Dilinizi seçin

ECOLOGY
Belçika Aİ-yə üzv dövlət kimi Avropa Yaşıl Sazişinin həyata keçirilməsinə fəal töhfə verir
Belçikanın mobillik, iqlim və ekoloji keçid naziri Jan-Lük Kryuk

Caspian Energy (CE): Qarşıdakı beş il ərzində Belçikanın federal hökumətinin ekoloji keçidin təşviqi istiqamətində əsas prioritetləri nələr olacaq? Xüsusilə də emissiyaların ən yüksək olduğu sektorlar üzrə hansı addımların atılması nəzərdə tutulur?

Belçikanın mobillik, iqlim və ekoloji keçid naziri Jan-Lük Kryuk: Əvvəlcə qeyd etmək istərdim ki, Belçika federal dövlət olduğundan ekoloji keçidlə bağlı məsələlər üzrə regional hökumətlər geniş səlahiyyətlərə malikdir. Federal səviyyədə isə biz dövriyyə iqtisadiyyatının inkişafında, biomüxtəlifliyin qorunması və bərpasında, norma və məhsulların, xüsusilə də kimyəvi maddələrin tənzimlənməsində, eləcə də iqlim dəyişmələrinin təsirlərinin azaldılması və onlara uyğunlaşma istiqamətində aparıcı rol oynayacağıq. Karbon emissiyalarının əsas mənbələrini enerji istehsalı, sənaye, binalar sektoru və nəqliyyat təşkil edir.

İlk növbədə, enerji sisteminin dekarbonizasiyası bərpa olunan enerji və digər karbonsuz enerji mənbələrinin tətbiqi hesabına artıq iyirmi ildir ki davam edir. Məqsədimiz, xüsusilə Şimal dənizinin strateji mövqeyi və coğrafi xüsusiyyətlərini nəzərə alaraq, bərpa olunan enerjinin, o cümlədən dənizdə külək enerjisinin istehsalını daha da inkişaf etdirməkdir.

İkincisi, son iyirmi il ərzində Avropa İttifaqının Emissiyaların Ticarəti Sistemi (Aİ ərazisində fəaliyyət göstərən karbon bazarı) çərçivəsində sənaye bazamız da mərhələli şəkildə dekarbonizasiya prosesindən keçir. Kiçik müəssisələrin dekarbonizasiyasını dəstəkləmək məqsədilə bu sistemin və onu tamamlayan tədbirlərin əhatə dairəsinin genişləndirilməsi zəruridir. Bu, təmiz texnologiyalara — sənaye proseslərinə, nəqliyyata və ya binalar sektoruna — investisiyaların stimullaşdırılması üçün vergi güzəştləri kimi müxtəlif alətlər vasitəsilə həyata keçirilə bilər.

Emissiyaların azaldılmasının çətin olduğu sahələr üçün bioyanacaq və bioloji mənşəli olmayan bərpa olunan yanacaqlar kimi alternativ aşağıkarbonlu yanacaq növlərinə ehtiyac olacaq. Biz hər iki istiqamətdə kompleks iş aparır, onların bütün sektorlarda mümkün tətbiq imkanlarını nəzərdən keçirir və enerji səmərəliliyi — tələbatın azaldılması, birbaşa elektrikləşdirmə və bu alternativ yanacaq növlərindən istifadə arasında balanslaşdırılmış yanaşma formalaşdırmağa çalışırıq. Eyni zamanda, dayanıqlılığın təmin edilməsi zərurətini, resursların məhdudluğunu və mövcud texnoloji imkanları nəzərə alırıq.

Belçikada əhalinin sıx məskunlaşması və bununla əlaqədar resursların məhdudluğu nəzərə alınaraq, bu yanacaq növlərinin, xüsusilə bərpa olunan hidrogen və onun törəmələrinin idxalı məsələsinə də ciddi yanaşmalıyıq.

Üçüncüsü, binalar sektoru enerji səmərəliliyinin əhəmiyyətli dərəcədə artırılması, enerji istehlakının azaldılması və əsasən bərpa olunan elektrik enerjisi hesabına bərpa olunan enerji mənbələrinə keçidin təmin edilməsi üçün genişmiqyaslı renovasiyadan keçməlidir. Bu sahədə səlahiyyətlərin əksəriyyəti regional səviyyədə olsa da, federal hökumət vergi stimulları vasitəsilə, eləcə də binaların həyat dövrü ərzində karbon izinin azaldılması məqsədilə aşağıkarbonlu materialların mərhələli şəkildə tətbiqi yolu ilə bina fondunun dekarbonizasiyasına dair regional strategiyaları dəstəkləyir. Belçikada tikinti materiallarının yüksək səviyyədə təkrar emalı da təmin olunur.
Qlobal miqyasda elektrikləşdirmə bütün sektorlar üçün əsas istiqamətlərdən biridir. Eyni zamanda, mövcud alternativlərə əsaslanaraq, qalıq yanacaqlardan mərhələli şəkildə imtina edilməsi də əsas prioritetlərimizdən biridir.