Dilinizi seçin

CONSTRUCTION
"TEKFEN CONSTRUCTION" Xəzər regionunda fəaliyyətini genişləndirir.

1956-cı ildə məsləhət və mühəndislik şirkəti kimi yaradılan, sonradan podratçılıq fəaliyyətinə keçən "Tekfen Construction" şirkəti "Tekfen Holding"in əsas bölməsidir.
Bu günədək "Tekfen Construction" ümumi dəyəri 9 milyard ABŞ dolları olan 300-dən çox layihəni həyata keçirib. Bu layihələrin 5 milyard ABŞ dolları dəyərində olan hissəsi Türkiyədən kənarda reallaşdırılıb.
Hazırda "Tekfen Construction" Türkiyənin aparıcı beynəlxalq podratçı şirkətlərindən biridir. ENR-nin 2011-ci il məlumatlarına əsasən, şirkət 225 ən böyük beynəlxalq podratçı şirkət arasında 88-ci yerdə qərarlaşıb. Şirkətdə 17 700 nəfər çalışır, sifarişlər portfelinin ümumi dəyəri isə 2,3 milyard ABŞ dolları təşkil edir.
"Tekfen Construction" üç qitədə yerləşən 10 ölkədə fəaliyyət göstərir. Türkiyədən əlavə, şirkətin fəaliyyəti üç əsas regionda — Xəzər regionunda, Yaxın Şərqdə və Şimali Afrikada cəmləşib. Şirkətin fəaliyyət coğrafiyasına Azərbaycan, Qazaxıstan, Türkmənistan, İraq, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Mərakeş daxildir.
Şirkət neft-qaz və neft-kimya obyektlərinin, boru kəmərlərinin, sahil və dəniz terminallarının, dənizdə yerləşən platformaların, rezervuar parklarının, neft emalı zavodlarının, nasos stansiyalarının, elektrik stansiyalarının, yolların, piyada keçidlərinin, körpülərin və tunellərin tikintisi, elektrik layihələri, avadanlıqların quraşdırılması, infrastruktur layihələri, texnoloji avadanlıqlar, kommersiya və texniki komplekslər, eləcə də iri idman komplekslərinin inşası üzrə ixtisaslaşıb. "Tekfen Construction" fəaliyyət göstərdiyi sahələrin əksəriyyətində sifarişçilərə EPC — layihələndirmə, satınalma və tikinti üzrə kompleks xidmətləri, yəni “açar təslim” layihələr təklif edir.
"Tekfen Construction" ilə yanaşı, "Tekfen Contracting Group"a mühəndislik, inspeksiya və məsləhət xidmətləri göstərən "Tekfen Engineering", həmçinin texnoloji avadanlıqların və saxlama çənlərinin istehsalı üzrə ixtisaslaşan "Tekfen Manufacturing" daxildir.
Keyfiyyətə, əməyin mühafizəsinə, sənaye təhlükəsizliyinə və ətraf mühitin qorunmasına verdiyi önəm, geniş təcrübəsi, layihələrin vaxtında icrası, biznes etikası və Avropa İttifaqı standartları ilə rəqabət apara bilən normalara riayət etməsi "Tekfen Construction"ı beynəlxalq podratçı şirkətlər üçün etibarlı tərəfdaşa çevirib.
"Tekfen Construction" sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və əməyin mühafizəsi sahəsində həyata keçirdiyi siyasət vasitəsilə müştərilərin, səhmdarların və ictimaiyyətin etimadını qazanmağa, sosial məsuliyyət öhdəliklərini dərk edərək fəaliyyət göstərməyə və dayanıqlı inkişafa töhfə verməyə çalışır.
"Tekfen Construction" iş şəraitində təlimlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. 2011-ci ildə ümumilikdə 43 077 216 nəfər-saat iş vaxtının 4 677 nəfər-saatı keyfiyyətə nəzarət metodlarının öyrədilməsinə, 508 555 nəfər-saatı isə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin qorunması üzrə təlimlərə sərf olunub. Başqa sözlə, ümumi iş vaxtının 1,2 faizi təlimlərə ayrılıb.
"Tekfen Construction" təlim keçmiş texniki və inzibati heyəti sayəsində həm beynəlxalq, həm də yerli podratçılıq sektorunda nüfuzunu gücləndirir. Şirkət keyfiyyətin idarə edilməsi sistemini tətbiq etməklə istehsalat qəzalarının sayını və fəaliyyətinin ətraf mühit üçün yaratdığı riskləri azaltmağa çalışır. Bu sistem ISO 9001:2008 keyfiyyətin idarə edilməsi, OHSAS 18001:2007 əməyin mühafizəsi və ISO 14001:2004 ətraf mühitin idarə edilməsi standartları ilə inteqrasiya olunub. Şirkətin əməkdaşları və idarəetmə sistemləri müstəqil təşkilatlar tərəfindən mütəmadi yoxlanılır, onların təkmilləşdirilməsi üçün proqramlar həyata keçirilir.

