Azərbaycanın tikinti sektoru kifayət qədər dinamik inkişaf edir. Son 10 il ərzində bu sahədə artım təxminən səkkiz dəfə olub. Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi tikinti sektorunun inkişafı üçün yeni perspektivlər açır. Ölkədə daxili və xarici investisiyalar hesabına regional əhəmiyyətli iri infrastruktur layihələri həyata keçirilir, müasir binalar inşa olunur, zəruri tikinti materialları və avadanlıqları istehsal edilir.
İnfrastruktur
Azərbaycanda həyata keçirilən tikinti və infrastruktur layihələri təkcə paytaxtın deyil, regionların da simasını dəyişib. Təkcə ilin birinci yarısında elmi, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin, eləcə də digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün investisiya xərclərindən 514,0 milyon manat vəsait sərf edilib.
Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal və meliorasiya infrastrukturunun tikintisi və yenidən qurulmasına 1 milyard 476,0 milyon manat yönəldilib. Bu məbləğin 405,0 milyon manatı yol-nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulmasına, 118,0 milyon manatı "2011–2015-ci illərdə Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramı"nın icrasına, 150,0 milyon manatı "2009–2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan qazlaşdırma tədbirlərinə ayrılıb.
Su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidən qurulması üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 154,0 milyon manat, torpaqların su təminatının yaxşılaşdırılması və meliorasiya tədbirlərinin həyata keçirilməsi üçün isə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə 156,0 milyon manat vəsait ayrılıb.
2012-ci ilin birinci yarısında əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 118,0 milyon manat sərf olunub. Bu məbləğin 29,0 milyon manatı ümumilikdə Arpaçay və Ordubad su elektrik stansiyalarının tikintisinə, 44,0 milyon manatı Naxçıvan şəhərinin və yeddi rayonun su təchizatı və kanalizasiya sisteminin yaradılmasına, 13,0 milyon manatı isə Naxçıvan–Culfa avtomobil yolunun yenidən qurulmasına yönəldilib.
Dövlət büdcəsindən ölkədə yol infrastrukturu, su təsərrüfatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastruktur sahələrinin tikintisi və yenidən qurulması üçün ayrılan investisiya xərcləri ilə yanaşı, Azərbaycan hökuməti xaricdən cəlb edilmiş kreditlər hesabına da 348,0 milyon manat vəsait xərcləyib.
İlin birinci yarısında Azərbaycan Prezidenti İlham Əliyevin Ehtiyat Fondundan bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi üçün 133,0 milyon manat ayrılıb. Son iki ildə kənd yollarının tikintisinə 215 milyon manat vəsait sərf olunub.
Dövlət başçısı bu yaxınlarda tibb müəssisələrinin tikintisi üçün Ehtiyat Fondundan əlavə olaraq 20 milyon manat ayırıb.
İyul ayında Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi və istismarı üzrə üçtərəfli Əlaqələndirmə Şurasının IV iclasının yekunlarına əsasən, Azərbaycan, Gürcüstan və Türkiyə texniki məsələlərin həllinin sürətləndirilməsi və dəmir yolunun 2014-cü ildə istismara verilməsinin təmin edilməsi barədə razılığa gəliblər. Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Binəli Yıldırım bildirib ki, dəmir yolunun tikintisini sürətləndirmək məqsədilə tərəflər yay mövsümündə tikinti işlərinin sutka ərzində fasiləsiz aparılması barədə razılığa gəliblər.
Yeni məcəllə
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ilin sentyabrında təsdiq etdiyi Şəhərsalma və Tikinti Məcəlləsi tikinti bazarında xüsusi canlanma yaradıb. Məcəllənin tətbiqi ilə bağlı normativ sənədlərin 3–6 ay ərzində hazırlanması nəzərdə tutulur.
Hökumətə üç ay ərzində qanunvericiliyin yeni məcəlləyə uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlamaq və öz normativ-hüquqi aktlarının da bu tələblərə uyğunlaşdırılmasını təmin etmək tapşırılıb. Nazirlər Kabinetinə, həmçinin, dörd ay ərzində Məcəllənin pozulmasına görə məsuliyyət növlərini, eləcə də tikinti layihələrinin ekspertizasını həyata keçirən qurumların yanlış rəyi nəticəsində tikinti obyektinə dəymiş zərərə görə mülki və inzibati məsuliyyəti müəyyən edən qanun layihələrini hazırlamaq və Prezidentə təqdim etmək tapşırılıb.
Sənəd dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizası və tikinti obyektlərinin sökülməsi qaydalarının layihələrinin hazırlanmasını və digər məsələləri də nəzərdə tutur.
