Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
İclasdan əvvəl energetika naziri Pərviz Şahbazovla Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomas arasında ikitərəfli görüş olub. Görüşdə iki ölkənin əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərə dair müzakirələr aparılıb. Sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər - Birləşmiş Krallığın xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomas və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.
Azərbaycanın 30-a yaxın dövlət qurumunun təmsil olunduğu iclasda 20-dən çox sahə üzrə görülmüş işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib. Enerji keçidi istiqaməti üzrə dənizdə külək, günəş enerjisi və hidrogen infrastrukturunun inkişafı da daxil olmaqla bərpa olunan enerji, şəbəkənin inkişafı, enerji səmərəliliyi, emissiyaların azaldılması və liberal elektrik enerjisi bazarına keçid kimi sahələrdə əməkdaşlıq edilməsi razılaşdırılıb.
İqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası üzrə Böyük Britaniya ilə maliyyə və peşəkar xidmətlər, texnologiya, süni intellektin tətbiqi, kiçik və orta sahibkarlıq fəaliyyətinin təşviqi, kibertəhlükəsizlik, elm və təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq imkanları dəyərləndirilərək, mümkün istiqamətlər müəyyənləşdirilib.
İnfrastrukturun inkişafı istiqamətində Orta Dəhlizdən istifadə, qarşılıqlı iqtisadi investisiya, tekstil sənayesi üçün ikitərəfli Ticarət və İnvestisiya Platformasının yaradılması imkanlarının müəyyənləşdirilməsi, su təsərrüfatı və tullantıların idarə edilməsi, nəqliyyat, aviasiya, rəqəmsal tikinti və mina təmizləmə sahələrində əməkdaşlıq nəzərdə tutulub. Tənzimləmə və biznes mühiti istiqamətində hər iki ölkədə şirkətlərin sayının artırılması, sənaye parkları və iqtisadi zonalarla, o cümlədən Ələt Azad İqtisadi Zona (AFEZ) ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bankçılıq, rəqəmsal inkişaf, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində, həmçinin ixrac məhsullarına icazələrin asanlaşdırılması üzrə əməkdaşlıq barədə razılıq əldə olunub. İkitərəfli iqtisadi əlaqələrin inkişafı üçün “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin imzalanmasının vacibliyi bildirilib. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.