"Tekfen Construction" Azərbaycanda
1995-ci ildə ilk layihəsini həyata keçirdiyi vaxtdan indiyədək "Tekfen Construction" ümumi dəyəri 1,4 milyard ABŞ dolları olan bir sıra layihələri uğurla reallaşdırıb.
1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlıq çərçivəsində "Azfen" birgə müəssisəsinin yaradılması "Tekfen"in Xəzər regionunda, xüsusilə neft-qaz sənayesində uzunmüddətli münasibətlərinin və öhdəliklərinin mühüm mərhələsi hesab olunur.
Xəzər hövzəsində yerləşən zəngin neft-qaz ehtiyatlarının işlənməsi üzrə dünya səviyyəli layihələrdə 16 il ərzində sıx əməkdaşlıq və təcrübə mübadiləsi "Tekfen" və onun törəmə müəssisəsi "Azfen"ə yeni nailiyyətlər əldə etməyə, o cümlədən quruda və dənizdə terminalların və platformaların tikintisini həyata keçirməyə imkan verib. Azərbaycanda 16 illik fəaliyyət "Tekfen"ə korporativ mədəniyyətini nümayiş etdirmək imkanı yaradıb. Şirkət sosial məsuliyyətini dərk edərək ölkənin mədəni, ictimai və ekoloji xüsusiyyətlərinə hörmətlə yanaşır.
Dünya miqyasında rekord göstərici hesab olunan 33 762 037 nəfər-saatlıq qəzasız iş müddətini də xüsusi qeyd etmək lazımdır. Şirkət bu nəticəyə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsinin birinci, ikinci və üçüncü mərhələləri, eləcə də Səngəçal terminalının tikintisi zamanı nail olub. Bu göstərici "Tekfen"in iş keyfiyyətinin və əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması (ƏMTƏM) normalarına ciddi riayət etməsinin aydın sübutudur.

Azərbaycanda həyata keçirilən layihələr
Xəzər regionunda zəngin neft-qaz yataqlarının istismarı və ixracın artması ilə əlaqədar investisiyalar bu regiona yönəlməkdə davam edir. Buna görə də ərazi "Tekfen Construction" üçün strateji əhəmiyyət daşıyan bazardır. Şirkətin əhəmiyyətli təcrübə qazandığı bu sahədə yeni biznes imkanları yaranır.
“Şahdəniz” qaz ehtiyatlarının işlənməsi Azərbaycanın yaxın gələcək üçün planlaşdırdığı əsas layihələrdəndir. Yeni layihələr çərçivəsində iki yeni platformanın tikintisi, mövcud terminalın və boru kəmərinin gücünün artırılması nəzərdə tutulur. "Tekfen" bu layihələri "Azfen" birgə müəssisəsi ilə birlikdə həyata keçirməyi planlaşdırır.
Orta müddətli perspektivdə şirkətin əsas diqqəti Azərbaycan hökumətinin yeni neft emalı zavodunun və neft-kimya obyektlərinin tikintisi ilə bağlı investisiya planlarına yönəlib.
“Qərbi Çıraq” neft hasilatı platforması "Tekfen"in öz üzərinə götürdüyü iri layihələrdən biridir. Tikintisinə 2010-cu ildə başlanılan platforma 342 milyon ABŞ dolları dəyərində müqavilə əsasında "Azfen"-"Tekfen"-AMEC (ATA) konsorsiumu tərəfindən inşa edilir. Layihə hasilat gücünün artırılması məqsədilə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsinin üçüncü mərhələsinə yatırılan investisiyaların bir hissəsidir.
Hasilat avadanlıqları, qazma modulu və yaşayış blokları da daxil olmaqla, çəkisi 18 500 ton olan platforma hündürlüyü 170 metrə çatan dayaq blokları vasitəsilə dəniz dibinə bərkidiləcək. Tikinti, sınaq və istismara vermə işləri "Tekfen"in Bayıl qəsəbəsində yerləşən metal konstruksiyalar zavodunda həyata keçiriləcək.
"Tekfen Construction"ın digər mühüm və nüfuzlu layihələrindən biri SOCAR-ın yeni inzibati binasının tikintisidir. Binanın ümumi mərtəbə sahəsi 100 000 kvadratmetr olacaq. Hündürlüyü 200 metr olan 40 mərtəbəli binanın, eləcə də beşmərtəbəli əlavə korpusun — iki yeraltı və üç yerüstü mərtəbədən ibarət hissənin və yeraltı avtomobil dayanacağının tikintisinə 2010-cu ildə başlanılıb. Layihənin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

Gələcək perspektivlər

Azərbaycanın davamlı inkişafı zəngin neft və təbii qaz ehtiyatları hesabına davam edir. Ölkədə geniş infrastruktura və fəaliyyət təcrübəsinə malik "Tekfen", eləcə də onun "Azfen" birgə müəssisəsi üçün böyük biznes imkanları mövcuddur.
"Tekfen" “Şahdəniz” yatağının ikinci mərhələsinin — yatağın tammiqyaslı işlənməsinin inkişafını diqqətlə izləyir. Bu mərhələ Azərbaycandan Türkiyəyə və Avropaya böyük həcmdə qaz ixracına imkan verəcək. “Şahdəniz-2” layihəsi çərçivəsində qazın alınması və nəqli ilə bağlı Türkiyə və Azərbaycan arasında 25 oktyabr 2011-ci ildə imzalanmış saziş mühüm mərhələ olub.
Bundan əlavə, "Tekfen" Bakının yaxınlığında SOCAR tərəfindən layihələndirilməsi və həyata keçirilməsi nəzərdə tutulan yeni neft-kimya kompleksi kimi sənaye layihələrinə də böyük maraq göstərir. Kompleksə qaz emalı, neft emalı və neft-kimya zavodları daxil olacaq. Şirkət, həmçinin gübrə istehsalı zavodlarının, binaların və Olimpiya stadionunun tikintisi ilə də maraqlanır.

