmaqdır.