Bakıda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları”nın (AZAL) dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumu (AEF) işə başlayıb. Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm beynəlxalq tədbir 2025-ci il 13-15 may tarixlərində keçirilir.
Qafqaz və Xəzər dənizi regionunda ilk dəfə keçirilən AEF dünyanın aviasiya yanacağı icması üçün əsas sənaye görüşüdür. Bu, aviaşirkət nümayəndələrinə, yanacaq və Dayanıqlı Aviasiya Yanacağı (SAF) təchizatçılarına və IATA-nın digər strateji tərəfdaşlarına müasir aviasiyanın qarşısında duran enerji çağırışlarını müzakirə etmək və bu sahədə qlobal əməkdaşlığı gücləndirmək üçün unikal bir platformadır. Həmçinin bu platforma 2050-ci ilə qədər aviasiyanın sıfır CO2 emissiyası məqsədinə çatmaq üçün iş birliyi qurulmasına da imkan yaradır.
Forumda 60-dan çox ölkənin və 70-dən çox aviaşirkətin nümayəndələri, ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gəlib. 13-15 may tarixlərində AEF çərçivəsində bir sıra panel müzakirələr, həmçinin texniki və kommersiya mövzularına dair sessiyalar keçiriləcək. Bundan əlavə, iştirakçılar sərgi zonasında sponsorlarla görüşmək, innovativ yanaşmalarla tanış olmaq və yeni əməkdaşlıqlar qurmaq imkanı əldə edəcəklər.
Bu barədə “Caspian Energy Media” AZAL-a istinadən xəbər verir.
http://www.caspianenergy.media/index.php/ru/caspian-energy-media/item/9482-bak-da-iata-n-n-aviasiya-enerji-forumu-is-baslad#sigProGalleria8b403aceea