Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Baxşı Sənəti Festivalı və tədbir çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu keçirilir. 26-28 aprel tarixlərini əhatə edən festival Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşır.
Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti festival və forumda iştirak edir. Festivalın açılış mərasimində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er, Qırğızıstan mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər rəsmilər, eləcə də 40-dan çox ölkədən 200-ə yaxın elm və mədəniyyət xadimi, ifaçılar iştirak edirlər. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək iki qardaş ölkə arasında əlaqələrin digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də bu gün intibah dövrünü yaşadığını bildirib.
Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.