Yüksək korporativ məsuliyyət
"Tekfen" dayanıqlı inkişafın şirkətin fəaliyyətinin bütün sahələrində mühüm əhəmiyyət daşıdığını və buna yalnız cəmiyyətlə, eləcə də fəaliyyət göstərdiyi mühitlə əlaqələrin gücləndirilməsi yolu ilə nail olmağın mümkünlüyünü qəbul edir. Buna görə də cəmiyyət və ətraf mühitlə harmoniyada fəaliyyət göstərmək şirkətin əsas prinsiplərindən birinə çevrilib.
Sosial inkişaf və ətraf mühitin mühafizəsi məsələlərinə həssas yanaşan "Tekfen" cəmiyyətin rifahının yüksəldilməsinə xidmət edən layihələri dəstəkləyir və bu sahədə inkişafa töhfə vermək məqsədilə qeyri-hökumət təşkilatları ilə birgə layihələr həyata keçirir.
"Tekfen Holding"in korporativ prinsiplərinə uyğun olaraq, "Tekfen Construction" öz proqramı və prioritetləri çərçivəsində sosial məsuliyyət layihələrinə resurslar ayırır.
2003-cü ildə Səngəçal terminalının genişləndirilməsi layihəsində əldə etdiyi uğurlara görə "Tekfen"-"Azfen" BP şirkətinin “Helios Award” mükafatına layiq görülüb. “Təlimlər və işə qəbul vasitəsilə insan potensialının inkişafının təşviqi” nominasiyası üzrə verilən mükafat aşağıdakı təşəbbüslərə töhfəni əhatə edirdi:
- Fizika, kimya, biologiya və riyaziyyat müəllimlərinin iştirakı ilə gənclərin gələcək təhsilini dəstəkləmək məqsədilə ali məktəbəqədər hazırlıq proqramı;
- Tələbələrin təlimi, ənənəvi rəqslər, kompüter təhsili və kitabxanaların bərpası proqramları;
- Səngəçal qəsəbəsinin yaxınlığındakı üç yaşayış məntəqəsində yaradılmış informasiya mərkəzləri. Bu mərkəzlərin fəaliyyəti aşağıdakı istiqamətləri əhatə edirdi:
- Terminalın tikintisinin mərhələləri və işə qəbul proqramı barədə müvafiq məlumatların təqdim edilməsi;
- Təlimlərin keçirilməsi, mədəni-maarifləndirici tədbirlərin təşkili və proqramların həyata keçirilməsi;
- AÇG və “Şahdəniz” layihələri çərçivəsində "Tekfen"in xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri olan Aralıq dənizi tısbağalarının qorunması.

"Tekfen Construction"ın Azərbaycan-Türkiyə tərəfdaşlığının inkişafına verdiyi son töhfələrdən biri 1918-ci ildə Azərbaycanda həlak olmuş Qafqaz İslam Ordusunun türk əsgərlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Salyan şəhərində yeni hərbi memorialın inşası olub.
Hərbi memorialın açılış mərasimi 14 sentyabr 2012-ci ildə keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Hüseynov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Türkiyənin Bakıdakı hərbi attaşesi, general-mayor Yücel Karauz, "Tekfen Construction"ın vitse-prezidenti Levent Kafkaslı, "Tekfen"in Bakı ofisinin nümayəndəsi Turqay Çabalar və "Azfen"in baş direktoru Gürhan Ünal iştirak ediblər.

Tamamlanmış layihələr
1995-ci ildən başlayaraq "Tekfen Construction" Azərbaycanda aşağıdakı layihələri həyata keçirib:
- Səngəçal terminalında ilkin neft hasilatı layihəsi, elektromexaniki işlər və rezervuarların tikintisi;
- Qərb marşrutu üzrə boru kəmərinin Azərbaycanın ərazisindən keçən hissəsi;
- AÇG layihəsi çərçivəsində Səngəçal terminalının quruda yerləşən birinci, ikinci və üçüncü mərhələləri;
- “Şahdəniz” qazının ixracı layihəsi üzrə sahil terminalı;
- Kompressor və suvurucu platforma (C&WP);
- Təxminən 16 000 ton çəkisi olan texnoloji, kompressor və suvurucu platforma (PCWU);
- Abşeron yarımadasında yüksək təzyiqli qaz kəməri və müvafiq kompressor stansiyası.