Bundan sonra ölkə ərazisində hündürlüyü 12 mərtəbəyədək və ya 39 metrədək olan yaşayış binalarının karkas sistemləri ilə yanaşı, 16 mərtəbəyədək və ya 58 metrədək hündürlüyə malik binaların tikintisinə də icazə veriləcək. Bu zaman betonun möhkəmlik sinfi B25-dən aşağı olmamalıdır. Daha hündür binalar yalnız ixtisaslaşmış elmi-tədqiqat institutlarının tövsiyə etdiyi texniki şərtlər əsasında layihələndirilə bilər.
Bütün bu dəyişikliklər tikintidə istifadə olunan armatur və betonun miqdarının artmasına, nəticədə tikinti xərclərinin yüksəlməsinə səbəb olacaq. Bununla belə, nəzərdə tutulan tədbirlər yaşayış binalarının möhkəmliyini, uzunömürlülüyünü və təhlükəsizliyini artırmağa imkan verəcək.
Tikinti materialları bazarına da xüsusi diqqət yetirilib. Bir neçə il əvvəl Azərbaycanda sement istehsalı təxminən 1 milyon ton səviyyəsində idi. Tikinti işlərinin genişlənməsi və çoxsaylı sənaye müəssisələrinin yaradılması nəticəsində sementə tələbat ildən-ilə artırdı.
"Hazırda tələbat 3,3 milyon tondur. İstehsal ondan azdır, biz özümüzü təqribən 70 faiz təmin edirik. Ancaq icrada olan layihələr bir neçə ildən sonra Azərbaycanda sementin istehsalını 5 milyon tona çatdıracaqdır. Bu, təqribən 2014 -2015-ci illərdə olmalıdır. Beləliklə, biz bu sahədə həmin məhsula daxili tələbatımızı ödəyirik", – deyə Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında bildirib.
İnkişafın konseptual sxemi
Yay aylarında Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Böyük Bakının 2030-cu ilədək inkişafının proqnozlaşdırılan Konseptual Sxemini təqdim edib.
Komitənin məlumatına görə, 2030-cu ilədək Bakının ərazisi 213 min hektar, ona bitişik Sumqayıt şəhərinin ərazisi 8 min hektar, Abşeron rayonunun ərazisi isə 32 min hektar təşkil edəcək. Bununla yanaşı, Bakıda ümumi sahəsi 300 hektar olan sanatoriya-kurort zonalarının yaradılması nəzərdə tutulur. Bu zonalara, xüsusilə, Böyük Zirə (Nargin) və Qum adaları daxil ediləcək.
Dənizkənarı Milli Parkın (Bakı bulvarının) uzunluğu 33 kilometrə çatacaq. Park Bibiheybət qəsəbəsindən hazırkı Dövlət Bayrağı Meydanınadək olan sahilboyu ərazini, eləcə də Hökumət Evinin qarşısından Zığ qəsəbəsinədək olan sahəni əhatə edəcək.
Olimpiya idman-sağlamlıq obyektləri Böyükşor gölünün ətrafında 700 hektar ərazidə yerləşəcək. Ali təhsil müəssisələrinin kampusları üçün də 700 hektar, meşə-parklar üçün 1600 hektar, parklar üçün 500 hektar, mədəniyyət və istirahətə xidmət edən ictimai infrastruktur üçün 1550 hektar, yeni azmərtəbəli tikinti üçün 1400 hektar, beşmərtəbəli binalar üçün isə 1000 hektar sahə ayrılacaq.
Layihənin əsas məqsədi Böyük Bakıda, bunun əsasında isə Azərbaycanın digər şəhər və yaşayış məntəqələrində şəhərsalmanın səmərəli idarəetmə sistemini yaratmaqdır. Hazırda konseptual planın işlənməsi davam etdirilir. Oktyabrın sonunda ilkin vəziyyətin qiymətləndirilməsinin nəticələrini nəzərdən keçirmək üçün layihəyə Dünya Bankının nümayəndələrinin də qoşulması gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin, Bakıda dünya standartlarına cavab verən möhtəşəm su idman kompleksinin tikintisi haqqında sərəncam imzalayıb. Kompleks "Koroğlu" metro stansiyasının yaxınlığında, 5–6 hektar ərazidə inşa ediləcək, Avropa və dünya standartlarına uyğun olacaq və 2014–2015-ci illərdə istismara veriləcək.
Azərbaycan Təhsil Nazirliyi yeni dərs ilinin başlanmasına qədər 50 yeni məktəb binasının tikintisini başa çatdırıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də öz gəmiqayırma zavodunun inkişafı istiqamətində fəal işlərini davam etdirir.
Nəhayət, payızda MDB ölkələrindən olan ekspertlər paytaxtın möhtəşəm tikililəri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Belə ki, Bakıda MDB ölkələrinin tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın XXXIV iclası keçiriləcək.